“Lex”in baş məşqçisi: “Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb”
13-07-2022, 00:05
“Öncə “Qarabağ”ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram”.
“Report” xəbər verir ki, bunu Polşa “Lex”inin baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Ətraflı
56 yaşlı mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi:
“Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. “Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi”.
Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur:
“Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi”.
Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib:
“İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, “Qarabağ” çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər”.