“O zaman əllərimi göyə qaldırıb dedim ki, “İlahi, nə yaxşı ki, mənə övlad verməmisən, yoxsa..."
26-07-2022, 09:16
“O zaman əllərimi göyə qaldırıb dedim ki, “İlahi, nə yaxşı ki, mənə övlad verməmisən, yoxsa..."
“Valideyn ola bilməsəm də hazırda özümü bacılarımın, qardaşımın, onların övladlarının valideyni kimi hiss edirəm. Bioloji valideyn olmaq şərt deyil. Valideynlik hissi bir məsuliyyətlə, sevgi ilə, qayğı ilə də bilinir. Bacımın uşaqları elə bilirəm öz övladlarımdır. Bu həyatı ailəmə görə, yaxınlarıma görə yaşamışam. Bunu onlar da çox yaxşı bilirlər. Ana ola bilməsəm də bütün uşaqları çox istəmişəm. Uşaqların qəlbinə dəyməyi xoşlamıram, Allahdan yaşamaq üçün hər gecə möhlət istəyirəm. Bacım və qardaşımın uşaqları üçün nəsə bir şey etmək istəyirəm. O vaxt zəlzələ olanda əllərimi göyə qaldırıb dedim ki, “İlahi, nə yaxşı ki, mənə övlad verməmisən, yoxsa indi ürəyim partlayıb ölərdim” Mənim ailəm bilir ki, çox narahat insanam, fobiyalarım var. Heç bilmədim ki, həyatım necə gəldi, necə getdi?” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra illər öncə ağır beyin əməliyyatı keçirdiyi illəri xatırlayıb.
“Əməliyyata gedəndə mənə demişdilər ki, tam yaddaşını itirə, oturacağa məhkum olub, tam hərəkətsiz qala bilərsən. Mən ağır riskə gedib, ağır bir əməliyyata getdim. Beyin əməliyyatı olunmalı idim, amma aparat yox idi, çarəsiz qalmışdıq. Əməliyyat olunmalı yer beyin sinirinin üstündə idi. Sənət dostlarım Yaşar Nuri, Telman Adıgözəlov ard-arda bizi tərk etdi, qardaşım ürək əməliyyatı keçirdi, elə bil ki, bu stresslər məni yıxdı. Həkim dedi ki, yaşaya da bilərsən, yaşamaya da. Düşündüm ki, “Qanlı Nigar” tamaşası ilə səhnəyə sonuncu çıxışımdır. Mənə o qədər gözəl güllər gətirmişdilər ki. Səhnəyə çönüb elə baxdım ki.. Fikirləşdim ki, görəsən mən bir də Azərbaycana qayıda biləcəyəm?! Nəinki teatra, səhnəyə.. Allah yol açdı, əməliyyat olundum. Hətta həkim əməliyat pulunu, zəhmət haqqını belə məndən almadı” deyə sənətkar bildirib.
Firəngiz Mütəllimova bildirib ki, əməliyyatdan sonra özünə bir çox şeylərdə qadağalar qoyub.
“Mən 2013-cü ildən indiyə qədər hündürdaban ayaqqabı geyinə bilmirəm. Rahat ayaqqabılar geyinirəm. Əslində aktrisa səhnədə hündürdaban geyinməlidir. Mən rəqsi çox sevirdim, amma indi ondan məhrumam, ancaq yerimdə oynayıram. Çox suallar verilir ki, “niyə saç formanızı dəyişmirsiniz?”. Mən nə qaynaq edə bilərəm, nə də ki, yeni saç forması kəsdirə bilərəm. Çünki mənim başımda böyük bir yarıq var, onun üstünü örtməliyəm. Yayın qızmar günəşində başıma kepka qoyuram, çoxu buna görə məni qınayır, amma mən günəşli havada gəzə bilmərəm” deyə sənətkar bildirib.