“Neft ölkəsi olsaq da, premium markalı benzini xaricdən alırıq, niyə?” - AÇIQLAMA
13-07-2022, 15:20
“Neft ölkəsi olsaq da, premium markalı benzini xaricdən alırıq, niyə?”
“Qiymət artımı rəsmi əsaslandırmaya görə dünya bazarında neftin bahalaşmasından yaranan zərurət kimi qeyd olunsa da, bahalaşma bu dərəcədə olmamalı, birdən-birə 40 qəpik artırılmamalı idi”. TEREF xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Müsahibimiz bildirib ki, ölkə rəhbərliyi vətəndaşların narazılığını nəzərə alaraq əvvəlki illərdə olduğu kimi bir daha bu barədə göstəriş verə bilər:
“Təəssüf ki, premuim markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən alınır. Həmişə əsaslandırırlar ki, xaricdə yanacağın qiyməti bahalaşıb, ona görə premium bahalaşacaq. Amma xaricdə yanacaq ucuzlaşanda bizdə qiymət enmir. Bir-iki dəfə 20 qəpik qaldırıb 10 qəpik ucuzlaşdırıblar, lakin son dövrlərdə bu, ümumiyyətlə baş verməyib, təkcə artımlar qeydə alınıb. Azərbaycan avtomobil istehsalçısı deyil, bu sənaye o səviyyədə inkişaf etməyib. Biz uzun illərdir, avtomobil parkının yenilənməsi üçün insanlara şərait yaradılmalı, müasir avtomobillərə keçid edilməli olduğu barədə danışırıq. Sadəcə olaraq imkan vermək əvəzinə, məhdudiyyətlər tətbiq edirlər. Bir ara gömrük rüsumlarının əlavə dəyər vergisini, aksis vergisini artırdılar. Bu proses daha çox 2017-ci ildən sonra baş verdi. Sonra benzinin qiymətini artırmağa başladılar. Yəni bu, çıxış yolu deyil – avtomobilləşmənin, tıxacın qarşısını almaq üçün bu variantlar keçərli deyil”.
Ekspert əlavə edib ki, əlinə imkan düşən adamlar onsuz da avtomobil alır:
“İctimai nəqliyyatı inkişaf etdirmək lazımdır ki, insanlar könüllü şəkildə avtomobildən imtina etsin. Bizdə ictimai nəqliyyat da bərbad vəziyyətdədir axı. Bakıda BNA-nın qurduğu sistem artıq dağılmaq üzrədir. Bir tərəfdən də yanacağın qiyməti qaldırılır ki, fərdi avtomobillər alınmasın. Bu camaat nə etsin, işlərinə necə getsinlər? Yol şəbəkəsi zəifdir, yolları genişləndirə bilmirlər, problem çox böyükdür. Metro və avtobusdan başqa bizim ictimai nəqliyyatımız yoxdur. Tramvay , trollebus, metrobus – heç biri mövcud deyil. Metro özü də məhdud ərazidədir, şaxələndirə, yeni stansiyaların sayını tez-tez artıra bilmirlər. Bu qədər problemin içində yanacağın qiymətini bu dərəcədə artıqmaq düzgün deyildi. Azərbaycan neft ölkəsi olsa da, premium markalı benzinlə bağlı başqalarından asılıyıq, niyə? İndiyə kimi niyə zavodumuz olmadı, özümüz istehsal edə bilmədik? Məmurların əlinə pul düşən kimi xaricə daşıyırlar. Burada fabrik qurardılar, benzini istehsal edib ucuz qiymətə satardılar. Amma görünür, kimlərində marağındadır ki, qoy benzin, bizə xaricdən gəlsin. Bəlkə də kimsə burdan xam nefti aparır, xaricdə öz şirkətində istehsal edir, yenidən Azərbaycana satır – bizimkilərdən hər şey gözləmək olar”.