“Bizim sayt açanların dərdi cəmiyyət deyil...”

23-07-2022, 16:33           
“Bizim sayt açanların dərdi cəmiyyət deyil...”
Rizvan Qənbərli: "Medianı tənzimləmək istəyən kənar qüvvələrlə medianı inkişaf etdirmək çətin olacaq. Özünütənzimləmə mexanizmlərini media özü tapmalıdır”

Bir müddət əvvəl söhbətləşmişdik Rizvan bəylə. Söz vaxtına çəkərmiş. Medianın vəziyyəti, söz azadlığı, jurnalist-cəmiyyət münasibətləri ətrafında gəzişmələrimizdən bir hissə Milli Mətbuat Günündə yayımlanır.

Müsahibimiz media eksperti Rizvan Qənbərlidir.

- Rivan bəy, toplumu yönləndirmək istəyənlərin, manipulyasiya edənlərin istəyi başadüşüləndir. Bəs toplum niyə aldanmağa hazırdır?

- İnsan, ümumiyyətlə, inanmağa meyillidir. İnsan inanmaq istəyir. Sosial psixologiya bunu araşdırıb. Hər bir insan sosial mediada inandığı şeylərə daha tez reaksiya verir. Biz inanmaq istədiklərimizi bəyənirik. İnana biləcəyimiz insanları axtarırıq.

Bu gün media vasitəsilə inandırma texnikaları çox dəyişib. Hakimiyyət bir toplumu iki cür idarə edə bilər. Birincisi, təzyiq yolu ilə, qadağa qoyaraq, cəzalandıraraq. İkincisi, inandıraraq. Sovet İttifaqı dağıldıqdan sonra bütün dövlətlər demokratik olduğunu iddia etməyə başladı və bu iddianı doğrultmaq üçün də inandırmaq yolunu seçdi. Toplumun nəbzini ölçə bilən beyin mərkəzləri də işin içində olanda proses çox da çətin başa gəlmir.

- Kütlə hər yerdə eynidirmi? Ölkəyə görə qavrama və reaksiya dəyişməli deyilmi?

- Şəxsi fikrimi bölüşüm. Ən inkişaf etmiş və ya ən geridə qalmış bütün ölkələrdə kütlə çox təhlükəlidir. Bütün toplumlarda eyni dərəcədə təhlükəlidir. Tramp seçkini uduzandan sonra Konqres binasına hücum çəkən amerikalıları xatırlayaq. Amerika toplumu dünyanın ən cahil toplumlarından biridir mənə görə. Azərbaycan toplumu dünyagörüşünə görə daha irəlidədir. Amma Amerikada dövlətin idarə olunmasına təsir edə bilən, bunun üçün zəhmət çəkən on faizlik bir qüvvə var və bu qüvvə Amerikanın hər təbəqəsinə öz sözünü çatdıra bilir.

Kütlənin özünü ifadə etməsinə imkan yaratmaq lazımdır. Bizim cəmiyyət mikrofonu çox sevir. Özünüifadə kanalları tapa bilməyən insanların mikrofon sevgisi olur. Bu cür insanlar toyda, yasda, adi tədbirdə belə mikrofona can atırlar.

Sükut spiralı nəzəriyyəsini media-siyasət münasibətlərində çox təhlil edirlər. Amma insanlararası münasibətlərdə də bu nəzəriyyə işləyir. Adi ofisdaxili kommunikasiyada belə bunu görmək mümkündür. Sənin görüşlərinin təsdiq olunduğu yerdə sən danışmağa meyillisən. Amma qorxanda ki, sən görüşlərini dilə gətirsən, çox təzyiq edəcəklər, o görüşləri səsləndirməməyə üstünlük verirsən.

Təbii ki, coğrafi mövqe, mentalitet də rol oynayır. Amma bu gün toplumda tənqid olunan bir çox məsələlər sadəcə bizə aid deyil. Böyük marketlərin endirim kampaniyalarındakı davranışlarına görə insanlarımızı qınayanlar oldu. Halbuki dünyanın hər yerində eyni vəziyyətdir. Bu, kapitalizmin satış mexanizmidir.

- Media mühitinin saflaşdırılması, özünütənzimləmə mexanizmlərinin tətbiq olunması üçün illərdir mütəmadi şəkildə müxtəlif media qurumları yaradılır. Amma bunlar sanki kosmetik təmirə oxşayır. Bizə isə "kapremont” lazımdır. Səbəblə deyil, nəticə ilə mübarizə aparmaq bizi hara aparıb çıxara bilər?

- Səbəbdən, ümumiyyətlə, danışan yoxdur. Medianın problemlərini həll etmək üçün yaradılan təşkilatların tarixinə baxsaq, bu cəhdlərin hamısının medianı inkişafdan saxladığını görərik.

Belə problemlərin həlli yolunun müzakirələrdən keçdiyini düşünürəm. Müzakirənin getməli olduğu yerlərdən biri də mediadır. Media Agentliyi haqqında tənqid yazan jurnalistlərin sayı getdikcə azalır. Maddi gözləntisi yerinə yetdikdən sonra tənqid edənlər tənqidi cəbhəni boşaldır. Geridə çox az hissə qalır. Onlar da öz gözləntilərinin doğrulacağı günü gözləyirlər. Mediadakı qruplaşmalar da tənqidi azaldır. Netvörk düzgün qurulmur. Bir qrup baş redaktor bir yerə toplaşır və o dəstənin tənqid olunmasının qarşısı alınır.

Medianın problemlərinə birtərəfli yanaşa bilmərik. Bunun iqtisadi, siyasi tərəfləri, təhsil problemləri var. Birini önə çıxarıb, digərlərinin önəmsizləşdirilməsinin tərəfdarı deyiləm. Bu gün Media Agentliyinin ətrafında baş verənləri təəssüflə izləyirik. Medianı tənzimləmək istəyən qüvvələr var olduqca medianı inkişaf etdirmək çətin olacaq. Mediadan kənar tənzimləmələr mediaya zərər vurur. Media özünütənzimləmə mexanizmlərini özü tapmalıdır. Təəssüf ki, bu proses bütün ölkələrdə gedir. Ən inkişaf etmiş ölkələrdə belə bütün iqtidarlar medianı tənzimləmə mexanizmlərini tətbiq etməkdə çox istəklidirlər.

- İkinci Qarabağ müharibəsində və sonrakı dövrdə milli təhlükəsizlik və media çox müzakirə edilən mövzulardan oldu. Media hazırlıqlı görünmədi bu prosesdə.

- Jurnalist tərəf tutmaq məcburiyyətində qalırsa, cəmiyyətin tərəfini tutmalıdır. Səngərdə övladı hər an şəhid ola biləcək ata-anaya qarşı məsuliyyət daşımalıdır. Bu, çox həssas mövzudur. Milli təhlükəsizliyi dövlət qurmalıdır. Bunun üçün əlindən gələnin ən yaxşısını etməlidir. Vətəndaş olaraq buna heç bir etirazım yoxdur, həmişə də dəstəkləmişəm. Jurnalistin işi isə toplumu məlumatlandırmaqdır. Hər kəs öz işini yaxşı görməyə çalışsa, qadağalara da ehtiyac qalmaz.

- Söz azadlığının sərhədləri niyə belə elastikdir?

- Söz azadlığı insanın təbii ehtiyacıdır. Amma dövlətin maraqları öncə gəlir. Təhsillə bağlı çox müzakirələr apardığımız bir dostumuz var. O deyir ki, təhsildən öncə ədalətdir. Ədalət olmayan yerdə yüksək təhsil işə yaramır. Ədalət mexanizmini tətbiq edə bilmədiyimiz halda media azadlığı mücərrəd anlayışa çevrilir.

- Sizcə, bu qədər onlayn media bizim üçün çox deyilmi? Kiçik bir ölkənin informasiya istehsaletmə gücü bu qədər bolluğa cavab vermək üçün yetərlidirmi?

- İnanıram ki, bu saytlarda işləyən dəyərli insanlar var. Onlar həqiqətən jurnalistika ilə məşğul olmaq istəyirlər, amma arzuladıqları media mühitini tapa bilmirlər. Nəyisə düzəldəcəklərinə ümid edərək özlərinə sayt açırlar. Digər tərəfdən sayt açmaq ölkmizdə biznes növünə çevrilib. Məmur ovu vasitəsinə çevrilib. Normal ölkədə xəbər saytı açmaq istəyən şəxs biznes plan hazırlayır, kollektivi necə toplamaq barədə düşünür, hansı kontentlərdən gəlir əldə edə biləcəyini hesablayır. Amma bizdə sayt açarkən "hansı məmur öz himayəsinə götürər bizi?” sualına cavab axtarılır.

Normal ölkələrdə yaxşı araşdırma, peşəkar hazırlanmış xəbərlər jurnalistikanın nüfuzuna birbaşa təsir edir. Bunun da bir ucu oxucuya gedib çıxır. Bəs Azərbaycanda medianın prestiji nə ilə ölçülür? Başladılar jurnalistlərə ev verməyə. Ev yarışından pay qapmaq üçün da sayt yaratmaq yarışına qoşuldular. Jurnalistlər üçün yaradılan imtiyazlardan yararlanmaq üçün sayt açırlar. Xəbər saytı açan şəxsin bir dərdi, düşüncəsi, nəyisə həll etmək istəyi olar. Bizim sayt açanların dərdi cəmiyyət deyil.

- Ölkəmizdə televiziya hələ də ən populyar media sahəsidir. Ən çox da onlar tənqid olunur. Ciddi aparıcı problemi var. Televiziyaların "kadr çatışmazlığı”nın səbəbi nədir, sizcə?

- Son hadisəni götürək. Müğənnini qovan aparıcı efirdən uzaqlaşdırılsa və ya onun verilişi bağlansa, inanırsınızmı ki, tamaşaçı həmin kanalı zəng bombardımanına tutar, "o verilişi açın, o aparıcını qaytarın” deyər?

- Yox.

- Yox. "Cəmiyyət buna baxır, biz də bunu veririk” fikri burada itir. Televiziyaları idarə edən kadrlara göz atmaq lazımdır. Keyfiyyətli aparıcı keyfiyyətli televiziya rəhbəri yarada bilməz. Amma keyfiyyətli rəhbər keyfiyyətli aparıcı yarada bilər. Bu gün bizdə televiziyalar tamaşaçı əsəri deyil, tamaşaçılar televiziyaların əsəridir. Xəbər saytları da ən çox oxunan xəbərlərin top onluğunu elan edir və məsuliyyəti oxucunun boynuna qoymağa çalışır. Sosial media alqoritmlərini önə çəkirlər çox vaxt. Alqoritmlər bizim maraqlarımıza uyğun kontentləri qarşımıza çıxarır. Amma ənənəvi media sosial media alqoritmləri kimi işləməməlidir. Media bizim maraqlanmadığımız, ötəri yanaşdığımız məsələləri bizə göstərməlidir. Öz alqoritmlərini bunun üzərində qurmalıdır.

- Kim kimi idarə edir: alqoritmlər bizi, yoxsa biz onları?

- Alqoritmlər dərin məsələdir. Onları da yönəldən insandır və onun bu yönləndirməsində bir məqsəd var. "Süni intellektin seçimi” deməyin tərəfdarı deyiləm. Bizdə elə bir təəssürat yaradırlar ki, bütün bunların səbəbkarı alqoritmlərdir, özlərini məsuliyyətdən azad edirlər. Alqoritmləri yaratmaqda bir maraq var. O marağı mühakimə etmək lazımdır.

- Ənənəvi media sosial mediaya niyə uduzdu?

- Media illərdir ki, sosial mediaya niyə uduzduğunun səbəbini axtarır. Sosial mediada nə var? Hər kəs özünü, öz problemlərini görə bilir. Sosial şəbəkə hər kəsə öz səsini çatdırma fürsəti verdi. Artıq media qurumları onlayn abunələrdə yarışırlar. Amerikada 1 milyonu keçən abunələr var. Abunəçilərin ehtiyaclarına uyğunlaşdırılmış kontentlər istehsal etmək dövrüdür.

- Parlament seçkilərində iştirak etdiniz. Buna siyasi təcrübə deyə bilərikmi?

- Buna daha çox siyasi kommunikasiya təcrübəsi deyərdim. Siyasi kommunikasiyaya dair nəzəri təsbitlərim, yanaşmalarım vardı, onları sınamış oldum.

- Nə vəd edirdiniz?

- Heç kim deyə bilməz ki, bizə bunu vəd etmişdiniz. Bir çox görüşlərimə vəd verməyəcəyimi söyləyərək başlamışam. Normal qarşılayıblar.

- Seçki müşahidələriniz nə deyir; əhalinin siyasi savadlılığı nə vəziyyətdədir?

- Siyasi savadlılıq baxımından ciddi əskiklərimiz var. Media, dövlət, təhsil – zəncirin bütün halqaları siyasi savadlılıqda maraqlı olmalıdır. Seçkilər vaxtı daha aydın gördüm ki, aşağılarla yuxarılar arasında ciddi qopuqluq var. Aşağıların tələbləri yuxarılara düzgün çatdırılmır, yuxarının yanaşması aşağılara çatdırılmır. Kommunikasiya düzgün qurulmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.