Mübariz Tağıyev Ruhəngiz Qasımova ilə vidalaşmağa niyə gəlmədi? – “Çəkilişdə idim, çox gec bitdi…”

13-10-2022, 13:42           
Mübariz Tağıyev Ruhəngiz Qasımova ilə vidalaşmağa niyə gəlmədi? –
Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Bəstəkarla vidalaşmağa gələnlər arasında doğmaları, yaxınları, sənət dostları, o cümlədən uzun illər “Yeni ulduz” layihəsində onunla birlikdə münsif kürsüsündə əyləşmiş Xalq artisti Murad Dadaşov və “SOY production”ın rəhbəri Oqtay Əliyev olublar.

Lakin digər münsif – Xalq artisti Mübariz Tağıyev nə vida mərasiminə, nə də dəfnə qatılıb. M.Tağıyev “Qafqazinfo”ya açıqlamasında bəstəkarla vidalaşmağa gəlməməyinin səbəbini belə izah edib: “Çəkilişdə idim. Çox gec bitdi. Ona görə gələ bilmədim. Özüm də çox pis vəziyyətdə qaldım. Amma mütləq qəbrini ziyarət edəcəyəm. Ruhəngiz Qasımova mənə doğma olan insandır”.

Tağıyev Qasımova ilə sonuncu dəfə iki ay əvvəl danışdığını bildirib: “Səhhəti ilə bağlı problemləri çox idi, lakin bunu bildirmirdi. Həmişə zarafat edirdik ki, Ruhəngiz hərəkətdə olan aptekə bənzəyir, çantası həmişə dərmanla dolu idi”.

Xalq artisti deyib ki, Ruhəngiz Qasımova çox maraqlı insan idi: “Həmişə deyib-gülərdi, zarafatından qalmırdı. O, özündən sonra iz buraxan sənətkardır. Yüzlərlə mahnının, televiziya tamaşalarının müəllifi idi. Çox vətənpərvər, torpağına bağlı biri idi. Dost-tanışa, doğmalarına hörmətlə yanaşırdı”.

Qeyd edək ki, R. Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. 82 yaşlı bəstəkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.