Rusiyalı ekspert: “Makron dünya erməni lobbisinin dili ilə danışır”
15-10-2022, 00:11
“Fransa Prezidenti Emmanuel Makron çoxdandır ki, erməni lobbisinin təsir agenti kimi çıxış edir. Onun Rusiya və Azərbaycan əleyhinə bəyanatlarının arxasında beynəlxalq erməni lobbisi dayanır”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
“Fransa prezidentlərinin pulla ələ alınması hamıya məlumdur”
Makronun Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham etməsi, eləcə də Azərbaycan əleyhinə səsləndiridyi fikirlərlə bağlı bəyanatını şərh edən rusiyalı ekspert qeyd edib ki, Fransa prezidentinin özünü niyə belə aparmasının arxasında bir sıra məqamlar var: “Ümumilikdə demək olar ki, Makronun dili ilə dünya erməni lobbisi danışır. Rusiyanın ünvanına səslənən, güya Cənubi Qafqazda, Azərbaycan-Ermənistan münaisbətlərinin normallaşmasında destruktiv rol oyanaması ilə bağlı ittihamlar faktiki olaraq Fransa prezidentinə məxsus sözlər deyil. O, ancaq beynəlxalq erməni lobbisinin sözlərini səsləndirir. Bəs Makron özünü niyə belə aparır? Mən burada korrupsiya məqamlarını istisna etməzdim. Hamıya məlumdur ki, Fransa prezidentləri pulla ələ alınır. Keçmiş Fransa prezidenti Nikola Sarkozinin öz seçki kampaniyası üçün keçmiş Liviya lideri Muammar Qəddafidən pul aldığı, daha sonra da onu bombaladığı hər kəsə məlumdur. Aydındır ki, Makron da erməni lobbiçilər və Paşinyan rejimi ilə həmin əlaqədədir. Onun məqsədi bir tərəfdən Rusiyaya siyasi təzyiq göstərmək, digər tərəfdən də Ermənistanda mövqeyini gücləndirib, İrəvanı Moskvanın təsirindən qoparmaqdır. Düşünürəm ki, prezident Putinin bəyanatı Fransa prezidenti tərəfindən bu cür bəyanatların qəbuledilməzliyini dəqiq və sərt şəkildə müəyyən edir. Rusiya prezidenti vurğulayıb ki, bu, qeyri-obyektiv, səhv və qəbuledilməz bəyanatdır. Əlbəttə, Moskva bundan nəticələr çıxaracaq. Hesab edirəm ki, Putin Makronla növbəti danışıqlarının birində rəsmi Moskvanın mövqeyini ona bir də çatdıracaq”.
Kremlin rəsmi mövqeyi də bundan ibarətdir: “Qarabağ Azərbaycandır”
Rusiyalı ekspert Kremlin Qarabağla bağlı mövqeyinin dəyişməz olduğunu da söyləyib: “Qeyd etmək yerinə düşər ki, Rusiya məşhur üçtərəfli bəyanatın imzalanmasında əsas rolu oynayıb. Həmin bəyanat İkinci Qarabağ müharibəsinə nöqtə qoyub. Prinsipcə, bu gün Rusiya münaqişənin nizamlanmasının bəynəlxalq hüquq normaları əsasında aparılmasının tərəfdarıdır. Beynəlxalq hüququn prinsip və normaları isə Qarabağın Azərabaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyir. Kremlin rəsmi mövqeyi də bundan ibarətdir: “Qarabağ Azərbaycandır”. Bundan başqa, Kreml tezliklə “eksterritorial status”a malik Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.
Bu, Paşinyan və onun “soros”çu ətrafının özünə götürməli olduğu ən başlıca dərsdir
Korotçenko Putinin Cənubi Qafqazda ilk növbədə Rusiyanın maraqlarına əsaslanan effektiv siyasət qurduğunu qeyd edib: “O ki qaldı Fransa prezidentinin güya Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri gücləndirərək Ermənistana xəyanət edir bəyanatına, bilirsiz, bu, incimiş Fransa “luzer”inin mövqeyidir. Siyasətdə udan tərəf qalib olur. Putin Cənubi Qafqazda ilk növbədə Rusiyanın maraqlarına əsaslanan effektiv siyasət qurur. Bu siyasət ondan ibarətdir ki, Ermənistan öz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində inkişaf etsin, özgənin ərazilərinə iddia etməsin. Rusiya Cənubi Qafqazın bütün ölkələri ilə yaxşı münasibətlərin qurulmasında maraqlıdır. O cümlədən Azərbaycan ilə... Bizi müttəfiq əməkdaşlıq əlaqələri bağlayır. Bu isə regionda sülhün, sabitliyin və təhlükəsizliyin xeyrinədir. Rusiya Ermənistan üçün “odun içindən şabalıd götürməyəcək”. Bu, Paşinyan və onun “soros”çu ətrafının özünə götürməli olduğu ən başlıca dərsdir”,- deyə Korotçenko vurğulayıb.
“Aİ-nin sərhəd missiyası erməni maraqlarına xidmət etmək deməkdir”
Rusiyalı ekspert Ermənistanın Avropa İttifaqı (Aİ) sərhəd missiyasına razılıq verməsinə də münasibət bildirib: “Aİ müşahidəçi sərhəd missiyası region ölkələrinin maraqlarına ziddir. Sərhəd missiyası yenə də erməni maraqlarına xidmət etmək deməkdir. Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya və demarkasiya olunmayıb. Başa düşmürəm ki, Avropa İttifaqından olan müşahidəçilər orada nəyi müşahidə edəcəklər. Anlaşılandır ki, bu Ermənistan tərəfinin qeyri-konstruktiv hərəkətlərini və təxribatlarını pərdələmək üçün lazımdır. İndi Ermənistan bu formatdan Azərbaycana qarşı ittihamlar sürmək üçün istifadə etməyə cəhd edəcək. Hesab edirəm ki, Azərbaycan bu vəziyyətə layiqincə cavab verəcək. Tamamilə əminəm ki, Ermənistan tərəfinin hər hansı silahlı təxribatının qarşısı dərhal, cəld və sərt şəkildə alınacaq. Təxribatçıları, diversantları qatilləri yerində oturtmaq üçün məhz bu cür hərəkət etmək lazımdır. İrəvanı mövcud reallığ qəbul etməyə məcbur etmək lazımdır. Təqribən 30 ilə yaxın Ermənistan özünü Cənubi Qafqaz regionunda aqressor, terrorçu kimi aparıb. İki il bundan əvvəl İlham Əliyevin “dəmir yumruğu” ermənistanlı aqressorların, işğalçılaırn başına dəydi və bu gün mövcud vəziyyəti dəyişə biləcək qüvvə yoxdur. Azərbaycan qalib, Ermənistan isə kapitulasiyaya imza atan ölkədir. Paşinyan bunu istəsə də, istəməsə də sərhədlərin delimitasiyası prosesi aparılacaq, Qarabağ ərazisindən bütün qanunsuz erməni silahlı birləşmələri çıxarılacaq, regionda möhkəm sülh bərqəqar olacaq. Ermənistan rəhbərliyi bunu istəmirsə, onda onun taleyi olduqca faciəvi olacaq”.