“Milyonçu adamların pulunu alıb, müəllimlərə vermək lazımdır” — Şeyx Əbdül
13-10-2022, 00:13
“Müəllimlərin mütləq rəsmi dövlət statusu və toxunulmazlığı olmalıdır”.
Teref.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli deyib.
“Ay başınıza dönüm, bu gün məktəblərdə müəllimləri adam yerinə qoymurlar. Biz vaxtilə dədəmizdən -anamızdan çox müəllimlərdən qorxurduq. İndi müəllim cırıq şalvarla, yamaqla gəlir, uşaq isə “mersedes, cip və axran”la gəlir. Müəllim də uşağa söz deyə bilməz. Və bir söz deyən kimi də uşaq müəllimə hədə-qorxu gəlir. O cür müəllimə təzyiq göstərən vəzifəli, pullu adamlar mütləq həbs olunmalıdır. Müəllimlərin hüquqi müdafiəsi, dövlət səviyyəsində statusu olmalıdır. Onların aylıq məvacibi dövlət səviyyəsində təmin olunmalıdır. Milyonçu adamlardan pulu alıb, müəllimlərə vermək lazımdır. Onların maşınlarını satıb, pulunu isə müəllimlərə verilməlidir ki, uşaqlarınıza tərbiyə versin. Müəllim uşağın qulağını da çəkər, kürəyinə də vurar, əlinə də. Bizi döyməyib müəllimlərimiz? Sən evində uşağını tərbiyə edə bilmirsən! 9-10 yaşlı uşağın 200 minlik maşınla gəlir, müəllimi də adam yerinə qoymur. Sonra düşürük müəllimin üstünə, müəllimi sayan var? Müəllimi adam yerinə qoyan var? Bir milləti məhv etmək üçün müəllimini və həkimini məhv edirsən, vəssalam. Ona nə top, nə də tüfəng lazım deyil. Bu mənada bütün kütləvi informasiya vasitələrini səfərbər olmağa çağırıram. Milli Məclsidən, lazımi dövlət strukturlardan da xahiş edirəm ki, artıq bu məsələyə nəzarət Qarabağ məsələsi qədər gündəmdə olmalıdır. Bu gün Qarabağ məsələsi dövlət səviyyəsində, beynəlxalq səviyyədə, siyasi mühitdə, ideoloji səviyyədə hansı səviyyədədirsə, ailə və məişət də o səviyyədə dövlət tərəfindən nəzarətə götürülməlidir”.