«Dövlət 9-11-ci siniflərdə təhsili hazırlıq kursları ilə əvəz etməlidir» - ÇAĞIRIŞ

12-10-2022, 10:49           
«Dövlət 9-11-ci siniflərdə təhsili hazırlıq kursları ilə əvəz etməlidir» - ÇAĞIRIŞ
Azərbaycanın təhsil sektorunda dəyişikliklər, islahatlar aparıldıqca, bu sahəyə baxış da dəyişir. Üstəlik yeni texnologiyaların inkişafı, özəl biznesə və sahibkarlığa maraq indiyədək dəyişməz hesab olunan bəzi qaydalara yenidən baxılmasına ehtiyac yaradıb.

TEREF.AZ FED.az-a istinadla bununla bağlı ölkənin tanınmış tədris mərkəzlərindən olan «Hədəf» kurslarının İcraçı Direktoru Səftər Əlisəfa ilə müsahibəni təqdim edir.

- Səttar müəllim, repetitorluq, hazırlıq kursları sahəsi az sahələrdəndir ki, dövlət bu sahəyə ciddi müdaxilə etmir. Sizcə bu yaxşıdır, yoxsa pisdir?

Yaxşı tərəfi də var, pis tərəfi də. Yaxşı tərəfi odur ki, sərbəstlikidr, sırf təmiz rəqabətdir. Bu fəaliyyət sahəsi elədir ki, təhsillə bağlı olduğu üçün burada nəticə hamı üçün maraqlıdır.

-Nəticə də göz qabağındadır...

Bəli, nəticə göz qabağındadır. Bizdə də belə bir anlayış var - universitetdə oxumamaq üçün pul versək də, harada uşağımızın daha yaxşı təhsil alacağı hamımız üçün maraqlıdır. Kimin hansı şəraitdə pul verməsindən asılı olmayaraq.

- Əslində sizin biznesin xarakteri də odur ki, burada nəticə onsuz da göz önündədir. Nə qədər desəniz də ki, yaxşı kursdur, qəbul aşağı olsa...

Bəli, televiziyada, radioda reklam versək də heç biri effekt vermir. Bizdə konkrekt nəticə hər şeyi ifadə edir. Əsas reklam nəticəmizdir. Bir neçə nəsil hətta özü oxuyur, uşağını, qohumunu gətirir. Artıq 25 ildir, 1998-ci ildən bu sahədəyəm, universiteti bitirəndən özəl sektordayam.

- Səttar müəllim, yaxşı təhsil mərkəzi üçün universitetə qəbul norması nə qədərdir? Yəni hazırlığa gələnlərin neçə faizi qəbul olsa təhsil mərkəzi üçün normal göstərici saymaq olar?

Artıq faiz məsələsi də öz əhəmiyyətini itirib. 5-10 il əvvələdək 95-99% qəbul göstəriciləri nəsə ifadə edirdi. Attestatla xarici universistetlərə qəbul , kolleclərlə qəbul olmayanların qəbulu ortaya çıxandan sonra faiz məsələsi özünü doğrultmadı

- Bəs onda kurslara nə üçün gəlirlər?

Xaricdə və ölkədə daha yüksək prestijli yerlərə qəbul olmaq üçün. Demək olar ki, qəbul olmayan olmur. Həm də seçim çoxdur. Ən çətini elə azərbaycan universitetlərinə qəbul olmasıdır. Artıq orada Azərbaycan universitetlərinə qəbul olmayanlar attestla Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya variantları əlçatandır.

- Səttar müəllim, Azərbaycan universitetlərinə imtahan verib qəbul olmaq perspektivlidr, yoxsa, imtahansız attestatla xarici universitetlərə? Hansı daha yaxşı nəticə sayılır?

Bu da birmənalı deyil, bunun da iki tərəfi var. Birincisi, təəssüflə deyirəm ki, Azərbaycan universitetləri dünyada gedən proseslərə çox ləng adaptasiya olur. Biz çox geri qalmışıq. Bunu qoyaq bir kənara, mənim övladım da universitetə qəbul oldu, mən bir valideyn kimi özüm də çox götür qoy etdim. Türkiyədəmi oxusun? Birmənalı olaraq, ən azından yaşam,məişət baxımından bizə yaxın olduğu üçün ən rahat olduğu yer oradır. Müqayisə edəndə , siz də razılaşarsınız ki, orta səviyyəli Türkiyə universitetləri verdiyi təhsil keyfiyyətinə görə bizim ən öndə gedən universitetlərdən öndədir. Hazırda mənim qızım Pedaqoji Universitetin III kurs tələbəsidir. Mənə deyir ki,universitetin yaşlı kimya müəllimi heç nə dediyini özü də bilmir. Bu təəssüf doğuran bir haldır. Bizim universitetlər hazırkı trendi öyrənmə səviyyəsinə hələ gəlib çatmayıb. Kimya müəllimi nə öyrənməlidir bu gün? Bu günkü trend nədir? Biz yaşlı müəllimizin xətrini istədiyimizə görə o kafedrada saxlanılır, onun dərsi saxlanılır. Nə keçdiyi dərsin mahiyyəti, gələcəkdə lazım deyil. Üstəlik dərs keçmə formatı tam tələbatı ödəmir. Sadəcə bu yaşda tələbələr xarici ölklərə bir az adaptasiya olmaqda çətinlik çəkirlər.

- Onda DİM-in keçirdiyi imtahanların bir önəmi varmı?

DİM-in keçirdiyi imtahanın bir ölçü olması bir reallıqdır. Həmin ölçünün altında qalanların gedib xarici ölkələrdə müvəffəqiyyət qazanması bir az sual altındadır. Xatırlayırsınızsa, bu il 700 bal toplayan tələbənin Türkiyə universitetini seçməsi alqışalayiq bir hal idi. Hətta bizim bəzi qurumlar onu ittiham da etdi bu seçiminə görə. Amma əslində doğru addım atdı. Əgər bizim Tibb Universitetində oxusaydı onda vaxt itiriəcəkdi.

Hədəf kurslarında çox istedadlı uşaqlarımız var. Lakin bəzən onların içində çox potensiallı olanlar var ki, 600 bal toplayırlar, yerli universitetlərdə kölgədə qalırlar, özlərini doğrulda bilmirlər.

- Siz dediniz ki, əsas məsələ şagirdin hara qəbul olmasıdır. Hansı ixtisaslara qəbul olmaq daha yaxşı sayılır?

- İxtisas qruplarına nəzər alsaq, I qrupda ən perspektivli sahə IT üzrə mühəndislikdir. Lakin əvvəllər daha savadlı olanlar İqtisad universitetinin Beynəlxalq münasibətlər ixtisasını seçirdi. Hazırda isə bu ixtisasa qəbul balı olduqca aşağı düşüb. Hətta ən yüksək balla qəbul olanların bir çoxunu mən tanıyırdım ki, hazırda işsizdirlər. Hazırda da eyni proses gedir. Məsələn, daha çox Bakı Ali Neft Məktəbinə İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis ixtisasına meyil edənlər də çoxdur. Reallığa baxsaq bu məktəb Dövlət Neft Şirkətinin nəzdində açılıb. Hələki nə dərəcədə özünü doğruldacağı bilinmir.

- Siz bildirirsiniz ki, dövlətin bu sahəyə müdaxilə etməməsi yaxşı haldır ki, rəqabət olur. Bəs müdaxilə olmamasının pis cəhəti nədir?

Pis cəhəti odur ki, müəyyən problem yaşayırıq. Məsələn, pandemiya dövründə biz bunu çətinliyini yaşadıq. Bizimlə bağlı qərar verilir sırf iqtisadi tərəfindən kiçik orta biznes təşkilatı kimi. Bu da işimizi dayandırmağa səbəb oldu.

Bundan başqa, bizim ali məktəbə hazırlaşan və əziyyət çəkən uşaqlar - 9-11-ci siniflər əziyyət çəkirlər. Bu məsələdə tədbir görmək lazımdır.

- Nəyi nəzərdə tutursunuz?

Baxın, bu gün 9-11-ci sinif orta məktəb təhsili heç bir işə yaramır. Biz özümüz də valideyn olaraq övladlarımızın məktəbə yox, hazırlığıa getməsinin axtarışındayıq. İstərdik ki, dövlət özü dəstək versin, bu dövrü hazırlıq prosesinə çevirək. Hazırda buna külli-miqdarda pul ayrılır. Sənədlə, attestatla, hansısa formada bunu etsinlər.

- Yəni siz təklif edirsiniz ki, 9-11-ci siniflərdə tədris indiki formada ləğv edilsin və məsələn kurs şirkətlərinin operatorluğu ilə universitetə hazırlıqla əvəz olunsun?

Bəli, operatorlara versinlər, biz təşkil edək. Təsəvvür edin, uşaqlar saat 8-dən 2-yə kimi yarıac-yarıtox, günün ən səmərəli vaxtlarını orada keçirir. Sonra da cəld hazırlığa qaçırlar.

Məsələnin görünməyən vacib tərəfləri də var. Yetkinlik yaşına çatmayan uşaqları Bakının küçələrinə buraxmışıq. Son vaxtlar valideyn basqısı səbəbindən intihar halları çoxalıb. Onlar tanımadığı şəxslərlə kontaktda olur, onların tələsinə düşür. 9-11-ci siniflərin hazırlığa çevrilməsi bütün bu problemləri həll edə bilər.

- Siz təmayülləşmə ilə bağlı nazirliyə müraciət etmisiniz?

Mən yeni təhsil nazirimiz təyin olunanda ona açıq bir məktub yazdım. Öz övladlarımı da gözümün qarşısına gətirərək bir təhsil işçisi kimi fikirlərimi bildirdim ki, ölkə təhsilinə bu istiqamətdə kömək etmiş olum. Təbii ki, məktəb direktorları məcbur edir, şagird dərs müddəti ərzində məktəbdə olmalıdır. Lakin bu səmərəli deyilsə, niyə boşuna vaxt itkisi olsun.

- Sizcə nəzarətsiz olmaqla, kursların sayının çox olması doğrudurmu? Dövlət buna müdaxilə etməlidirmi?

Müəyyən qədər bəli, müdaxilə olmalıdır. Çünki kursda dərs deyən müəllim minimum tələbatı ödəməlidir. Çünki bizim mentalitetdən gələn bir şey var, deyirlər Azərbaycanda nə yaxşı işləyir? – Kurslar, 5 manat pulun var gəl kurs aç.

- Demək istəyirsiniz ki, dövlət onu tənzimləyə bilər ki, kimsə kurs açmaq istəyirsə müəyyən standardları ödəməklə açsın.

Bəli.

- Türkiyənin, Gürcüstanın, Rusiyanın özəl universitetləri ilə tanışsınız. Hətta Gürcüstanın özündə 70-dən çox universitet var. Onların da bir çoxu özəldir. Bizdə isə özəl universitetlər çox azdır.

- Bəli, hətta bizdə özəl universitetlərin sonra bağlanma düşüncəsi var. Hətta həmin universitetlərin diplomunun tanınmaması xofu var.

- Hətta bəzi ixtisasların həmin universitetlərdə tədrisi mümkün deyil... Sizcə bu problem yaradır?

- Problem yaradır. Bu da bizim öz dəyərlərimizdən gələn problemdir. Cəmiyyətlə təhsil iç-içədir. Yəni cəmiyyət nədirsə, təhsil də odur. Gürcüstan cəmiyyəti nədirsə, Gürcüstan təhsili də odur. Eləcə də Azərbaycan cəmiyyəti və Azərbaycan təhsili.

Mən bəzi ixtisasların universitetlərdə ümumi olaraq bağlanmasının əleyhinə olsam da, sırf Azərbaycanda bağlanmasının tərəfdarıyam. Heç bir maddi-texniki bazası yox, guya həkim yetişdirir. Bir otaqla həkim yetişdirmək olmaz. Özəl universitetlərdən bir Qafqaz, bir də Xəzər universiteti var idi bu vaxta kimi. Çox yaxşı da rəqabət aparırdılar. Müəyyən səbəblər üzündən Qafqaz universiteti demək olar ki, dağıldı. Halbuki,mənə görə çox yaxşı universitet idi. Qafqazın bağlanması da bir zərbə vurdu özəl universitetlərə.

- Siz 15 ildir bu kursda fəaliyyət göstərirsiniz. 10 ilə əvvəl kurs üçün müəllim tapmaq daha asan idi, indi daha çətindir. Məktəblərdə maaşların az olmasına görə müəllimlərin kurslara marağı yüksək idi. İndi maaşlar artır, bunun sizə mənfi təsiri oldumu, yəni müəllim cəlb etmək çətinləşdimi?

Maaşların artmasını yox, repititorluğun geniş vüsət almasını səbəb kimi göstərmək olar. Kursda gəlib əlavə xərcə düşməkdənsə öz evində daha sərbəst şəkildə məşğul ola bilir. Təbii ki, bunun özü də bir rəqabətdir. Ancaq müəllimlik tərəfindən yaxşı, dövlət iqtisadiyyatı tərəfindən mənfi rəqabətdir. Çünki məlum məsələdir ki, vergilərin ödənilməsində ciddi yayınmalar var. Repititorluq bazarında olan maliyyəni təsəvvür etmək çox çətindir.

- Səttar müəllim, sizcə, Pedoqoji Universiteti bitirən müəllim üçün orta məktəbdə dərs demək yaxşıdır, yoxsa, məktəbə getməyib repititorla məşğul olmaq?

Nümunə üçün, əgər bir şagird üçün hazırlığın qiymətini 50-100 manata hazırlasa, hər qrupda on şagird olsa və, həftədə iki dəfə saat yarım məşğul olarsa bu daha sərfəli biznesdir. Çünki, o artıq burada özü-özünün ixtiyar sahibidir. Gəliri yüksək, qrafiki daha yaxşı, üstəlik də çox əsəbiləşib, əsəbləri korlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.