İmtiyazlı və inhisarçı təbəqənin sayı azaldılmalıdır - Fazil Mustafa
26-07-2022, 11:38
“Korrupsiyanın əsas səbəbi təkcə kiminsə rüşvət alması deyil. Kiminsə aldığı rüşvəti kiməsə ötürməyə məcbur olmasıdır. Biz bu məcburiyyəti ortandan qaldırsaq, bu qədər sərt formaya keçməyə gərək qalmaz. O zaman insanlar da öz işlərini qanuni əsaslarla etməyə çalışacaqlar".
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili həbs edilən həmin məmurların mülklərinin dövlət tərəfindən müsadirə edilərək, xalqın müəyyən kəsiminin ehtiyaclarının ödənilməsinə sərf edilməsi məsələsinə belə münasibət bildirib:
“Müsadirə məsələsi olduqca böyük siyasi nəticəsi olan məsələdir. Ümumiyyətlə, məhkəmənin qərarı olmadan kimsənin əmlakı müsadirə oluna bilməz. Mülkiyyət toxunulmazdır. Mülkiyyətə qarşı belə münasibət istənilən vaxt, istənilən şəxsi bu ölkə ilə təmasdan qaçıra bilər. Heç bir xarici sərmayədar bu ölkəyə sərmayə qoymaz. Bizdə mülkiyyətə münasibətdə məhkəmə təminatı yetərli səviyyədə olmadığına görə investisiya yatırmaqdan çəkinirlər. Ancaq o şirkətlər investisiya yatırır ki, onlar məsələni beynəlxalq məhkəməyə çıxarmaq şansı, imkanı əldə edirlər. Bu təminat olmasa, heç biri kapital yatırmaq istəmir. Ölkənin əsas üstünlüyü onun məhkəmə səviyyəsində mülkiyyətin toxunulmazlığının qorunmasıdır. Ona görə də bu cür kütləvi şəkildə çağırış etmək kökündən yanlışıdır. Hansısa bir əmlakın mənimsənilməsi yolu məhkəmə vasitəsilə olmalaıdır. Bu ümumi tendensiya kimi götürülə bilməz. Bu tələb bolşeviklərin qoyduğu tələbdir. Bunun ardınca təkcə varlının mülkü yox həmçinin yoxsulun, orta təbəqədən olan insanların mülkü də gedəcək. Lakin hansısa bir cinayət işilə bağlı əmlakmüsadirəsindən söhbət gedirsə, bunu etmək lazımdır. Bu, qanunla da mümkündür. Amma kütləvi şəkildə belə bir halın olması olduqca təhlükəlidir. Cəmiyyətdə böyük bir sosial təlatüm yarada bilər. Korrupsiyanın qarşısını almaq üçün imtiyazlı və inhisarçı təbəqənin sayını azaltmaq lazımdır”.