Qərbdən Türkiyəyə qarşı sanksiya gözləntisi: Ankara təzyiqlərə hazır olmalıdır
14-08-2022, 12:08
Politoloq: “Qərb unutmamalıdır ki, Türkiyə-Rusiya müştərək fəaliyyəti qlobal trendə çevrilən ərzaq təhklükəsizliyinin təminində mühümdür”
Avropa İttifaqında (Aİ) Türkiyəyə qarşı sanksiyaların tətbiqinin mümkünlüyü müzakirə olunur və buna səbəb kimi rəsmi Ankaranın işğalçı ölkə ilə əməkdaşlığı göstərilir. Bu barədə Britaniyanın "Financial Times" nəşri mənbəyə əsaslanaraq məlumat yayıb. Nəşrin yazdığına görə, Avropanın yüksək rütbəli rəsmiləri iki ölkənin enerji, maliyyə və ticarət sahələrində mehriban münasibətindən narahatdırlar.
Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı rəsmi danışıqlar hələ aparılmayıb. Lakin nəşrdəki mənbələrə görə, onların avropalı rəsmiləri Ankaranı buna görə necə “cəzalandıracaqlarına” artıq qərar veriblər – Qərb şirkətlərinə və banklarına təzyiq göstərmək planlaşdırılır.
Mövzu İlə bağlı AYNA-nın suallarını cavablandıran politoloq İlyas Hüseynov deyib ki, "Financial Times"da nəşr olunan məlumat həqiqəti qismən əks etdirir.
Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında yaxınlaşma həm dəı hərbi-siyası əhəmiyyətə malikdir: “Türkiyə Rusiya ilə yaxınlaşmaqla iqtisadi səmərə güdür. Eyni halı Rusiya üçün də qeyd etmək lazımdır. Tərəflər arasında yaxınlığın olması geniş coğrafiyada təhlükəsizlik aspektinə də müsbət təsirlərini göstərir. Söhbət Liviya, Suriya, Cənubi Qafqaz və dünyanın digər bölgələrindən gedir. Rusiya ilə Türkiyənin bir sıra bölgələrində maraqları üst-üstə düşməsə də, müəyyən konsensus tapmaq olur. Eyni zamanda, Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini əldə etməsi, Akkuyu AES-in tikintisi və istifadəyə verilməsi ilə bağlı tədbirlər, tikinti, turizm, sənaye və kənd təsərrüfatı sahəsindəki fəaliyyət bu konsensusun əldə edilməsini mümkün edir. Türkiyə-Rusiya münasibətlərində bu məsələlər prioritetlərdir. Bu, təbii ki, Qərbi qıcıqlandırmaya bilməz”.
“Təbii ki, NATO portvelinə daxil olan Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşı olması Qərb dairələrində narahatlıqlar doğurur. Çünki NATO üzvü olan ölkənin Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiya ilə yaxınlaşması Qərb strateqləri üçün qəbul olunan deyil. Rusiya amili səbəbindən Türkiyənin Qərbdəki müttəfiqləri ilə gərginlik yaşadığının şahidi olmuşuq. Bunun Türkiyə iqtisadiyyatına, Türkiyə valyutasına mənfi təsirləri bir neçə dəfə baş verib. Güman etmək olar ki, yenə də mənfi təsirlər müşahidə olunacaq”, - analitik vurğulayıb.
İ.Hüseynov vurğulayıb ki, Türkiyə lirəsi üzərindən manipulyasiyalar Qərb tərəfindən çox geniş şəkildə tətbiq edilir: “Lakin nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə Türkiyə təhlükəsizlik baxımından mühüm oyunçudur. Türkiyəyə qarşı “erməni kartı”ndan istifadə olunması, iqtisadi rıçaqların işə salınması kimi alətlərdən istifadə edilir. Bu alətlər bir sıra hallarda çəkindirici xarakter daşıyır. İqtisadi sahədə təzyiqlərlə Qərb rəsmi Ankaraya çağırışlar edir. Ona görə də Türkiyə dayanıqlı iqtisadiyyatın təmini üzərində geniş fəaliyyət göstərməlidir ki, hansısa təzyiqlər, dalğalanmalar, sanksiyalar tətbiq edilsə də, bu, türkiyəyə təsir göstərə bilməsin”.
Politoloq onu da bildirib ki, türkiyə ilə Rusiyanın yaxınlaşması Qara dəniz bölgəsində təhlükəsizlik baxımından əhəmiyyətlidir: “Unutmaq olmaz ki, Ankaranın gərgin fəaliyyəti və diplomatik səyləri sayəsində “Taxıl dəhlizi” razılaşdırıldı və bu gün Ukrayna taxılı Ukrayna bazarlarına çıxır. Bu, çox önəmli məsələdir. Hazırda yaşanan qlobal inflyasiya şəraitində ərzaq təhlükəsizliyinin təmini aktualdır. Qərb unutmamalıdır ki, Türkiyə-Rusiya müştərək fəaliyyəti qlobal trendə çevrilən ərzaq təhklükəsizliyinin təminində mühümdür”.
“Qərbdəki analitiklərinin də proqnozlaşdırdığı kimi, Qərb tərəfindən türkiyəyə müəyyən sanksiyalar tətbiq edilə bilər. Amma əminəm ki, Ankara bunu hesablayıb və müəyyən qabaqlayıcı addımları düşünüb”, - politoloq qeyd edib.
“Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması Cənubi Qafqazda təhlükəsizliyin arxitekturasına müsbət təsir göstərir. Qarabağda Rusiya-Türkiyə Birgə Manitorinq Mərkəzinin varlığını unutmamaq lazımdır”, - deyə analitik fikrini yekunlaşdırıb.
Müəllif: Anar Bayramoğlu