“Ədəbiyyat müsəlman aləmini tərbiyə etmək gücündə deyil” — Xeyrəddin Qoca

19-10-2022, 11:49           
“Ədəbiyyat müsəlman aləmini tərbiyə etmək gücündə deyil” —
“Əlimə düşən maraqlı əsərləri oxuyuram. Amma "maraqlı" dediyim əsərlər nadir hallarda yazılır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında yazıçı, dramaturq Xeyrəddin Qoca deyib.

“Bizim yazıçıların çoxunun əsərləri necə deyərlər, "quramadır". Məsələn, gəncliyində hansısa bir qızı sevib, onunla müvəqqəti gəzib-dolanıb, başına gələnləri yazıb, olub povest və yaxud hekayə! Bunun oxucuya nə dəxli var? Sonra da deyirlər ki, camaat oxumur. Əvvəla, yaxşı yazın, oxusunlar. İkincisi, sən gündə bir "əsər" yazacaqsan, sonra da deyəcəksən, "mənim yazdıqlarımı oxu"? Camaatın işi-gücü yoxdur ki, sənin "cızma-qaralarına" vaxtını sərf etsin?

Hamı təsdiq edə bilər ki, xalqın həyatını təsvir edən, xalqın taleyini olduğu kimi "göstərən", insanların dərdlərindən, qayğılarından bəhs edən əsərlər necə olsa, axtarılıb tapılır və sevə-sevə oxunur. Türklər demişkən, "yapma" ədəbiyyat heç kimə lazım deyil! Hər yazılana da ədəbiyyat demək olmaz!

Bir də əsərin kim tərəfindən yazıldığı önəmlidir. Yazıçının ilk növbədə şəxsiyyəti olmalıdır, cəmiyyətdə hörməti-izzəti olmalıdır. Özünü-sözünü bilməyən yazıçının yazıları da özünə oxşayacaq! Yaxşı yazıçını cəmiyyət yaxşı tanıyır və həmişə dəyərləndirir...”

“Qaldı bədii əsərlərin cəmiyyətə və siyasətə təsirinə, təzə-təzə əlimə qələm alanda mən də elə bilirdim ki, bu mümkündür. İndi görürəm ki, ədəbiyyat heç kimi, xüsusilə müsəlman aləmini tərbiyə etmək gücündə deyil! Filmlərə necə baxırıq, sonra yaddan çıxır, bədii əsərlərin də təsir gücü elədir. Buradan oxuyuruq, oradan bildiyimizi edirik!
Bir rus romançısı deyirdi ki, "indi yazıçılıq sənət deyil, hobbidir! Sənə heç kim məcbur eləmir ki, yazasan! Deyir, "mən ildə bir roman yazıram, üç min rubl (təxminən 50 dollar) qazana bilmirəm. Yazıçılıq Sovet dövründə ideologiyaya xidmət etdiyi üçün yüksək qiymətləndirilirdi..."

Amma bu o demək deyil ki, ədəbiyyat tamamilə lazım deyil. Çox lazımdır, lakin o xalqa xidmət etməlidir, həm də qədir-qiyməti bilinməlidir! İnsan yalnız gecə-gündüz pul qazanmaq, biznes qurmaq, ona-buna kəf gəlmək, bu yolla da "yaxşı yaşamaq" haqqında düşünə bilməz ki! Ədəbiyyatın, incəsənətin təlqinedici gücünə də inanmaq və bunlarsız həyatın çox cansıxıcı olduğunu dərk etmək lazımdır!
Mənim son fikrim belədir: Yazıçılarımız, şairlərimiz nə yazırlarsa, yaxşı yazsınlar, oxunaqlı yazsınlar, maraqlı yazsınlar ki, xalq da onları oxusun!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.