Dünyanın “Turan” xofu, Ərdoğan-Putin bağı, Rusiyanın tam məhvi... (MÜSAHİBƏ)

28-07-2022, 00:00           
Dünyanın “Turan” xofu, Ərdoğan-Putin bağı, Rusiyanın tam məhvi... (MÜSAHİBƏ)
Rusiya-Ukrayna müharibəsi davam edir və proseslər göstərir ki, tərəflər savaşı dayandırmaq niyyətində deyil. Xüsusilə, bu qarşıdurmada təcavüzkar rolunda çıxış edən Rusiya eskalasiyanı davam etdirməkdə israrlı görünür. Putinin fevralın 24-də elan etdiyi "xüsusi hərbi əməliyyat” faktiki olaraq fiaskoya uğrayıb. Eyni zamanda Rusiya ordusu barədə mif dağılıb. Bu, Mosvkanın daha da aqressivləşməsinə səbəb olub. Bəzi siyasi analitiklər hesab edir ki, indiki mərhələdə savaşı dayandıraraq, Rusiyanı masaya oturtmaq mümkündür. Putinə də indiki şərtlərlə uzun müharibə lazım deyil. Lakin savaşı davam etdirərək Rusiyanı bir hərbi güc kimi sıradan çıxarmağın mümkünlüyünü söyləyənlər də var.

Qaynarinfo bu mövzuda politoloq Rauf Mirqədirovla söhbətləşərək onun fikirlərini öyrənib.

- Rusiya-Ukrayna müharibəsi 5 aydan artıqdır ki, davam edir. Bu müddətdə Rusiyanın hərbi gücü barədə mif dağılıb. Sizcə, indiki mərhələdə savaşı dayandırmaq, yoxsa təcavüzkarı tamamilə sıradan çıxarmağa qədər davam etdirmək lazımdır?

- Sizinlə tamamilə razıyam ki, 5 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi rus ordusunun dünyanın ikinci ordusu olması haqqındakı mifi tamamilə dağıdıb. Bu birmənaldır. Amma bu, heç də o demək deyil ki, Rusiya bir həbri güc kimi tamamilə məhv edilib, yaxud da onu hərbi güc kimi tamamilə məhv etmək imkanı yaranıb. Bu gün belə bir məqsəd də yoxdur. Sözsüz ki, Ukrayna müharibəni davam etdirəcək və ən azı fevralın 24-nə qədər olan status-kvonu bərpa etməyə çalışacaq. Düşünürəm ki, beynəlxalq güclər, xüsusilə ABŞ, NATO Ukraynaya kifayət qədər dəstək olacaqlarsa, eyni zamanda Rusiyaya qarşı ardıcıl mövqe tutacaqlarsa, qarşıya qoyulan məqsədə çatmaq olar. Yəni, Ukrayna öz ərazi bütövlüyünü bərpa edə, hətta Krımı da azad edə bilər.

- Bəs, bu halda Rusiyanın artıq bir hərbi güc kimi sıradan çıxdığını söyləmək olacaqmı?

- Xeyr. Hətta hadisələrin yuxarıda qeyd etdiyim kimi inkişafı da Rusiyanın hərbi güc kimi sıradan çıxdığını söyləməyə əsas vermir. Bunun başlıca səbəblərindən biri odur ki, Rusiya qeyri-məhdud resurslara malikdir. Söhbət, əlbəttə ki, iqtisadi resurslardan gedir. Bu baxımdan, düşünürəm ki, Rusiya hələ uzun zaman Avrasiya məkanında hərbi güc olaraq mövcudluğunu saxlaya biləcək. Bir amili də nəzərə almaq lazımdır ki, beynəlxalq güclər Rusiyaya qarşı siyasətdə davamlı olaraq bir sıra səhvlərə yol veriblər. Onların başlıca səhvi Rusiyanın imperiya dövləti olduğunu nəzərə almamaları, yaxud da bu faktı unutmalarıdır. Rusiya imperiya dövlətidir, rus milləti isə imperialist təfəkkürə malik toplumdur. Rusiyaya yönəlik siyasətdə bu amil mütləq nəzərə alınmalıdır. Təəssüf ki, Avropanın siyasət adamları vaxtaşırı Rusiyanı mədəni dünyanın tərkib hissəsi kimi, müttəfiq kimi görmək istəyirlər. Unudurlar ki, Rusiya həmişə müəyyən qədər gücləndikdən sonra yenidən imperialist siyasət yürütməyə başlayır.

- Rusiyanın hərbi güc kimi sıradan çıxarılması məqsədinin olmadığını dediniz. Halbuki Rusiya bu gün faktiki olaraq dünyadan təcrid edilib və ona yönəlik addımlar sanki bu ölkənin məhv edilməsinə hesablanıb...

- Belə düşünmürəm. Çünki Rusiyanın tamamilə sıradan çıxarılması real görünmür. Ona görə də belə bir məqsədin olduğunu düşünmürəm. Baxın, söhbət nüvə başlıqlarının sayına görə dünyada birinci yerdə olan dövlətdən gedir. Nüvə başlıqlarının 90 faizi Rusiya və ABŞ-ın hərbi arsenalına daxildir və Moskva bu məsələdə Vaşinqtondan öndədir. Heç kim belə bir dövləti məhv etmək məqsədini qarşısına qoya bilməz, qoymur da. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi bitəndən sonra əsas məqsəd yeni təhlükəsizlik sisteminin yaradılması ola bilər. Söhbət səmərəli və proseslərə həddindən artıq operativ müdaxilə edə bilən təhlükəsizlik sisteminin yaradılmasından gedir. Əks-təqdirdə bu təhlükə həmişə mövcud olacaq.

- Müşahidələr göstərir ki, Rusiya müharibəni davam etdirməklə düşdüyü bataqlığı daha da dərinləşdirir. Maraqlıdır, Putin bunun fərqində deyilmi?

- Problem ondan ibarətdir ki, biz Rusiyanın dövlət kimi maraqları ilə Putinin şəxsi maraqları arasındakı fərqi görməzdən gəlirik. Onun Rusiyanı faktiki olaraq fiaskoya aparan siyasətinin səbəblərini anlamırıq. Putinin hazırki situasiyada əsas motivi nəyin bahasına olursa-olsun, qələbə illüziyası yaratmaqdır. Fikrimcə, artıq Qərbdə də bunu başa düşüblər. Putin yalnız belə bir illüziya yaratdıqdan sonra müharibəni bitirə bilər.

- Yəni, Putinə "Pirr qələbəsi” lazımdır?

- Bu heç "Pirr qələbəsi” də deyil. Sadəcə, qələbə haqqında illüziyadan söhbət gedir. Bu, Putinə reytinqini qaldırmaq və nəticə etibarilə hakimiyyətdə qalmaq üçün lazımdır. Putin gözəl başa düşür ki, rus xalqının daxilindəki imperiya ruhunu bu cür təcavüzkar aksiyalarla qidalandırmadan hakimiyyətdə qalmaq mümkün deyil. Bu, yeganə vasitədir. Başqa vasitələr yoxdur. Əslində var, amma bu vasitələr onun hakimiyyətdə qalmasını təmin etmir.

- Rusiyada avtoritar üsul-idarə mövcuddur. Adətən bu tip ölkələrin liderləri ictimai rəyi, cəmiyyətin mövqeyini nəzərə almır. Ona görə də Putinin Rusiya kimi böyük dövləti reytinq naminə məhvə sürükləməsi bir qədər inandırıcı görünmür...

- Bu məsələyə toxunacaqdım, məni qabaqladınız. Düzdür, Rusiya demokratik ölkə deyil və bu mənada hesab edilə bilər ki, Putin üçün reytinq o qədər də əhəmiyyət daşımır. Amma baxın, özünüz də dediniz də ki, Rusiya böyük dövlətdir. Mən də əlavə edirəm ki, rus xalqı da böyük xalqdır və onu idarə etmək üçün yalnız zorakı vasitələr kifayət deyil. Zorakı vasitələrə bəraət qazandıracaq, rus xalqını bu gün düşdüyü vəziyyətlə barışdıra biləcək çox ciddi stimullar olmalıdır. Yəni, siyasətçi bu və ya digər dərəcədə ən azı ictimai dəstəyə malik olmalıdır. Rus xalqı, yenə deyirəm, imperiya ruhlu xalqdır və hər şeyi bağışlmağa hazırdır, təki Rusiyanın dünya qarşısında böyüklüyünü nümayiş etdirmək mümkün olsun. Putin də bu amildən məharətlə istifadə edir. Gürcüstan avantürası, Ukrayna avatürası, Suriyaya müdaxilə və s. bütün bunlar onun aşağı düşmüş reytinqini qaldırdı.
Ətraflı

- Rusiya donanması işğaldan sonra hazırda Qara dənizə tam hakimdir, Aralıq dənizində isə dayağı var. Ukrayna ordusu ABŞ-ın verdiyi silahlarla Rusiyanın cənub donanmasını sıradan çıxara bilər və bu halda Türkiyə donanması Qara dənizdə əsas gücə çevrilə bilər. Bunu bilən Ərdoğan niyə Rusiya donanması tam məhv edilməmiş, gücdən düşməmiş, sülhə çağırış edir?

- ABŞ Ukraynaya atəş məsafəsi 80 km olan qurğular verib. Bu qurğularla Qara dənizin bir hissəsini atəş altında saxlamaq olar. Ən azı Rusiya donanmasının Ukrayna limanlarına yaxınlaşmasının qarşısını almaq mümkündür. Bu yaxınlarda Qərb dövlətləri Ukraynaya atəş məsafəsi 300 km olan qurğular da verəcəklər. Bu, daha uzun məsafəni, rus qoşunlarının arxa cəbhəsini atəş altında saxlamaq imkanı yaradacaq. Sözsüz ki, əgər bu qurğular verilərsə, Ukrayna Rusiyanın Qara dənizdəki donanmasını tamamilə məhv edə bilər. Amma bu qurğular Aralıq dənizi və Hind okenaında yerləşdirilmiş Rusiya donanmasını sıradan çıxarılmasına imkan vermir. Çünki məsafə 300 km-dən çoxdur.

İndisə gələk Türkiyənin yürütdüyü siyasətə. Hazırda Türkiyənin siyasətini müəyyənləşdirən bir neçə subyektiv və obyektiv amillər var. Obyektiv amil ondan ibarətdir ki, Türkiyədə "anti-imperialist” meyillər çox güclüdür. Türkiyə də Rusiya kimi materik imperiyası olub. Birinci dünya müharibəsinin məntiqi nəticəsi kimi Osmanlı imperiyası tamamilə sıradan çıxarılıb, Rusiyanin isə əraziləri daralıb. Bu, Türkiyə və Rusiyanı bir-birinə yaxınlaşdıran tarixi hadisə, hər iki ölkənin taleyində ortaq mərhələdir. Digər tərəfdən, hər iki dövlətin siyasi elitasının ritorikasında anti-qərbçilik, Qərbin "imperialist” siyasətinin onların inkişafını məhdudlaşdırmaq məqsədi güddüyü haqqında tezislər güclüdür. Türkiyədə anti-Qərb meyilləri ilə yanaşı, Rusiyapərəst meyillər də güclüdür. Mənə elə gəlir ki, bu amillər Türkiyə ictimai rəyinə təsir göstərir. Bu, geniş mövzudur, mən qısa dedim. Yoxsa, bu barədə saatlarla danışmaq gərəkdir. Subyektiv amillərə gəlincə, bu amillər Türkiyə dövlətinin və Ərdoğanın maraqları ilə bağlıdır. Ərdoğanın məqsədi 2023-cü ildə keçiriləcək seçkilərdən qalib çıxmaqdır. Onun qalib gəlib-gələ bilməyəcəyi barədə proqnoz vermək fikrində deyiləm. Ümumi qənaət ondan ibarətdir ki, 2023 seçkiləri həm Türkiyə, həm də Ərdoğan üçün çox çox çətin olacaq. Qısası, Ərdoğanın gedişləri əsasən 2023-cü il seçkilərinə hesablanıb. O bir tərəfdən Ukraynanın işğalın qarşı çıxır, ona yardım edir, digər tərəfdən, Putinlə normal münasibət saxlayır. Burada bir amili də nəzərə almaq lazımdır. Söhbət Türkiyədə ağır sosial-iqtisadi vəziyyətin yaranmasından gedir. Belə bir şəraitdə Ərdoğan bu böhrandan mümkün qədər çox qazanmağa çalışır. O, yaxşı başa düşür ki, həm Qərb üçün, həm də siyasi və iqtisadi baxımdan Rusiya üçün əhəmiyyət daşıyan fiqurdur. Ərdoğan siyasi baxımdan Qərb liderləri ilə Putin arasında yeganə kommunikasiya vasitəsidir. Bu faktdır ki, dünya səviyyəli liderlər arasında Putinin yalnız onunla kommunikasiyası var. Bu rol Ərdoğanı qane edir və o, bundan istifadə etməyə, qazanmağa çalışır. Onun sanksiyalara qoşulmamaqla Rusiya ilə ticari əlaqələrini qoruması, ərzaq böhranı ilə danışıqlar aparması, ümumiyyətlə, bu məsələlərdə fəallıq etməsində məqsəd heç də dünyanın böhrandan qurtarmaq deyil. Məqsəd Ukrayna taxılını ucuz qiymətə alıb, bazar qiymətləri ilə dünya bazarına çıxarmaqdır. Türkiyə Ərdoğanın timsalında burada vasitəçi şirkət rolunda çıxış etməkdir. Ərdoğan sanksiyalara qoşulsaydı, Rusiya ilə hava əlaqələri bloklanacaqdı. Bu isə Türkiyə ilə Rusiya arasında həm də turizm əlaqələrinin kəsilməsi demək olacaqdı və bu da sözsüz ki, ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir edərdi. Bu amillərin əlbəttə Türkiyə iqtisadiyyatında həlledici rolu olmasa da, hər halda situativ gəlir əldə etmək imkanı yaradır. Digər tərəfdən, Ərdoğan bu dividentlərlə opponentlərinin hücumlarının qarşısını alır. O mənada ki, ölkədə sosial- iqtisadi vəziyyətin ağırlaşması Ərdoğanın opponentlərinin ona və hakimiyyətinə qarşı arqumentlərini daha da gücləndirir. Ərdoğan Putinlə təxminən oxşar vəziyyətdədir. Amma Putinin vəziyyəti daha da ağırdır. Ərdoğan hesab edir ki, sosial-iqtisadi vəziyyəti müəyyən qədər düzəltməklə, eyni zamanda xarici siyasətdə müəyyən uğurlar əldə etməklə elektoratını ətrafında birləşdimək və seçkilərdə qalib gəlmək mümkündür. Xüsusilə, xarici siyasətdə bəzi istiqamətlər var ki, Ərdoğan müəyyən uğurlar qazanmaq, yaxud bunun görüntüsünü yaratmağa çalışır. Bu uğurlar müəyyən regionlarla bağlıdır, həmin regionlarda da Türkiyə ilə Rusiyanın maraqları toqquşur. Söhbət əsasən Cənubi Qafqaz, Liviya, Qara dəniz, Suriyadan gedir. Ərdoğan məhdud resurslarla bu regionlarda uğur görüntüsünü yaratmaq üçün Putinlə danışıqlar aparıb, alver etmək məcburiyyətindədir. Türkiyənin hazırki qlobal qarşıdurmada ikibaşlı siyasətini müəyyənləşdirən amillər bunlardır.

- Ümumiyyətlə, Qərb Qara dənizdə Rusiyanın Türkiyə ilə əvəzlənməsində maraqlıdırmı?

- Qərb Qara dəniz hövzəsində Rusiyanın imkanlarını məhdudlaşdırmaq, öz təsirni artırmaq istəyir. Orada təkcə Türkiyə deyil, bir neçə NATO dövləti var. Düşünürəm ki, ABŞ həmin dövlətlərə hərbi yardım edəcək. O ki, qaldı Türkiyəyə, ABŞ Ankaranı Qara dənizdə özünün müttəfiqi kimi görmək istəyir. Türkiyə böyük dövlətdir və ABŞ-a belə bir müttəfiq lazımdır. Amma təəssüf ki, münasibətlərdə çox böyük qarşılıqlı problemlər var. Bu problemlər Qərbin Türkiyəni özünün etibarlı müttəfiqi kimi görmək imkanlarını məhdudlaşdırır. Bu məsələ necə həll olunanacaq, bunu qarşıdakı illər göstərəcək.

- Qərbin Ərdoğanın özünə münasibəti necədir?

- Qısaca onu deyim ki, hazırda Qərb artıq Ərdoğandan, onun qeyri-sabit, həm taktiki, həm konseptual-ideoloji baxımdan siyasətini dəyişməsindən doyub.

- Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi mümkündürmü?

- Türkiyə təkbaşına qlobal gücə çevrilə bilməz. Bunun üçün nə resurslar, nə də ki, obyektiv şərtlər var. Amma əgər biz Türkiyə başda olmaqla "Turan layihəsi”nin parametrlərini korrektə edə, dəqidləşdirə bilsək, onu təkcə özümüz üçün deyil, dünya üçün də cazibadar bir layihəyə çevirə bilsək, o zaman Türkiyə bunun başında dayanan bir ölkə kimi qlobal gücə çevrilə bilər.

- Turan ideyasını dünya üçün cazibədar layihəyə çevirmək üçün hansı addımılar atılmalıdır?

- Hazırda "Turan layihəsi”ndən danışanda, sanki biz dünyaya meydan oxuyacaq bir güc mərkəzini nəzərdə tuturuq. Dünya da əslinə qalsa, "Turan layihəsi”ni bu cür qəbul edir.

- Bu ideyanın gerçəkləşməsini istəməyən qüvvələr, əlbəttə ki, Turanı təhlükə kimi qələmə verəcəklər...

- Sözsüz ki, bu layihəni gerçəkləşməsini istəməyən qüvvələr çoxdur. Bir çoxları burada Qərbi nəzərdə tuturlar. Əslində, Qərbdən daha çox Rusiya, Çin və İran maraqlıdır ki, Turan ideyası reallaşmasın. Çünki Turan onların yerləşdiyi coğrafiyanı əhatə edir. Biz dünyanı inandıra bilsək ki, "Turan layihəsi” sabitləşdirici bir vəsiləyə çevriləcək, bu halda bir sıra güclər tərəfindən, ilk növbədə regiondakı güclərin - İranla Çinin təsir dairəsini müəyyən dərəcədə daraltmağa çalışan güclər tərəfindən dəstək qazana bilərik. Qərbin ən böyük səhvlərindən biri o idi ki, Çinin həm siyasi, həm də iqtisadi ekspansiyasının qarşısını almaq üçün Rusiyanı bir güc kimi görürdü və nəticədə Moskvanın Pekinə qarşı gücləndirmək meyilləri güclü idi. Amma xəritəyə baxsanız, Turan Aralıq dənizindən başlayaraq Çinin sərhədlərinə qədər ərazini əhatə edir. Bu, kifyət qədər ciddi bir gücdür. Bu gücü sabitləşdirici, əlaqələndirici, aqressiv meyillərin azaldılmasına gətirən bir layihə kimi təqdim ermək mümkün olsa, bu ideyanın gerçəkləşməsinə dəstək verən qüvvələr ola bilər. Hələlik, təəssüf ki, Turana dünyaya meydan oxuyan layihə kimi baxırlar. Bu halda onun dəstklənməsi ehtimalı sıfıra enir.

Vidadi Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.