“MÜHARİBƏ DAHA QANLI FAZAYA KEÇƏCƏK...” - “Yaxın günlərdə Ukraynanın cavabını görəcəyik”
13-10-2022, 08:44
Azad İsazadə: “Putinin əsas məqsəd Ukrayna xalqını daimi bomba və raket zərbələri ilə bezdirmək və sülhdən danışmağa məcbur etməkdir”
“Ruslar nüvə silahından istifadə etsə, ABŞ dərhal müharibəyə qoşulacaq”
Rusiya-Ukrayna müharibəsi yenidən raket terroru fazasına keçir. Putin Rusiyası Ukrayna şəhərlərinə, mülki əhaliyə və infrastruktura raket zərbələri endirir. Buna baxmayaraq, Ukrayna Ordusu əks-hücum kampaniyasını davam etdirir, cənubda və şərqdə yaşayış məntəqələrini işğaldan azad edir.
Buna paralel olaraq, bir sıra mütəxəssislər nüvə silahının tətbiqi təhlükəsinin artığını bildirirlər. Artıq bəzi Avropa ölkələrində, eləcə də Ukraynada insanlara nüvə zərbəsi zamanı şüalanmadan qorunmaq üçün xüsusi dərmanlar da paylanılır. Beləliklə, dünya Rusiyanın şıltaqlığından əziyyət çəkməkdə davam edir.
“AzPolitika.info” bu mövzuyla bağlı hərbi analitik Azad İsazadə ilə söhbətləşib:
- Azad müəllim, Rusiya Kiyev daxil olmaqla, Ukraynanın əksər iri şəhərlərinə raket zərbələri endirib və rəsmən etiraf ediblər ki, bu zaman mülki infrastruktur obyektlərini vurub. Kremlin bu addımlarını necə qiymətləndirirsiniz?
- Məncə, Rusiyanın son hərəkətləri Krım körpüsünə görə qisasdır. Ancaq bir məqam da var. Dünya gözləyirdi ki, Moskva Krım körpüsünə görə, nüvə silahından istifadə edə bilər. Amma böyük ehtimalla Qərb Putin qarşısında elə şərtlər qoyub ki, o, nüvə silahı haqqında danışmaq belə istəmir. Eyni zamanda, Putin körpünün partladılmasının əvəzində nəsə etməli idi. Xüsusilə, nəzərə alsaq ki, bu körpü onun ad günündə partladılıb. Putin nümayiş etdirməlidir ki, belə hallara sərt reaksiya verəcək. Əlbəttə, ilkin məqsəd Ukrayna xalqını çökdürmək, qorxutmaqdır. Bunun nəticəsində Ukrayna xalqı öz hakimiyyətindən tələb etməlidir ki, danışıqlara başla və müharibəni dayandır.
Digər tərəfdən Putin öz əhalisinə - revanşist hisslərlə yaşayan, müharibənin davam etməsini istəyən qüvvələrə göstərməlidir ki, “mən zəif deyiləm, gördünüz ki, sərt cavab verdim”. Beləcə, öz əhalisini sakitləşdirmək üçün bu cür mesajlar verir. Sözsüz ki, əsas məqsəd Ukrayna xalqını daimi bomba və raket zərbələri ilə bezdirmək və sülhdən danışmağa məcbur etməkdir. Amma göründüyü kimi, Ukrayna xalqı və hakimiyyəti sülh barəsində danışmaq belə istəmir, ərazilərini işğaldan azad etməyə çalışır.
- Bu hücumdan sonra Rusiya Müdadfiə Nazirliyi elan etdi ki, qarşıya qoyulan məqsədə çatıb. Sizcə, Rusiya doğrudanmı bu raket zərbələrilə nəzərdə tutduğu məqsədlərə nail olub?
- Yox. Məncə, əsas hədəf dinc əhalidir. Rus ordusu üçün əsas problem ondadır ki, Ukraynada faktiki hərbi anbarlar yoxdur. Qərbdən gələn az sayda partiyalardan ibrət silah-sursat qurulan logistika və mexanizmlər hesabına dərhal orduya paylanılır. Odur ki, rus ordusu üçün vurmağa obyekt də yoxdur. Ruslar isə əvvəl silahı gətirib anbarlara yığır və sonra paylaşdırır.
Rus ordusu hər dəfə elan edir ki, filan şəhərdə filan obyektləri vurur. Əslində isə mülki obyektlərə və infrastruktura zərbələr endirir. Əsasən elektrik stansiyalarını, su anbarlarını və s. vurur. Məqsəd odur ki, qış fəslində yaşamaq çətin olsun və ukraynalılar müharibədən bezsin.
- Sizcə, Rusiyanın bu cür hücumları Ukrayna Ordusunun əks-hücum əməliyyatlarını dayandıra bilərmi?
- Hazırda yox. Ola bilsin ki, sürəti azalda bilər. Nəzərə almaq lazımdır ki, Ukrayna Ordusu daim hərəkətdədir və rus müdafiə xəttində boşluqlar axtarır ki, cəbhəni yarsın. Ümumən Ukrayna Ordusu şəhərlərə hücum etmir, onları kənardan keçməklə yarı-mühasirəyə alır. Nəticədə rus ordusu məcbur olub həmin şəhərləri tərk edir. Məncə, Ukrayna Ordusunun hücumu noyabrın ortasına qədər davam edəcək. Sonra soyuqlar düşdüyündən, yağış, palçıq səbəbindən texnikanın hərəkəti çətinləşəcək. Bu səbəbdən istisna etmirəm ki, qışda hücum əməliyyatları səngiyəcək.
- Hazırda Ukrayna Ordusu Xersonun 30 kilometrliyindədir. Bu istiqamətdə Ukrayna Ordusunun perspektivini necə görürsünüz?
- Putin Xersonu əlində saxlamağa çalışır. Ancaq istisna etmirəm ki, noyabrın 10-dan sonra rus ordusu Xersonu tərk etməyə başlayacaq. Rus ordusunda silah, yanacaq, isti geyim və normal ərzaq təminatı peroblemləri müşahidə olunur. Üstəlik, praktiki olaraq Ukrayna Ordusu rusların silah anbarlarını durmadan vurur. İstisna etmirəm ki, mühasirəyə düşmək təhlükəsi reallaşanda rus ordusu geri çəkiləcək. Ukrayna Ordusu Xerson şəhərinin 30 kilometrliyində olmasına baxmayaraq, bu şəhərə birbaşa hücum etməyəcək. Çünki şəhərdə mülki əhali var, üstəlik şəhərin içində ordunun itkiləri də çox ola bilər. Odur ki, Ukrayna Ordusu çalışacaq ki, şəhərin kənarından keçməklə irəliləsin, kommunikasiyaları bağlasın. Beləcə şəhəri mühasirəyə alacaqlar və bu halda ruslar özləri şəhəri tərk etməli olacaqlar.
Ətraflı
- Rus ordusunun hazırkı potensialını necə qiymətləndirirsiniz?
- Potensial çox aşağıdır, canlı qüvvə kifayət qədərdir, amma real döyüş qabiliyyətinə malik qüvvələr çox azdır. Əsas döyüşkən qüvvələr “Vaqner” muzdlularıdır. Donetsk-Baxmut istiqamətində də onlar hücuma cəhd edirlər. Amma səfərbər olunanlardan ibarət qoşun sadəcə əlində silah olan insanlardır. Nisbətən döyüş qabiliyyəti olanlar həm də Donetsk və Luqansk vilayətlərində formalaşan hərbi hissələrdir. Çünki onlar 2014-cü ildən bu yana döyüşürlər. Beləliklə, yalnız muzdluların və separatçı bölgələrin hərbi qüvvələrinin döyüş qabiliyyəti var.
- Putin Ukraynadakı rus ordusunun komandan vəzifəsinə general Sergey Surovikini təyin edib. Qəddarlıqla və yuxarı komandanlıqdan gələn əmrləri nəyin bahasına olursa-olsun yerinə yetirməklə ad çıxaran bu general Ukraynadakı vəziyyəti dəyişə bilərmi?
- Məncə, dəyişə bilməz. Şəhərləri, mülki insanları və infrastrukturu vurmaqla durumu dəyişmək olmaz. Vəziyyəti köklü dəyişmək üçün ilk olaraq Ukrayna Ordusuna zərbə vurmaq lazımdır. Nəzərə almaq lazımdır ki, rus ordusunun generallarının səviyyəsi olduqca aşağıdır. Onlar II Dünya Müharibəsinin üsulları ilə müharibə aparırlar. Halbuki, indiki şəraitdə yeni müharibə çevik hərəkətlər, manevrlər, kiçik qruplarla hərəkət etmək və s. tələb edir. Bunu isə rus ordusu bacarmır, bilmir və hazırda müharibə getdiyi üçün öyrənməyə də vaxtı yoxdur. Məhz buna görə də onlar sülhdən danışırlar ki, vaxt qazansınlar, ordunu cəmləşdirsinlər və yeni şəraitə uyğun müharibə aparmağa başlasınlar.
- Rusiya artıq neçənci dəfədir ki, paytaxt Kiyev daxil olmaqla Ukrayna şəhərlərinə raket zərbələri endirir. Ukrayna Ordusu rusların bu addımına cavab olaraq, Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələr endirə bilərmi?
- Fikrimcə, son raket zərbələri ilə Moskva Ukrayna hakimiyyətinin əlinə real arqument verir ki, Qərbdən uzaqvuran raketlər tələb etsin və onları əldə edə bilsin. Sözsüz ki, Ukrayna rəhbərliyi Qərb tərəfdaşlarına “Rusiya əhalimizi qırır, bizə silah verin ki, əlimiz Rusiyaya çatsın” formasında dəstək istəyəcək. Nəzərə alın ki, bu günlərdə növbəti Ramştayn toplantısı keçiriləcək. İstisna etmirəm ki, bəzi uzaq mənzilli silahlar artıq Ukraynadadır, sadəcə ABŞ icazə verməlidir ki, bu silahlardan istifadə edilsin. Mənim proqnozuma görə, yaxın zamanlarda Ukraynanın necə cavab atəşi açdığını görəcəyik.
- Neçə gündür ki, Belarusda da hərbi fəallıq müşahidə olunur. Prezident Lukaşenko Rusiya tərəfindən müharibəyə daxil olacağının siqnallarını verir. Ukrayna iki cəbhədə savaş apara bilərmi?
- Əvvəla, Belarusun müharibəyə girmək riski var. Amma Belarus Ukrayna müharibəsinə qoşulsa, bu, faktiki olaraq Lukaşenkonun sonu olacaq. Məncə, Lukaşenko vəziyyətdən çıxış yolu axtarır. Aydındır ki, Kreml onu müharibəyə qoşulması üçün sıxışdırır. Əgər müharibəyə qoşulsa, bu, Belarus üçün pis nəticələr verəcək. Qeyd edim ki, Ukrayna Ordusu hazırdır və gözləyir. Ukrayna Belarus sərhədində real qoşun saxlayır və artıq sərhədi minalayıb. Üstəlik, Belarus ordusu II Dünya Müharibəsindən sonra heç bir müharibədə iştirak etməyib və təcrübəsi yoxdur. Bu ordu əsasən çağırışçılardan ibarətdir. Bəli, çətin olacaq, Ukrayna Ordusu itkilər verə bilər. Amma eyni zamanda o, Belarus ordusunu da darmadağın edə bilər.
Burada incə detallar da var. Məsələn, Belarus müharibəyə başlayandan sonra əsgərlər, zabitlər, hətta ordu hissələri Ukrayna tərəfə keçə bilər. Çünki belaruslar üçün Ukrayna düşmən deyil, yaxın qonşu dövlətdir. Yəni, onlar hərbi texnika və silahlarla Ukrayna tərəfə keçə və ya Lukaşenkonun əleyhinə çıxış edə bilərlər. Odur ki, Lukaşenko maksimum dərəcədə bu addıma getməməyə çalışır. Amma Rusiya ona qarşı təzyiqləri çoxaldır. Dözməsə, Lukaşenko onu qoruyan bilən yeganə dayağını - ordusunu itirəcək.
Digər tərəfdən, hazırda Ukrayna Ordusu iki istiqamətdə - Xerson və Donetsk istiqamətlərində vuruşur. Eyni zamanda, Belarus istiqamətində xeyli qoşun saxlayır. Ukraynanın kifayət qədər müdafiə imkanları var. Nəzərə alın ki, hazırda Ukrayna Ordusu iki istiqamətdə əks-hücum kampaniyası keçirir və bu, onlar üçün çətindir. Amma Belarus istiqamətində olan Ukrayna Ordusu müdafiə mövqeyində olacaq. Belədə isə savaşmaq daha asandır. Məncə, Belarusdan hücum olsa, Ukrayna Ordusu dözə biləcək.
- Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bir neçə ay əvvəl bəyan etmişdi ki, Krıma hücum olsa, nüvə silahı tətbiq ediləcək. Prezident Putin də üstüörtülü formada nüvə silahına müraciət edə biləcəklərinə dair mesajlar verib. Sizcə, hər keçən gün nüvə müharibəsi təhlükəsi artırmı?
- Bunu hər an gözləməliyik. Amma bunun baş vermə riski azalıb. Doğrudur, belə hədə-qorxular oldu. Lakin bundan sonra ABŞ-dan diplomatik-hərbi kanallar vasitəsilə Kremlə nə mesaj gəldisə, ruslar öz bəyanatlarını təkzib etməyə başladılar. Bildirdilər ki, biz heç vaxt belə şey deməmişik və s. Əgər ruslar nüvə silahından istifadə edəcəksə, ABŞ dərhal Rusiyanın Qara dəniz donanmasını məhv edəcək. Beləcə, ABŞ müharibəyə qoşulacaq.
Düzdür, qoşunlarını gətirməyəcək, amma nöqtə atışları ilə rus donanmasını vuracaq. Əgər bundan sonra ruslar sakitləşməsə, Ukraynadakı rus qüvvələrinə zərbələr endirəcək.
Görünən budur ki, son raket hücumlarından sonra müharibə daha qanlı fazaya keçəcək. Amma başqa bir məqam da var. Rusiya ordusu sadəcə dağılaraq, geri qaçmağa başlaya bilər. Bu variant istisna olunmur. Hazırda ayrı-ayrı faktlar var ki, rus əsgərləri silahı götürüb geri çəkilir, qaçır. Hələlik bunlar pərakəndə şəkildə baş verən hallardır. Lakin bu, kütləvi hala çevrilsə, cəbhə çökəcək və rus ordusu geri qaçmağa başlayacaq.