"Biz elə sülh istəsəydik, 44 gün savaşıb 3 mindən çox şəhid verməzdik" - ETİRAZ
14-10-2022, 12:08
“Düşünürəm ki, sülh məsələsi cəmiyyətdə, beynəlxalq aləmdə də lazım olduğundan çox müzakirə olunur, sülhə inanılır. Amma Ermənistanı tanıyan adamlar kimi deyə bilərik ki, sülh məsələsi heç də rahat başa gəlməyəcək və Ermənistan könüllü şəkildə sülh müqaviləsi imzalamayacaq”.
TEREF.AZ bildirir ki, KONKRET.az-a açıqlamasında bunları deyən Ağ Partiyanın sədri Tural Abbaslı əlavə edib ki, İrəvan sülhə imza atsa belə, müqaviləyə əməl etməyəcək:
“Necə ki 10 noyabr razılaşmasına hələ də əməl eləmirlər, baxmayaraq ki, həmin üçtərəfli bəyanat imzalananda (2020) indikindən daha ağır vəziyyətdə idilər. Yəni bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirsə, onu sülhə məcbur eləməlidir. Ermənistanı şərt qarşısında qoymalıdır. Ermənistan imtina edə bilməyəcəyi təkliflər və şərtlər qarşılığında hər hansı bir sülhə imza ata bilər. O sülh beynəlxalq normalara və Azərbaycanın maraqlarına uyğun sülh olmalıdır. Ermənilər isə öz maraqlarını əks etdirən sülhü istəyirlər, o da bizə sərf eləmir. Çünki biz elə bir sülh istəsəydik, 44 günlük müharibə aparmazdıq. 3 mindən artıq şəhid verməzdik”.
Tural Abbaslının fikrincə, Azərbaycanın maraqları tələb olunan sülh şərtlərinə Ermənistan razılıq verməyib və verməyəcək. Ona görə də insanlar arasında müharibə ehtimalları dolaşmaqdadır:
“Çünki hər kəs bilir ki, Ermənistan bu sülhə müharibəsiz razılaşmayacaq. Amma Azərbaycanın tələbləri göz qabağındadır. 5 şərtimiz var: ərazi bütövlüyümüz tanınmalıdır, Qarabağın status məsələsi müzakirə edilməməlidir, Naxçıvanla Azərbaycan arasında yol yox, Ermənistan yurisdiksiyasından asılı olmayan, məhz dəhliz olmalıdır. Əslində mən delimitasiya və demarkasiya prosesinin də 1918-1920-nin xəritələrinə əsasən aparılmasının tərəfdarıyam.
Azərbaycanın haqlı tələbləri var, Ermənistan isə bunu qəbul eləmək istəmir”.
Ağ Partiya liderinin sözlərinə görə vəziyyət belə qaldıqca, III Qarabağ savaşı istənilən anda başlaya bilər. Təhlükəsizlik, ərazi bütövlüyü və suverenliyi qorumaq üçün müharibə digər ölkələr kimi Azərbaycanın da legitim hüququdur.