Ölmüş körpəni qaçıran həkim DANIŞDI – “Uşaq vaxtında doğulmuşdu, ölməməliydi”

27-07-2022, 19:26           
Ölmüş körpəni qaçıran həkim DANIŞDI –
Bakıda 26 günlük körpənin ölümündən sonra təcili xəstəxanadan çıxarılması ilə bağlı xəbər vermişdik. Ailənin iddiasına görə özlərinin razılığı olmadan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunin (6 saylı Doğum Evi) pediatrı Nigar Şahbazova ölən körpəni xəstəxananın arxa qapısından çıxararaq adi avtomobillə müəmmalı şəkildə harasa aparırmış. Təsadüfən xəbər tutan ailə müdaxilə edəndən sonra uşağın nəşi həkimdən alınıb və özlərinin iştirakı ilə ekspertizaya aparılıb. TEREF.AZ xəbər verir ki, 26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırmaqda ittiham olunan pediatr Nigar Şahbazova Bizim.Media-ya danışıb. O, barəsində olan ittihamlarla razılaşmayıb:

“O uşaq bizim aparatlarımızın və həkimlərimizin sayəsində 26 gün yaşadı. Başqa xəstəxanada bu uşaq heç 1 saat da yaşamazdı. Əgər körpə və ya başqa bir şəxs dünyasını dəyişirsə, ata-ananın, qohumların razılığı olursa, o uşaq heç yerə getmir. Onlar ərizə yazır, təhlildən imtina edir və aparır. Amma bu ailə təhlilə razılığını bildirdi. Uşağın anası, atası və nənəsi yanımda idilər. Dedim “uşaq ölüb, ekspertizaya razılıq verirsinizmi?”. Nənə “bəli” dedi. Ərizə yazmaq isə lazım deyildi. Xəstəxanada kimsə ölürsə, o mütləq yarılmalıdır. Mən uşağı ekspertizaya aparırdım, başqa hara gedə bilərdim ki?”

Nigar Şahbazovanın sözlərinə görə uşağın doğulandan öz nəfəsi olmayıb:

“Körpə doğulandan sonra qışqırığı olmalıdır. Hava ilə ağciyər dolur və onun nəticəsində uşaq nəfəs almağa başlayır. Bu uşağın nə qışqırığı, nə səsi, nə də öz nəfəsi və tənəfüsü olub. Biz də məcbur olduq, ilk saatdan körpəni süni nəfəs aparatına qoşduq. Yalnız ürəyinin hesabına o, 26 gün yaşaya bilib. Dəfələrlə qan vurmuşuq. Amma beyin tərəfdən olan pozulmalar bərpa olunmadı. İlk gündən olan qan sızma sahələri artdı, mədəcik daxili qansızma oldu və sonra da beyin əriməsi getdi.

Baxmayaraq ki, çəkisi yaxşı idi, amma bu vəziyyətdən çıxa bilmədi. İnsan dayanacaqda dayınır, heç bilmir hansı avtobus gəlib-gedəcək. Doğuş da elə bir şeydir. Bu uşaq vaxtında doğulan uşaq idi, ölməməliydi. Amma doğuşda nə fəsad olub, ondan əvvəl hansı problemlər olub, bilmirəm. Bəlkə ana evdə yıxılıb, sonra doğuşa gəlib. Biz onu da deyə bilmirik. Düzdür, doğuş çətin və həddindən artıq uzun keçib. Orada nə baş verib, heç nə deyə bilmərəm. Çünki doğuşda olmamışam”.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə başından zədə və ağır travmalar alıb. Nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb. Ötən gün məsələ Bizim.Media-da ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.