“Rusiya Ermənistana mülki missiyanın gəlməsinə mane ola bilər” - NƏ BAŞ VERİR?

15-10-2022, 10:18           
“Rusiya Ermənistana mülki missiyanın gəlməsinə mane ola bilər” -
“Rusiya Ermənistana mülki missiyanın gəlməsinə mane ola bilər”
“Yaşadığımız regionda Qərb və Rusiya arasında rəqabət həmişə olub. Mən buna tam rəqabət də deməzdim. Əslində tərəflər danışıqlar prosesini üzləşdirir. Yəni proseslər paralel gedir. İş ondadır ki, həm Rusiya, həm də Qərb prosesin içindədir. Sadəcə, problem ondadır ki, Ukrayna savaşına görə Rusiyanın Qərblə münasibətləri çox gərgindir və toplaşaraq müzakirə aparacaqları format yoxdur. Odur ki, hər şey Ukrayna müharibəsinin necə bitəcəyindən, Rusiyada proseslərin hansı istiqamətə gedəcəyindən asılıdır”.

TEREF.AZ xəbər verir ki, bu sözləri Reyting.az-a “Turan” agentliyinin direktoru, siyasi analitik Mehman Əliyev deyib.

M. Əliyevin fikrincə, Qərbdə də bəzi proseslər ürəkaçan deyil. O, buna kimi Fransa prezidenti Emmanuel Makronu göstərib: “Fransa Azərbaycan ilə Ermənistan arasında vasitəçiliyə can atsa da, Makron bu məsələdə tərəf tutur. Müharibə gedən 44 gün ərzində də Fransa tərəf idi. Ümumiyyətlə, Fransa problemə yanaşmada və prosesi qiymətləndirmədə ermənilərin himayəçisi kimi çıxış edir. Bu, əslində 30 ildir belədir. Fransanın belə yanaşması isə müəyyən problem yaradır. Necə ki, Rusiya da uzun illər belə problemlər yaradırdı. Ola bilsin ki, sabah da yarada bilsin”.

M. Əliyev bildirib ki, Azərbaycan-Ermənistan məsələsində oyunçuların maraqları toqquşur və bu da prosesə problemlər yaradır: “Məncə, belə bir vəziyyətdə çalışmaq lazımdır ki, incə məqamları nəzərə alaraq düzgün qərarlar qəbul edilsin və sistemli fəaliyyət olsun”.

M. Əliyev ehtimal edir ki, Rusiya Makronun təşəbbüslərinə və Avropa İttifaqının Ermənistana missiya göndərməsinə mane ola bilər: “Mümkündür ki, ruslar bunun baş tutmaması üçün əngəllər tötərsinlər. Makron deyir ki, Rusiya sülhün bərqərar olmasına imkan vermir, amma özü də tərəf tutur”.

Fransa-Rusiya gərginliyinə diqqət əkən M. Əliyevin sözlərinə görə, ruslar deyirlər ki, “bu konflikt mənim maraq dairəmdədir. Ona görə də, aparıcı mən olmalıyam”. “Bura Qərbin və Rusiyanın toqquşma zonasıdır. Mən bir daha vurğulayıram ki, Ukrayna müharibəsinin nəticələrindən çox şey asılı olacaq”,- - deyə M. Əliyev əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.