Vergi daxilolmalarındakı 2 milyardlıq artımın yarıdan çoxu inflyasiya hesabınadır – Rövşən Ağayev

19-07-2022, 08:25           
Vergi daxilolmalarındakı 2 milyardlıq artımın yarıdan çoxu inflyasiya hesabınadır –
2022-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə Prezident İlham Əliyev vergi daxilolmaları ilə bağlı maraqlı rəqəmlər açıqladı. Ölkə başçısının çıxışından aydın oldu ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb.

İlham Əliyev bu artımı iqtisadi sahədə aparılan islahatlarla əlaqələndirib: “Şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.

Xatırladaq ki, 2022-ci il dövlət büdcəsi layihəsi hələ parlamentdə müzakirə olunan zaman vergi daxilolmalarında artım proqnozlaşdırılmışdı. Həmin dövrdə ekspertlərin ciddi müzakirəsinə səbəb olan məsələlərdən biri məhz bu artımın nəyin hesabına baş verəcəyi idi. İqtisadiyyatda belə bir sıçrayış gözlənilmədiyi üçün hər kəsdə bir sual yaranmışdı. Son açıqlanan rəqəm isə göstərir ki, hətta büdcədə nəzərdə tutulandan da 2 milyard manat artıq vergi daxilolmaları var. Bəs bu artım nəyin hesabına baş verib?

İqtisadçı ekspert Rövşən Ağayev AFN.az-a açıqlamasında bildirdi ki, bu mövzu ilə bağlı bir çox məqamlar artıq ortadadır: “Həmin 2 milyard manatın təxminən 46 faizi – 950 milyon manatı neft və qaz sektorunun hesabınadır. Bu sahədə qiymətlərin yüksəlməsi və daxil olan mənfəət vergisi ödəmələrinin artması son nəticədə vergi daxilolmalarındakı artımın təqribən yarısını təşkil edib. Bu məbləğin təxminən yarıdan çoxu isə qeyri-neft sektorunun hesabınadır. Əlbəttə, qeyri-neft sektorunda əsas yığımlar daha çox inflyasiya mənşəli artımlardır. Çünki bilirsiniz ki, xüsusən dövriyyədən olan vergilər əsasən nominal dövriyyədən formalaşıb və inflyasiya nominal dövriyyəni artırdığı üçün istər-istəməz vergilərin həcmi də artmalıdır. Siz özünüz də statistikaya baxsanız, görəcəksiniz ki, bu gün Azərbaycanda vergi gəlirlərinin təxminən 62 faizi 2 vergi növünün payına düşür: ƏDV və mənfəət vergisi. Əslində mənfəət vergisi özü də dövriyyə ilə bağlıdır. Çünki dövriyyə, qiymət miqyası nə qədər şişirsə, mənfəətin həcmi də o qədər artır. Şərti olaraq, deyək ki, ötən il bir nəfər məhsul satıb 1 milyon manat əldə edibsə və bu il qiymət 30 faiz artıbsa, həmin şəxs eyni həcmdə məhsuldan 30 faiz artıq gəlir əldə edib və nəticə olaraq mənfəət də 30 faiz artıb. Ona görə də bu gün dövlət büdcəsində 18-ə qədər vergi və tədiyyə növləri olduğu halda, yalnız 2 mənbədən daxilolma 62 faiz təşkil edərək iki verginin üzərində formalaşır. Mən Neft Fondunu bu misalda kənara qoyuram. O iki vergi də birbaşa dövriyyə ilə bağlıdır və qiymət artımına həssas vergilərdir. Mən sizə bir müqayisə deyəcəm, özünüz nəticə çıxarın: ötən ilə nisbətdə qeyri-neft ÜDM-i nominal olaraq 25 faiz artıb, amma real olaraq 11 faiz artıb. Bu o deməkdir ki, ortada olan 14 faizlik fərq qiymət artımı hesabına formalaşıb”.

R.Ağayevin sözlərinə görə, sözügedən artım islahatlar, “ağarma” nəticəsində baş versəydi, qeyri-neft vergilərinin qeyri-neft ÜDM-inə nisbəti də kəskin şəkildə artardı: “Halbuki 2021-ci ilin ilk 6 ayında qeyri-neft vergilərinin qeyri-neft ÜDM-ində payı 16 faiz olub, bu il isə 17,4 faiz olub ki, bu da çox kiçik bir artımdır. Adətən “ağarma” olanda, vergi potensialı artanda yığılan vergilərin qeyri-neft ÜDM-inə nisbəti də artmalıdır. Ona görə də bu fakt onu göstərir ki, nominal həcm necə dəyişirsə, inflyasiya necə qeyr-neft ÜDM-ni artırırsa, ona paralel olaraq da, vergilər artır. Əlbəttə, mən demirəm ki, vergilərdəki artımın hamısı sırf inflyasiya ilə bağlıdır, amma hesablamalar onu göstərir ki, əsas hissəsi məhz inflyasiya və qiymət artımları ilə bağlıdır. Çox az hissəsi iqtisadiyyatdakı real artımlarla bağlıdır”.

Ekspert onu da qeyd etdi ki, rəsmi statistikada pərakəndə ticarət dövriyyəsinin həcmi təxminən 3 faiz artıb: “Əslində iqtisadi inkişafın əsas indikatorlarından biri pərakəndə ticarət dövriyyəsi və onun artım dinamikasıdır. Çünki insanların həyat səviyyəsi, rifahı yüksək olduqca pərakəndə ticarət dövriyyəsində xərcləməyə daha çox pul ayırırlar. Amma siz fikir verirsinizsə, pərakəndə ticarət dövriyyəsindəki artım dinamikası ilə hökumətin elan etdiyi iqtisadi artım göstəricisi arasında çox kəskin disbalans var. Bu da onu göstərir ki, hazırkı iqtisadi artımla real sosial inkişaf arasında çox ciddi fərq var. İnflyasiyanın yüksək səviyyədə olması (hətta rəsmi statistikada 13 faizə yaxındır) ilə əhali gəlirlərinin artımı arasında fərq çox azdır. Əhalinin real gəlirlərində artımın olmaması ölkədə yoxsullaşma səviyyəsinin böyüdüyünü göstərir. Çox təəssüf ki, Azərbaycanda ən azı rüblük yoxsulluq statistikası açıqlanmır ki, biz hazırkı iqtisadi artım göstəriciləri müqabilində ölkədəki real sosial inkişafı görək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.