“Atam bizi fərqli böyüdüb, indi bilmişik ki, çətinlik nədir”
30-07-2022, 11:58
“Bizim çox maraqlı uşaqlıq illərimiz olub. Biz tam fərqli böyümüşük. Atamla tez-tez bulvara gedirdik, gəzirdik. Onda hələ mən balaca idim, başa düşmürdüm. Görürdüm ki, hamı ona baxır, sevir, maraqlanır. İndi müğənni də olsam hamı mənə Yaşar Nurinin qızı deyir. O vaxtdan gözümü açıb evdə dahi insanları görmüşəm, məşhurluq görmüşəm”. TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. O daha sonra əlavə edib.
“Atam bilirdi ki, mənim çox böyük həvəsim var, rəqsə gedirdim onun sağlığında. O bilirdi ki, mən incəsənətə meylliyəm. Arada sual verirdim ona ki, “ay ata mən aktrisa olmaq istəyirəm”. Mənə deyirdi ki, lazım deyil. O zaman mən dərk etmirdim. Müğənni olandan sonra bildim ki, o çətinlikləri yaşadığına görə istəməyib ki, övladı onun çəkdiyi çətinlikləri yaşasın. Bilirəm ki, indi yaşasaydı müğənniliyimə heç nə deməyəcəkdi. Atam bunu görsəydi deyərdi ki, “qızım sənin istedadın, potensialın varsa mən sənə dəstəyəm” deyə müğənni bildirib.
O, atasının ölümündən sonra tək qaldığını bildirib.
“Mən həmişə deyirəm ki, xalq sənətkarını itirdi, mən dostumu, sirdaşımı, əzizimi, arxa dayağımı. Atam sağ olanda mən yaşamırdım, dünyanı görmürdüm. Bu 10 ildə görmüşəm ki, əziyyət nədir, yalan nədir, doğru nədir. O qədər pambıq içində böyüdüb atamız bizi ki, kənardan bizə heç nə edən olmayıb. Ondan sonra ikinci bir insan tanımıram ki, onun kimi mənə dayaq olsun. Atamın bir mahnısı var, “kimlər gəldi, kimlər getdi” o mahnını heç vaxt oxuya bilmirəm. Oxuyanda çox kövrəlirəm” deyə Ülkər Yaşarqızı deyib.