Bu da Ziya Məmmədovun dövrü deyil! - Tıxac planı işə yarayacaq?

20-10-2022, 11:48           
Bu da Ziya Məmmədovun dövrü deyil! -
Tıxac hələ də paytaxtın əsas problemlərindən biri olmağa davam edir, vətəndaşlar işə gecikir, stress yaşayır. Ancaq bu məsələ artıq hökumət tərəfindən nəzarətə götürülüb. Belə ki, 3 oktyabr 2022-ci il tarixində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə ictimai nəqliyyatın vəziyyəti ilə bağlı iclas keçirilib. Həmin iclasda tədbirlər planının hazırlanması tapşırılmışdı. Oktyabrın 14-də bir daha Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib və ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanıb. Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.

Bəs, tədbirlər planı özündə nəyi ehtiva edir və nəticəsi olacaqmı?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu tip iclasların keçirilməsi tıxac məsələsinin nə qədər ciddi hal aldığını bir daha göstərir.

Onun sözlərinə görə, hər nə qədər gecikmiş olsaq da, müəyyən tədbirlər görməklə vəziyyətdən çıxış yolunu tapa bilərik.

Ekspert vurğulayıb ki, tədbirlər planı əsasında müsbət addımların atılması gözlənilir:

“İstirahət zonalarının, nəqliyyat qovşaqlarının yaradılması, həmçinin, avtobusların hərəkəti üçün geniş imkanların və metro şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Kifayət qədər böyük tramvay xətti çəkiləcəyinin də şahidi olacağıq. Relyefin imkan verdiyi yerlərdə yol şəbəkəsi inkişaf etdiriləcək. Ancaq əsas hədəf metronun inkişafına yönəlib. İndiki metro şəbəkəsi iki dəfə inkişaf etməlidir. Hazırda 26 metrostansiya olduğu halda, baş planda 76 metrostansiyasının fəaliyyəti nəzərdə tutulub. Bakıxanov, Bayıl və bir sıra digər qəsəbələrdə bu prosesin getməsi, sıxlığın aradan qalxmasına təkan verəcək”.

Elməddin Muradlı qeyd edib ki, ictimai nəqliyyata xüsusi fikir vermək lazımdır:

“ Avtobus sayında artım gözlənilir. Ancaq bununla yanaşı avtobuslar üçün xüsusi zolaqların yaradılması işinin təmin edilməsi məsələsi də vacibdir. Avtobus zolaqlarını zəbt edən sürücülər var ki, avtobusları ikinci-üçüncü cərgədə dayanıb sərnişinləri mindirib-düşürməyə məcbur edir. Nəticədə, nəqliyyatın hərəkəti iflic olur. Beləliklə, bu zolaqlar barədə sürücülər arasında təbliğat işi aparılmasına zərurət var. Eyni zamanda, taksi fəaliyyətinin tənzimlənməsi lazımdır. Bu gün çox ciddi problemlərdən biri də taksi fəaliyyətinin xaotik vəziyyətdə olmasıdır. Taksi sürücüləri necə gəldi hərəkət edir, istədiyi yerdə müştəriləri mindirib, düşürür. Beləliklə, yol nəqliyyat hadisələrinin iştirakçısına çevirlirlər. Sadaladığım bu məsələlər zəncivari şəkildə və davamlı formada həll edilməlidir. Yəni birinə diqqət yetirib, digəri ilə maraqlanmamaq istənilən nəticəni əldə etməyə mane olacaq”.

Ekspert həmçinin vurğulayıb ki, tədbirlər görülərkən maliyyə itkisi olmaması üçün ehtiyatlı davranmaq lazımdır:

“Bu tədbirlər planı böyük maliyyə tələb edir. Maliyyə itkisinin qarşısını almaq üçün işi görməzdən qabaq yüz ölçüb, bir biçmək lazımdır. Bizim artıq imkanımız yoxdur ki, Ziya Məmmədovun dövründə olduğu kimi milyonları yeyib, dağıtsınlar. Buna imkan vermək olmaz. İşin keyfiyyəti, gedişatı əvvəlcədən planlaşdırılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.