“Paşinyan Putinin razılığından sonra Ərdoğanı təbrik etdi” - SABİQ NAZİR: “İranın mövqeyinin dəyişməsi gözləniləndir..."

14-07-2022, 10:09           
“Paşinyan Putinin razılığından sonra Ərdoğanı təbrik etdi” -
Böyük qonşularımız - Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iyulun 19-da güney qonşumuz İrana səfər edəcəklər. Yayılan məlumatlara görə, Tehranda Ərdoğanla Putinin ikitərəfli görüşü olacaq. Həmçinin İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Ərdoğanın üçtərəfli görüşü planlaşdırılıb.

“Həm regionda, həm də dünyada mövcud olan mürəkkəb vəziyyətin fonunda Türkiyə, Rusiya və İran liderləri hansı məsələlər ətrafında razılığa gələ bilərlər” - sualı hazırda olduqca aktualdır. Tehran görüşü 1943-cü ilin Tehran konfransını da xatırladır. Hər halda, sıradan bir görüş olmayacaq. Aydındır ki, söhbət daha çox iqtisadi məsələlərdən gedəcək. Çünki Rusiyanı sanksiyalar çox ağır duruma salıb. Bir maraqlı məqam da odur ki, Ukrayna müharibəsi, Rusiya-Qərb, Qərb-Çin toqquşmasının fonunda İranla da bağlı situasiya onun xeyrinə dəyişib, ABŞ İranla aqressiv davranışlarını yumşaldıb. Belə bir ərəfədə çox maraqlıdır, Qərbin sanksiyalar altında saxladığı, çökdürmək istədiyi Rusiya ilə iqtisadi əlaqələri gücləndirməsi nələrə səbəb ola bilər? Türkiyənin hansı mövqe tutması bu proseslərdə təbii ki, mühümdür. Hazırda nəinki reginda, dünyada gedən proseslərdə Türkiyənin rolu maksimuma doğru irəliləyir. Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması da qarşıdakı görüşlə əlaqələndirilə bilər. Məlumata görə, Paşinyan Türkiyə prezidentini Qurban bayramı, Türkiyə prezidenti isə Ermənistanın baş nazirini qarşıdan gələn Tanrının Transfiqurasiya bayramı münasibətilə təbrik edib. Ermənistan hökumətinin xəbərində deyilir ki, iki ölkə liderləri regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək münasibətlərin normallaşdırılması üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar. Tərəflər iki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də keçirilən görüşündə əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Qeyd edək ki, bu, Türkiyə və Ermənistan liderləri arasında ilk birbaşa telefon danışığı idi. Türkiyənin də Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu nəzərə alsaq, Paşinyana müəyyən mesajların verildiyini də istisna etmək olmaz. Qeyd edək ki, iyulun 1-də Vyanada keçirilmiş görüşün yekunlarına əsasən Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ermənistanla Türkiyə arasında üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması barədə razılığa gəliblər. İki ölkə arasında aviadaşımaların həyata keçirilməsi barədə də razılıq var. Bu barədə iyulun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O, siyasi razılaşmanın həyata keçirilməsi üçün Ermənistanın müvafiq qurumlarını Türkiyədən olan həmkarları ilə əməkdaşlığa çağırıb. “Mənim vəzifəm əldə edilmiş razılaşmaların mümkün qədər tez həyata keçirilməsi üçün koordinasiya olunmuş şəkildə işləməkdir”, - Paşinyan deyib.

Xatırladaq ki, bundan öncə Ermənistan rəhbərliyi iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasının və diplomatik münasibətlərin qurulmasının vacibliyini bəyan edib. Bu məsələ iyulun 6-da Paşinyanın Rusiya prezidenti ilə telefon danışığında da müzakirə edilib.

Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlarda ilk plana iqtisadi maraqlar çıxır. APA xəbər verir ki, bu barədə “GazeteKars” yazıb. Qəzet ilk növbədə söhbətin Türkiyə-Ermənistan arasında Qars vilayətinin Akyaka bölgəsində yerləşən “Doğuqapı” və “Alican” sərhəd-keçid məntəqələrinin açılmasından getdiyini yazır. Qeyd olunur ki, Akyaka bölgəsində artıq 20 gündür ki, ərazilər minadan təmizlənir. Proseslər Türkiyə-Ermənistan sərhədlərinin açılmasına aparır, təbii ki, Azərbaycanın mövqeyi nəzərə alınmaqla. Bu, o halda baş tutacaq ki, Ermənistan konstruktiv mövqe sərgiləyəcək. Bütün bu deyilənlərin fonunda Tehran görüşündən nələr gözləmək olar?

Mövzumuzla bağlı sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarova müraciət etdik.

- Tofiq bəy, üç liderin Tehran görüşündən hansı nəticələri gözləyirsiniz? Ümumən bu görüşdə əsas müzakirə mövzuları nələr olacaq?

- Hesab edirəm ki, bu görüşün əsas səbəbi Ukrayna müharibəsidir. Rusiya indi sanksiyalar altındadır. Rusiyanın müttəfiqi Belarusdur. Digər tərəfdən isə təxminən 32 ölkə aktiv şəkildə Ukraynanı dəstəkləyir. Qalan ölkələr bir çox hallarda neytral vəziyyətdədir. Yəni sanksiyalara qoşulmurlar. Amma postsanksiyaların təsirini təhlil edərkən Rusiya ilə iqtisadi və maliyyə əlaqələrini davam etdirməyə ehtiyat edirlər. Coğrafi baxımdan biz görəcəyik ki, Qərb tərəf Rusiya ilə iqtisadi fəallıq üçün bağlıdır. Amma cənub tərəfə baxdıqda görürük ki, əsas maraq Türkiyə, İran, Fars körfəzi və şərqdə Çin, həmçinin orada yerləşən digər ölkələrdir. Bu baxımdan Tehran görüşündə əsas müzakirə mövzusu məhz bundan ibarət olacaq ki, sanksiyaların təsiri altında olan Rusiya öz iqtisadi fəallığını hansı şəkildə dəyişəcək və burada cənubda yerləşən Türkiyə ilə İranın rolu nədən ibarət olacaq?

- Azərbaycan üçün Tehran-22-dən hansı müsbət, yaxud mənfi nəticələr, məsələlər çıxa bilər? Tehran görüşündə, dəhliz məsələləri, o cümlədən Zəngəzur dəhlizi mövzusu gündəmə gələ bilərmi? Azərbaycanın qazancı barədə nələrsə deyə bilərikmi?

- Şəxsən mən Zəngəzur layihəsinin daha fəal şəkildə icrasını gözləyirəm. Ona görə ki, indiki mərhələdə tranzit və kommunikasiyalar Rusiya üçün məhz cənub istiqamətində çox maraq kəsb edir. Bu, həm Türkiyə ilə əlaqələri genişləndirmək üçün Rusiyaya vacibdir, çünki biz bilirik ki, Gürcüstan üzərindən dəmiryolu əlaqəsi mümkün deyil. İndi isə əgər Zəngəzur dəhlizi bərpa olunsa, bu, Rusiyanın həm Türkiyə, həm İranla, daha sonra isə daha da cənuba doğru dəmir yolu bağlantısı təmin olunacaq.

- Amma İranın Təhlükəsizlik Şurasının baş katibi Şamxaninin İrəvanda səsləndirdiyi bəyanatlar heç də Azərbaycanın maraqlarına cavab vermirdi. Bu mənada Tehran toplantısı Azərbaycanın maraq və mənafelərinə nə dərəcədə uyğun qərarların qəbulu ilə yekunlaşa bilər?

- Mən hesab edirəm ki, burada İranın mövqeyinin dəyişməsi gözləniləndir. Açıq danışaq, Şamxaninin İrəvanda söylədiyi tezislər köhnəlib. Bu tezislər daha çox Ukrayna müharibəsindən və Rusiyaya qarşı sanksiyalardan qabaq səslənirdi. İndi isə vəziyyət dəyişib. Bu baxımdan İranın və Rusiyanın Zəngəzur məsələsinə aid mövqeyinin daha da fəal olması gözləniləndir.

- Yəni dəhlizin məhz Zəngəzurdan keçməsinə üstünlük veriləcək, eləmi?

- Təbii ki. Bu, artıq hazır bağlantıdır. Sovetlərin vaxtında birbaşa bağlantı var idi. Bu bağlantı Türkiyədən də reallaşa bilər. Baxın, ermənilər də çox fəallaşıblar və çalışırlar ki, keçmişdə Türkiyə ilə olan dəmir yolu bağlantısını bərpa etsinlər.

- Belə çıxır ki, Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın və Vladimir Putinin telefon danışığı da bu görüşdə müzakirə olunacaq mövzularla bağlı imiş. Razılaşmaq olarmı?

- Bəlkə də bununla bağlıdır, mən istisna etmirəm. Çünki Paşinyan Putindən “həri”ni alıb və ondan sonra Ərdoğanı Qurban bayramı münasibətilə təbrik etmək təşəbbüsündə bulundu. Qurbanlı dəmir yolu olacaq, çünki onlar da bunda maraqlıdırlar. Naxçıvandan sonra o bağlantı Türkiyənin dəmir yolu xətlərinə gəlib çıxır.

- Tarixi təcrübədən və qardaşlıq münasibətlərindən çıxış edərək əminliklə deyə bilərikmi ki, Türkiyənin masa arxasında olması həm də Azərbaycanın orada iştirakı deməkdir?

- Təbii. Burada məsələ bəllidir. Azərbaycanın orada iştirakı o qədər də vacib deyil. Çünki Azərbaycan dəhlizin açılmasının tərəfdarıdır. Hətta 10 noyabr sənədində bu, təsbit olunub. İndi isə texniki problemlərin daha sürətlə həll olunması gözlənilən bir məsələdir.

- Tofiq bəy, Qərb paytaxtları Rusiya və İranın olduğu görüşdən qıcıqlana, Zəngəzur layihəsini tormozlaya bilərmi? Unutmayaq ki, bir sıra hallarda Türkiyənin moderatorluğu da Qərbin ürəyincə olmur. Xüsusilə də Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiyanın olduğu danışıqlarda əldə oluna biləcək hansısa razılaşmanı poza bilərlərmi?

- Biz Türkiyənin özünəməxsus və tam müstəqil siyasət aparmasını Ukrayna müharibəsi dövründə görmüşük. Birincisi, Türkiyə hamıdan tez Ukraynaya çox ciddi silahları - “Bayraktar”ları göndərdi, hələ müharibədən qabaq. İndi də bu dəstək davam etdirilir. Daha sonra Bosfordan keçmək istəyən Rusiya hərbi gəmilərinin üzünə yolu bağlayıb, bu da Ukrayna üçün ciddi dəstəkdir. Əgər bu yol açıq olsaydı, Odessanın ələ keçirilməsi daha real görünəcəkdi. Çünki o zaman Rusiya Hərbi Donanmasının Qara dənizdə üstünlüyü təmin olunacaqdı. Bundan başqa, vasitəçilik təşəbbüslərini, İstanbulda keçirilən üçtərəfli görüşləri əlavə etmək lazımdır. Bu baxımdan Türkiyə bəlkə də Rusiyaya qarşı Qərbin ən faydalı alətidir. Çünki həm danışa bilir, həm də danışanda hansısa nəticələr əldə edir.

- Məntiqlə, Türkiyənin Tehran masasında olması Qərbin də maraqlarına uyğundur, eləmi?

- Hər halda, Türkiyənin rolu yüksələcək. Bəli, tənqid olunacaq, amma real rolu da yüksələcək. İranın da burada marağı çox böyükdür. İran da iki yoldan birini seçməlidir. Çünki İranın da Qərbdən gözləntiləri var, üzləşdiyi sanksiyaların götürülməsi aktuallaşıb. Vyanada gedən nüvə sazişinə aid danışıqlar bir çox hallarda problemsiz keçmir. Hətta maraqlı bir hadisəni yada salmaq istəyirəm ki, bu danışıqlarda veto hüququndan Rusiya istifadə edib. Yəni İrana qarşı sanksiyalarla özünə qarşı sanksiyaları əlaqələndirir. Biz görürük ki, Tehranda çox vacib bir görüş olacaq. Siz tamamilə düz qeyd etdiniz ki, Azərbaycanın maraqları burada Türkiyə tərəfindən qorunacaq, buna zərrə qədər şübhəmiz olmamalıdır.

- Tehran-22 görüşü Tehran - 43 görüşü kimi tarixdə qalacaqmı?

- Hər halda, ən azı Zəngəzur məsələsində irəliləyişi görsək, bu, bizimçün vacib bir görüş olaraq qiymətləndirilə bilər. Ümumiyyətlə, bizim insanlar başa düşməlidir ki, diplomatiyanın əsas məqsədi təkcə dostlarla əlaqə deyil, hətta düşmən və neytral olan ölkələrlə əlaqələr yaratmaqdır. Bu baxımdan Türkiyənin olduqca aktiv siyasəti bizim də xeyrimizədir./musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.