Azərbaycanı hədələyən Rusiyaya Consonun şok cavabı... - Ekspert danışır

9-07-2022, 12:04           
Azərbaycanı hədələyən Rusiyaya Consonun şok cavabı... - Ekspert danışır
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Teref.az onunla müsahibəni təqdim edir:

- İngiltərə Baş naziri Boris Conson istefa verdi. Kiyevdə təəssüflə, Moskvada sevinclə qarşılanan bu qərar Londonun Rusiyaya münasibətini dəyişəcəkmi? Conson özünü Rusiyaya münasibətdə barışmaz mövqedə dayanan siyasətçi kimi göstərmişdi.

- Boris Conson artıq tarixə düşmüş adamdır. Bəlkə də onu demokratiya və demokratik dəyərlər uğrunda mübarizənin ilk şəhidi kimi qəbul etmək lazımdır. Təəssüf ki, Conson bu gün Avropada meydan sulayan rus mafiyası və Rusiyanın korrupsioner sistemi vasitəsilə öz partiyasının Qərb dəyərlərinə o qədər də sadiq olmayan üzvləri tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. O, Avropanı XVI-XVII əsrlərə qaytarmaq istəyənlərin qarşısını almaq üçün kifayət qədər güclü mübarizə apardı. Könül istərdi ki, bu xidmətlərini axıradək davam etdirməsi üçün şərait yaradılardı. Deməyə məcburam ki, Putinin Qərb dünyasındakı agentura şəbəkəsi vaxtilə SSRİ-nin daha güclü, daha rəngarəng metodlardan istifadə etdiyi casus şəbəkəsindən daha fəaldır. Onların istifadə etdikləri metodların içində rüşvət və korrupsiya əsas yeri tutur.

Təəssüf edirəm ki, belə bir demokratik mübariz adam rüşvət, korrupsiya və mafiya dairələrinin həmlələri qarşısında istefa verməyə məcbur oldu, yaxud məcbur edildi. Qərb bu adamın xidmətlərinin dəyərini bir az sonra verəcək. Sağlam vicdanlı insanlar həmişə belə bir adamın mafiya qüvvələri tərəfindən yıxılmasına təəssüflənəcəklər.

Putinin rüşvətxor və korrupsioner sisteminin Ukraynada hansı oyundan çıxdığını və bu ölkənin siyasi dairələrinin bəzi üzvlərini necə ələ aldığını duyurdum. Amma bu gün həmin dairələrin Avropada da at oynatdığını gördükdən sonra Boris Conson kimi adamların qurban getməsinə heyifislənirsən və onun partiyasından olan müəyyən dairələri qeyri-prinsipial, qeyri-etik davranışlarına görə pisləmək istəyirsən. Tarix həmişə belə şəxsiyyətlərə öz layiqli qiymətini verir.

- Consonun hakimiyyəti dönəmində İngiltərənin Azərbaycana marağının artdığını da gördük. Hətta 44 günlük müharibədə İngiltərədən Azərbaycana diplomatik dəstəyin verildiyi hələ də müzakirə mövzusudur. Bəs Consonun istefası İngiltərə-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

- Britaniya həmişə, ən azı neft sazişlərinin imzalanmasından sonra Azərbaycana dəstək verib. Bu ölkənin Azərbaycana dəstəyi həm 44 günlük müharibə dövründə, həm də bundan sonra açıq şəkildə özünü göstərdi. Xüsusən də son zamanlarda – Rusiyanın Azərbaycana təzyiqlərinin artdığı bir dövrdə bu dəstək daha qabarıq formada özünü büruzə verdi. Rusiyalı deputatın Azərbaycanın neft yataqlarının nüvə silahı ilə vurulması hədəsindən sonra Britaniyanın silahlı qüvvələr naziri Ceyms Həppinin Bakıya gəlməsi, burada “Britaniya Azərbaycanın yanındadır” mesajını verməsi qürurverici hadisəydi. Bunda Consonun xidmətləri şəksizdir. Üstəgəl, Azərbaycanın Qərb dünyası, xüsusən də Qərbi Avropa, Britaniyanın özü strateji müttəfiq olduğunu əyani şəkildə nümayiş etdirdi. Conson və komandasının mütərəqqi düşünən üzvləri yaxşı anlayırdılar ki, Azərbaycanın təkcə geosiyasi mövqeyi yox, həm də onun təbii sərvətləri Qərb dünyası üçün önəmli rol oynayır. Azərbaycan Qərbin mütərəqqi dəyərlərinin həyata keçirilməsi üçün kifayət qədər qüvvə və bacarıq sərf edir.

Ola bilər ki, yeni baş nazir Azərbaycanla o qədər də yaxından maraqlanmasın, amma hər halda Britaniya ilə Azərbaycanı bağlayan tellər qırılmazdır. Britaniyanın çoxsaylı şirkətlərinin, xüsusən də BP-nin ikitərəfli əlaqələrin inkişafında böyük rolları var. Bu telləri kimsə sarsıda bilməyəcək. Consonun yerinə keçəcək yeni baş nazir də Azərbaycanın bölgədə superdövlət, böyük güc və bu regionun düzənini müəyyənləşdirən qüvvə kimi önəmini nəzərə almaq məcburiyyətində qalacaq.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana səfər edəcək. Ərdoğan səfəri çərçivəsində 44 günlük müharibədən sonra Cənubi Qafqazdakı vəziyyət və “Altılıq” platformasının gələcək fəaliyyətini iranlı həmkarı İbrahim Rəisi ilə müzakirə edəcək. Bu baxımdan, Türkiyə liderinin səfəri bizə nə vəd edir?

- İran qeyri-sabit dövlətdir. Adama belə gəlir ki, İranın siyasi rəhbərləri müəyyən məsələlərə yanaşmada strateji düşünə, yaxud belə bir düşüncənin önəmini axıradək dəyərləndirə bilmir. İranın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərində enib-qalxmalar tez-tez müşahidə olunur. İran daxilində təbəqələşmiş və şovinizmə meyl edən bir qrup tez-tez anti-Azərbaycan və anti-Türkiyə ab-havanın yaranmasında müstəsna rol oynayır. Onun bu meyli İranın xarici siyasətinə də sirayət edir. Hər halda sonda sağlam düşüncə qələbə çalır. Başa düşülür ki, bölgənin taleyində Azərbaycan və Türkiyənin rolu danılmazdır. Həm bu, həm də türk dünyası faktoru hansısa addım atılarkən, mütləq nəzərə alınmalıdır.

Güman edirəm ki, Ərdoğan bu səfərində həmin dairələrlə bağlı ciddi işlər görə biləcək. Ola bilsin ki, onları içində olduqları qəflət yuxusundan oyanmağa məcbur edəcək, yaxud onları həm İslam dünyası, həm də bölgənin maraqlarına xidmət edən siyasətə döndərə biləcək.

Səfərdə gərgin məqamlar ola bilər. Amma səfərin nəticələrinin müsbət olacağını deyə bilərəm. Güman edirəm ki, səfərdə mən dediyim nəticələr əldə olunacaq.

- Sizə də məlum olduğu kimi, İran siyasətində iki qanad var: mühafizəkarlar və islahatçılar. İslahatçılar hakimiyyətdə olarkən Azərbaycana münasibətdə üzdə də olsa, etik normaları gözləsələr də, hazırda iqtidarda olan mühafizəkarlar, yaxud dini kəsim açıq qəzəb göstərir. Sizcə, bunun izahı necə ola bilər?

- Haqlısınız, “mühafizəkar” adlandırılan bu qanad təkcə Azərbaycana qarşı pislik etmir, ilk növbədə, öz xalqlarına qarşı pislik edir. Zənnimcə, bu qanad özünü tükətmiş, öz dövrünü keçirmiş, İran cəmiyyətində tərəqiyyə deyil, tənəzzülə xidmət edən bir qrupdur. Bu gün İranın blokadaya alınması, ona qarşı sərt sanksiyaların tətbiq edilməsi, qonşuları ilə, xüsusən də müsəlman və İslam dövlətləri ilə münasibətlərinin yaxşı olmaması, hətta bəzən qarşıdurma səviyyəsində olması öz günahlarıdır. Bunlar onların yürütdükləri uzaqgörməyən siyasətin nəticələridir.

Mənə elə gəlir ki, İran bir təbəddülat, yenilənmə ərəfəsindədir. Bu, İran xalqının tarix səhnəsinə daha gözəgəlimli şəkildə çıxmasına kömək edə bilər. Hər halda mühafizəkarların – dindar kəsimin yürütdüyü siyasət müasir dünyanın reallıqları ilə üst-üstə düşmür. İran ya bu xətdən imtina etməlidir, ya da tarix səhnəsindən getməlidir. Əlbəttə bu, İran xalqının işi və seçimidir. İran xalqının gec-tez bu seçimi edəcəyinə inanıram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.