Gərginlik pik həddə: hədəf Azərbaycan, yoxsa Ermənistandır? - GƏLİŞMƏ
20-10-2022, 10:37
Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Cənubi Qafqazda durumun mürəkkəbləşdiyi vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir. Sizcə, bu səfərə Azərbaycana qarşı olan dövlətlərə yönəlmiş mesaj kimi də baxmaq olarmı? Yəni ölkəmizə təzyiqlərin artdığı vaxtda bu səfərin önəmi nədir?
- Əlbəttə! Belə səfərlərin arxasında həmişə bir mesaj olur. Diplomatiyanın elementlərindən biri də budur.
Əslində “Azərbaycana qarşı artan təzyiq” dedikdə, bunun özü mübahisəli məsələdir. Azərbaycan beynəlxalq hüquqa zidd olan addımlar atarsa, o zamanda təzyiqlərin artması ehtimalı yüksək ola bilər. İndiki halda isə Azərbaycana yönəlik ittihamlar demaqogiyadan başqa bir şey deyil. Zatən, Qərbin Qarabağ məsələsinə yönəlik mövqeyi həmişə bəlli idi. Azərbaycan əraziləri işğal edilmişdi, uzun müddətdir problemlər vardı. Amma Qərb ölkələri bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini desələr də, başqa heç nə etmirdilər, çox da dəstək vermirdilər, ötüşdürüb keçirdilər. Məsələn, Ermənistanda yaşayan soydaşlarımız öz yurdlarından qovulanda Qərbdə səsini çıxaran olmadı. Amma qondarma Sumqayıt hadisələri baş verəndə böyük bir qalmaqal yaşandı. Sovet ordusunun Bakıdakı qırğınına da göz yumuldu. Halbuki Baltikyanı dövlətlərdəki olaylara görə hay-küy salmışdılar. Yəni münasibət bəllidir.
Təbii ki, Türkiyə prezidentinin səfəri də mesaj xarakterindədir. Bu, eyni zamanda, Şuşa Bəyannaməsinin imzalanması ilə rəsmi və yüksək səviyyəyə qalxan müttəfiqliyin təzahürüdür.
- Azərbaycan ətrafındakı son gəlişmələrə yanaşmada Türkiyə hansı yerdə dayanır? Xüsusən də regional və kənar oyunçuların fəallaşması fonunda...
- Türkiyə və Azərbaycan bu prosesin tam mərkəzindədir. Burada hansısa bir məsələnin bizim iradəmiz xaricində həlli mümkün deyil. Söhbət güc balansından gedir. Görünən budur ki, Türkiyə və Azərbaycan bölgədə geosiyasi güc tarazlığını öz lehinə dəyişdirə bilib. İndi bunun uğurlu formada nə qədər davam edəcəyi ayrı məsələdir. Burada Azərbaycan diplomatiyasının üzərinə də çox iş düşür. Amma dediyimiz kimi, bəzən siz nə qədər haqlı olsanız da, nə qədər çalışıb-vuruşsanız da çoxu bunu görməzdən gəlir.
Türkiyə-Azərbaycan ittifaqının ətrafa verəcəyi mesajlar da çox vacibdir. Necə, hansı xarakterdə və nə qədər güclü olacağı çox vacib şərtlərdən biridir. Amma bir həssas nöqtə var. Bu da onunla bağlıdır ki, Azərbaycan hərbi güc və ittifaq olaraq Ermənistandan çox güclüdür. Digər yandan, Qərblə Rusiya arasındakı mübarizə Azərbaycan yox, Ermənistan üzərindədir. Azərbaycan sadəcə bu çərçivədə öz maraqlarını qorumağa çalışacaq, Türkiyə də ona açıq dəstək verəcək.
Dediyim kimi, oyun Ermənistan üzərində qurulub. Amma bir şeyi unutmaq olmaz: Ermənistan həm KTMT, həm Avrasiya Birliyi, həm də MDB-nin üzvüdür. Yəni üçüncü ölkələrin bu ərazilərə gəlməsi üçün Ermənistan bir çox hüquqi məsələləri həll etməlidir. Məsələn, ən azı KTMT, Avrasiya Birliyi və MDB-dən çıxmalıdır. Bunlar isə olduqca çətin məsələlərdir. Rusiyanın Ermənistandakı gücü məsələsi də var. KTMT çərçivəsindəki anlaşmaya görə, üzv dövlətlərdən başqa heç bir ölkənin hərbi qüvvələri bu ərazilərdə yerləşdirilə bilməz. Digər məsələlər də var ki, bunlar öz-özlüyündə Ermənistandakı o xaotik siyasətlə birlikdə İrəvan üçün ciddi problemlər yaradır.
Bir sözlə, indiki durumda sadəcə hay-küydən başqa heç nə görmürük. Bölgədə real güc bir tərəfdə Rusiyanın, digər yanda Türkiyə-Azərbaycan ittifaqının əlindədir.
İrana gəldikdə, onun Azərbaycan yaxınlığında keçirdiyi hərbi təlimlər oyundan kənarda qalmaq istəmədiyini göstərməkdən başqa bir şey deyil. Yəni “mən də varam” deməkdir.
- Avropa Birliyinin sərhəddə müşahidə aparmaq üçün Ermənistana göndərdiyi mülki missiyanın fəaliyyətindən gözləntiniz necədir?
- Bu missiyanın Azərbaycana aidiyyəti yoxdur. Ermənistan öz ərazisində istədiyi missiyanı yerləşdirə bilər. Hara gedəcəklər - postda dayanacaqlar? Bəs sərhəd haradan keçir? Bunun özü də mübahisəlidir. Azərbaycanın təklifi budur ki, gəlin, sərhədi müəyyən edək. İndi sərhəd müəyyənləşməyibsə, onlar hansı sərhədə gəlirlər?
Ermənistan özünə qarant tapmağa çalışır. Amma çətin məsələdir.
Missiyaya gəldikdə, bu, Ermənistana aid məsələdi, bunu da özü həll etməlidir. Bizim Avropa Birliyindən tələbimiz budur ki, məqsədini bizə açıqlasın. Qərbdən qərəzli bəyanatlar var. Yenə də bu yöndə Xarici İşlər Nazirliyimizin üzərinə ciddi vəzifə düşür. Çox ciddi çalışmaq lazımdır.
- Ermənistan Baş naziri Nikol Paşinyanın separatçıların başçısı Araik Arutyunyanla görüşü də müzakirə mövzusudur. Paşinyan görüşdə Arutyunyana bundan sonra Ermənistana bel bağlamamalarını deyib. Ermənistan baş nazirinin bu mesajını necə şərh etmək olar?
- Məncə, Paşinyan baş nazir kimi doğru olanı etməyə çalışır. Çünki bu, Azərbaycanın daxili işidir və bunu da o həll edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev da bundan əvvəl bəyan edib ki, ölkəmizin ərazilərində yaşayan ermənilərlə müzakirələr Azərbaycan tərəfindən aparılacaq, bu, bizim daxili işimizdir. Bu gün Ermənistan üçün vacib olan öz daxili məsələləridir. Əgər Ermənistan münaqişəni davam etdirmək istəsə və sərhədlərimizi tanımasa, Azərbaycan da ona adekvat cavab verəcək. Silah gücünə dəyişdirilmiş sərhədlərin silah gücünə də müəyyənləşdirilməsi tarixdə bilinən məsələdir. Burada hüquq proseduru bir az fərqli işləyir. Bəzən güc faktoru önə çıxır. Güc də Azərbaycanın yanındadır, bunu da hər kəs bilir.
Paşinyan çıxışlarından birində onu da demişdi ki, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan ərazilərini qorumalıdır. Əgər Ermənistan bunu istəyirsə, bir an öncə Azərbaycanla münasibət qurmalıdır, qalıcı sülh müqaviləsi imzalamalıdır. Ən əsası Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra da normal dövlət kimi fəaliyyətini davam etdirməlidir.
Ermənilər dövlət kimi ortaya çıxmalarını həm Osmanlı, həm də Azərbaycan türklərinə borcludurlar. Yenə dövlət kimi qalmaları bizdən asılıdır. Əks təqdirdə, Ermənistanın Cənubi Qafqazda dövlət kimi varlığı şübhə altında qalacaq. Bu, təhdid deyil. Tarixi gedişat bunu göstərir, Ermənistan siyasilərinin açıqlamalarında da bu var. Məntiq də bunu göstərir: əgər Ermənistan dövlət kimi varlığını davam etdirmək istəyirsə, Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqda fayda var. Əks halda, çox ciddi problemlərlə üz-üzə qala biləcəyi bir durum yaranacaq.