Novella Cəfəroğlu ermənilərə səsləndi: “Gəlin, qonaq olun”
12-10-2022, 00:02
“Biz istəsək də, istəməsək də ermənilər bizim qonşumuzdur. Ümumiyyətlə, bu regionda bizim dostumuz yalnız Türkiyədir. Ona görə də, biz çalışmalıyıq ki, nəyin bahasına olursa-olsun qonşularla dinc yaşayaq və onlarla dil tapaq. Mən istəmirəm ki, müharibə olsun, çünki bizim genofondumuz məhv olur. Dil tapmaqdan ötrü də onlarla danışmaq lazımdır. Onları başa salmaq lazımdır ki, ay bədbəxtlər sizin də uşaqlarınız ölür. Bax, bu torpaqlarda da dünyasında siz heç vaxt olmamısınız! Sizin torpaqlar deyil! Amma normal yaşamaqdan ötrü dostluq edək, Zəngəzur yolunu açın, bununla da Türkiyə sizə bütün yollarını açacaq. Yəni, əmin-amanlıq olsun. Bütün bunları da ermənilərdən ötrü yox, özümüzdən ötrü etməliyik. Düzdür, bunlar bizə olmayan zülmü ediblər. Amma, bu gün görürük ki, Paşinyanla Ərdoğan da, bizim prezident də necə danışır. Yəni, bunların hamısı nədən ötrüdür? Azərbaycan dövlətçiliyindən, ərazi bütövlüyündən, millətin sakit yaşamağından ötrüdür. Biz də o diplomatiyanı millətlə, camaatla qurmalıyıq, danışmalıyıq: “Acınızda ölürsünüz, heç yana çıxa bilmirsiniz. Sizinlə bir yerdə yaşayaq. Gəlin, qonaq olun!”. Yəni, bütün bunları millətlə danışmaq lazımdır. Ona görə də, xalq diplomatiyası sözsüz ki, olmalıdır”.
TEREF.AZ yazır ki, bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
“Sizə adi bir misal gətirim. Bu gün bir çox ailələrimizdə dava-savaş olur, amma üçüncü bir adam gələndə, bir ağsaqqal gələndə barışma olur. Bizdə o ağsaqqallıq rolunu sağolsun, Ərdoğan oynayır, həmçinin də bizim prezidentimiz də edir. Ağsaqqallıq rolunu oynayan insanlar hər zaman ailələri barışdırırlar. Cənab İlham Əliyevin torpaqlarımızı almamışdan qabaq onlara nifrətini gözündə görmüşəm, bugün isə qürurla onlarla danışa bilir. Xankəndində olanlara deyir, siz mənim vətəndaşımsınız, bütün Azərbaycan xalqı kimi bütün hüquqlar sizə də şamil olunacaq. Gəlin, normal yaşayaq. Bundan artıq nə deyə bilər?! Ermənilərlə vətəndaş cəmiyyəti, partiyalar danışmalıdır. Ən vacibi isə alimlərin və ziyalıların onlarla dil tapıb, danışmasıdır. Bu çox vacib nüansdır. Bu gün alimlərimiz, şairlərimiz, musiqiçilərimiz xalq diplomatiyasını aparmalıdırlar. Bir yerdə kino çəkə bilərlər, bir şey icad edək deyə bilərlər. Budur, xalq diplomatiyası! Hesab edirəm ki, yəqin məni eşidəcəklər”.