“Qardaşım məmurlarla döyüşdə şəhid oldu” – Özünü yandıran QAZİNİN QARDAŞI
15-07-2022, 17:24
Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında özünü yandıran Vətən müharibəsi veteranı Elvin Cəfərov Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov baş vermiş hadisədən təəssüfləndiyini dilə gətirib. Onun sözlərinə görə, Elvin Cəfərova ƏƏSMN həmişə qayğı göstərib.
“2021-ci ilin noyabr ayında ona III qrup əlillik verilib. Bununla bağlı o, 300 manat Prezident təqaüdü və 120 manat aylıq müavinət alırdı. 27 may 2021-ci il tarixdə o, həmçinin DOST mərkəzi tərəfindən 300 manat maaşlı işlə təmin olunub”, - deyə şöbə müdiri bildirib.
Müharibə iştirakçısının yaxınlarının verdikləri məlumata görə isə, Cəfərov dövlətdən diqqət və ədalət görməyəndən sonra intihar etmək qərarına gəlib.
TEREF.AZ xəbər verir ki, Elvin Cəfərovun qardaşı Elnur Cəfərov AYNA-ya açıqlamasında Fazil Talıbovun fikirlərinə belə münasibət bildirib: “Qardaşım ermənilərə qarşı müharibədə sağlamlığını qurban verərək Prezident təqaüdünə layiq görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə qardaşımın işlə təmin olunması ilə məşğul olmayıb. Onu DOST Mərkəzinə düzəldən mən olmuşam. Qardaşım Sabirabad Rayon İcra Hakimiyyətinin məmurları ilə döyüşdə şəhid oldu”.
“DOST Mərkəzi bizim nəzdimizdədir və Elvin Cəfərovun işə qəbulu bizim təşəbbüsümüzlə baş tutub”, - deyə Fazil Talıbov AYNA-ya açıqlamasında mərhum qazinin qardaşına cavab verib.
Məsələ ilə bağlı Sabirabad RİH-in İnformasiya təminatı şöbəsinin müdiri Aftandil Həsənov AYNA-ya deyib ki, icra hakimiyyətinin əməkdaşları Elvin Cəfərovun daim qayğısına qalıblar: “Biz onun bütün problemlərini həll etməyə çalışdıq”.
Bu hadisədə kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək müvafiq qurumların səlahiyyətindədir. Ən əsası isə müharibə əlilini intihara sövq edən günahkarın tapılıb cəzalandırılmasıdır. Ən azından ona görə ki, belə hadisələrin davamı gəlməsin.