"Böyük rus şovinizmi hamıya məlumdur" - Etibar Məmmədov

26-07-2022, 09:59           
"Böyük rus şovinizmi hamıya məlumdur" - Etibar Məmmədov
Rusiya-Ukrayna savaşı artıq altıncı aya keçib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Reyting.az-a müsahibəsində hərb meydanında baş verən qarşıdurmanı qiymətləndirib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Ukrayna müharibəsində demək olar ki, hərbi balans yaranıb. Yəni, əvvəl Rusiyanın atəş üstünlüyü olsa da, indi resursları məhduddur. Üstəlik, itkilərinin yerini doldura bilmirlər. ABŞ və Qərb ölkələrinin Ukraynaya silah yardımı nəticəsində atəş gücündə balans yaranıb.

Bu yaxınlarda Ukraynaya aviasiya sahəsində də kömək etməlidirlər. Əgər bunu da etsələr, müharibədə üstünlük tamamilə Ukraynanın tərəfinə keçə, payızda əks-hücumların genişlənməsi baş verə bilər. Zənnimcə, Rusiyanın resursları tükənmək üzrədir. Əməliyyatları da davam etdirmək üçün qüvvələri yetərli deyil. Bu səbəbdəndir ki, ruslar vəhşi metodlardan istifadə edirlər. Məqsəd şəhərləri dağıtmaq, insanları ruhdan salmaq, dinc əhalini qırmaq və qorxutmaqla Ukraynanın güzəştə getməsinə nail olmaqdır.

- Qərb sona qədər Ukraynaya dəstəyini ifadə edəcəkmi, yoxsa hansısa məqamda rəsmi Kiyevə pressinq edərək Rusiya ilə masaya oturmasına nail olacaq?

- Qərbin pis tərəfi odur ki, təcavüzkar görəndə deyirlər, “onunla razılaşmaq lazımdır”. Onsuz da uzun illər Rusiyanın aqressiyası ilə razılaşmalı olublar. Bu baxımdan onlar Kiyevə təzyiq edə bilərlər ki, güzəştə getsin. Yaxşı hal odur ki, ABŞ və Britaniyanın mövqeyi qətidir və onlar güzəştə getməyə qarşıdır. Ehtimal edirəm ki, onlar təzyiqlər vasitəsilə Kiyevin güzəştə getməsində maraqlı olan dövlətlərin qarşısını alacaqlar.

- Bəzən deyirlər ki, bu, Rusiya-Ukrayna savaşı deyil, anqlosaks-rus müharibəsidir və Ukrayna böyük layihələrinin bir hissəsidir. Bu fikirləri doğru sayırsınızmı?

- Bu nə Rusiya-Ukrayna, nə də anqlosaks-Rusiya savaşıdır. Hesab edirəm ki, bu tip nəzəriyyələr lazımsız bir şeydir. Bu saat anqlosaks məsələsi yoxdur.

Rusiya təcavüzkar dövlətdir, onu özbaşına qoyanda Avropanı işğal edə bilər. Rusiya bütövlükdə dünyanı öz nəzarətinə almaq iddiasında olan dövlətdir. Yəni faşist dövlətidir, fikirləri - böyük rus şovinizmi hamıya məlumdur.

Rusiya təkcə Ukrayna deyil, digər hansısa dövlətə qarşı da iddialarını irəli sürür. Ona göz yumulanda iddialarını həyata keçirmək üçün hər şeyə getməyə hazırdır.

Rusların Ukrayna ilə bağlı ilk iddiaları Krımdan başladı, Donbasda davam etdi. Faktiki olaraq, Ukraynanın bir hissəsini qəsb edə bildi. Bundan o yana keçəndə artıq dünyanın müqaviməti ilə rastlaşıb. İndi dünyanın faşist Rusiyası ilə müharibəsi gedir. Yəni bu, anqlosaks-rus müharibəsi deyil, dünya ilə Rusiya arasında gedən müharibədir. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Dünya bilir ki, Rusiya işğalçıdır, təcavüzkardır və bütün davranışları faşist rejiminin addımları ilə eynidir.

- Etibar bəy, ruslar niyə Ukraynada məqsədlərinə çata bilmir? Bu, Qərbin Ukraynaya dəstəyinə görədir, yoxsa Rusiya hərbi-siyasi strukturlarının effektiv işləməməsi ilə əlaqəlidir?

- Burada bir neçə faktor var.

Birincisi, Ukraynada millətin formalaşması prosesi gedirdi, tam formalaşma mərhələsində idi. Bu müharibə də ona təkan verdi.

Rusiya düşünürdü ki, onun ordusunu Ukraynada gül-çiçəklə qarşılayacaqlar, insanlar Rusiyanın tərəfinə keçəcək. Amma əks-proses baş verdi. Rusiyanın vəhşiliyi, mülki insanlara qarşı hücumları, kütləvi qırğınlar törətməsi ukraynalıların millət kimi birləşməsinə gətirib çıxardı. Nəticədə Rusiya üçün əks-effekt yaşandı. Bu müharibə nəticəsində ukrayna xalqı millət kimi formalaşdı.

İkincisi, Rusiyanın Ukraynada uğursuzluğuna səbəb, bu ölkənin başdan-ayağa korrupsiyalaşmasıdır. Müharibə başlayandan sonra məlum olub ki, milyardlarla pul yeyilib, əvəzində istənilən rus ordusu yoxdur, hərbi texnika lazımi səviyyədə deyil.

Onların təriflədiyi hərbi texnikası müasir standartlara cavab vermir. Ancaq kütləvilik hesabına nəyəsə nail ola bilərlər. Bu da, XX əsrdə, SSRİ dövründə mümkün idi. Çünki insanları kütləvi səfərbərliyə alaraq müharibəyə göndərə bilirdilər. İndi isə əhalini kütləvi formada səfərbərliyə almaq mümkün deyil, əksinə, bu, Rusiya daxilində kütləvi narazılığa səbəb ola bilər. Odur ki, Rusiya rəhbərliyi kütləvi səfərbərliyə getməyə ehtiyatla yanaşır, digər resursları da yoxdur.

Ukraynanın müqaviməti davam edir və bu, Rusiyanın resurslarının zəifləməsinə səbəb olacaq.

Üçüncü səbəb bütün dünyanın Ukraynaya kömək etməsidir. İndiyə qədər Ukraynaya dəstək məhdud səviyyədə idi. Amma bir ay bundan əvvəl qəbul edilən qərarlar Ukraynaya hərbi yardımı yeni səviyyəyə çıxarır. Rusiyanın da bunun qarşısında dayanmaq imkanları məhdud olacaq. Mən, bunu deyərkən ABŞ və NATO-nun qərarlarını nəzərdə tuturam.

- Dünyada mövcud olan təbii sərvətlərin azı 40 faizi Rusiyadadır və bu səbəbdən rusları məğlub etməyin mümkünsüz olduğunu deyirlər. Bu yanaşmaya münasibətiniz necədir, ruslar qarşılarına qoyduqları məqsədlərə nail ola biləcəklərmi?

- Dövlətin ərazisinin böyük olması hələ onun güclü olması demək deyil. Raketlərinin sayı çoxdur, dünyanı nüvə silahı ilə şantaj edir. Amma bunu uzun müddət davam etdirə bilməz.

Resurslara gəldikdə, əgər əhalisi acından ölürsə, bu qədər resursun olmasının nə mənası var?

Yaşayış səviyyəsinə görə, Rusiya Avropadan çox geri qalır, eləcə də bir çox Asiya ölkələrindən. Onların resruslarının zəngin olması ancaq korrupsionerlərə xidmət edir. Eləcə də nüvə silahı və raketlərinin sayının artmasına səbəb olur. Bundan başqa qazancı yoxdur.

Rusiyanın özünə gəkdikdə, ərazinin böyük olması güc göstəricisi sayıla bilməz. Daxildə olan ziddiyyətlər və problemlər istənilən vaxt daxili böhran yarada bilər. Mən hesab edirəm ki, yaradacaq da. Rusiyanın problemləri, insanların narazılığı artıq dövlətin daxildən zəifləməsinə gətirib çıxaracaq. Ona görə də, Rusiyanın uzun müddət müqavimət göstərməsi məncə, mümkün olmayacaq.

- Hazırda Rusiya və Avropa arasında həm də qaz savaşı gedir. Avropa İttifaqı müxtəlif ölkələrə üz tutur, təbii qaz almaq niyyətini ifadə edir. Rusiya Avropaya verdiyi qazın həcmini faktiki olaraq 50 faiz azaldıb. Avropa ölkələri qışda daha pis durumla üzləşə bliləcəklərini indidən anons edirlər. Avropa qaza görə Ukrayna ilə bağlı mövqeyindən geri çəkilə bilərmi?

- Təhrik də, təzyiq də davam edəcək. İndi bunu gizli şəkildə edirlər. Avropa vahid deyil. Britaniyanın mövqeyi qətidir. Almaniya özünü Rusiyadan tam asılı vəziyyətdə hesab edir. Ümumi istiqamət budur ki, Avropanın Rusiyadan asılılığını aradan qaldırsınlar. Rusiya özü də Avropadan asılıdır. Çünki qazını satmalıdır ki, əvəzində pul əldə edərək ehtiyaclarını ödəyə bilsin. Məncə, bu sahədə müəyyən kompromisə gələ bilərlər. Yəni qazı verib, əvəzində pul alsınlar.

Amma Avropada ümumi qərar belədir ki, Rusiyadan alınan enerji daşıyıcılarının miqdarını azaltsınlar və asılılıqdan xilas olsunlar.

Avropa İttifaqı Azərbaycana da üz tutub və qaz nəqlinin artırılmasını istəyib. Azərbaycan da onlara söz verib və bunu həyata keçirəcək. Məncə, Azərbaycan bundan çox qazana bilər.

Perspektivdə Türkmənistan qazının nəqli Azərbaycan vasitəsilə ola bilər, İranın üzərindən sanksiyalar götürülərsə Azərbaycan vasitəsilə Qərbə nəqli mümkündür. Yəni bu proseslərdə Azərbaycanın mənafeləri kifayət qədər güclənəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.