“Heç kim bahalaşmanın qarşısını ala bilmir” - deputat

21-10-2022, 15:59           
“Heç kim bahalaşmanın qarşısını ala bilmir” - deputat
Milli Məclisin deputatı, tanınmış iqtisadçı Vahid Əhmədov Reyting.az-a müsahibəsini təqdim edirik:

- Bəzən deyirlər ki, bahalaşma Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bu fikirlərdə həqiqət var. Çünki Rusiya-Ukrayna müharibəsi dünyada təlatüm yaradıb. Məsələn, Avropa dövlətləri istehsalın müəyyən hissəsini saxlayıblar, zavod və fabriklər istehsalı azaldıb və s. Ona görə də, əsasən ərzaq məhsullarının qiymətində ciddi bahalaşma var.

Düzdür, süni qiymət artımı da, bundan istifadə edən möhtəkirlər də var. Xüsusilə, bazarda bundan sui-istifadə edirlər, müəyyən insanları bazara buraxmırlar və s.

Qeyd edim ki, Azərbaycan hökumətinin, Baş nazirin də xüsusi sərancamı var. Antinfilyasiya tədbirləri də həyata keçirilir. Görünür, bunu daha sərt aparmaq lazımdır ki, ölkədə süni qiymət artımı olmasın. Həm də bir daha deyirəm, nəhayət Rəqabət Məcəlləsini qəbul etmək lazımdır. Ölkə daxilində Məcəllənin işləməsi olduqca vacibdir. Bildiyim qədər Məcəllə Nazirlər Kabinetindədir. Onu heç olmasa, Milli Məclisin payız sessiyasında qəbul etmək lazımdır ki, bazarda azad rəqabəti qəbul edək.

Amma bahalaşma hələ gedəcək və mən bunu görürəm.

Onu da qeyd edim ki, Azərbaycan ərzaq idxal edən ölkədir. Buna baxmayaraq, Azərbaycanda qiymət artımı olsa da, digər ölkələrlə müqayisədə qıtlıq yoxdur. Kifayət qədər məhsul gətirilir.

Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var və bu, dünyanın istənilən ölkəsindən ərzaq və digər məhsulları alıb gətirməyə imkan verir. Amma bahalaşma prosesi hələ gedir, heç kim bunun qarşısını ala bilmir. Nə vaxt Rusiya-Ukrayna müharibəsi dayanacaq, Rusiyada normal şərait yaranacaq, fəaliyyətini dayandıran müəssisələr işləməyə başlayacaq, problemlər də tədricən həllini tapacaq.

- Demək istəyirsiniz ki, bahalaşma bilavasitə Rusiya-Ukrayna müharibəsinə görədir?

- Savaşla bağlıdır. Daxildə də müəyyən problemlər var ki, onu qeyd etdim. O problemlər də həllini tapmalıdır.

- Hazırda dünya bazarında neftin qiyməti yüksək olsa da, avronun ucuzlaşması müşahidə olunur. Bəs dolların qiymətində bahalaşması gözlənilirmi?

- Mən bu il bunu gözləmirəm. Çünki bizdə böyük işlər gedir, Qarabağ yenidən qurulur, xarici şirkətlər orada işləyir. Eləcə də dünya bazarında neftin qiyməti yüksəkdir, buradan Azərbaycana kifayət qədər vəsait daxil olur. Mən hələlik ölkə daxilində manata ciddi təzyiq görmürəm.

Maliyyə böhranı yoxdur. İstər iqtisadiyyat, istər maliyyə nazirlikləri, istərsə də Mərkəzi Bank prosesləri nəzarətdə saxlayır. Mənim proqnozlarıma görə, ilin sonuna qədər problem olmamalıdır. Sonrası isə daha çox dünyada gedən proseslərdən asılı olacaq.

- Qiymətlərin bahalaşmsı manta təzyiq edib onu ucuzlaşdıra bilərmi?

- Diqqət etsəniz, dünyada milli valyutaların necə ucuzlaşdığını görərsiniz. Bu, təkcə manatla bağlı məsələ deyil. “Manat ucuzlaşır”,- deyəndə, faktiki olaraq milli valyutanın alıcılıq qabiliyyəti aşağı düşür. Çünki inflyasiya, bahalaşma gedir. Odur ki, bu, anlaşılandır. Ona görə deyirik ki, gəlin başqa metoda əl ataq. Müavinətlər, pensiyaçıların məsələsinə baxaq, onlara köməklik olsun. Bu məsələlər də gündəmdədir, onlara baxılır. Yəqin ki, 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bu məqamlara toxunulacaq.

Amma bir məsələni nəzərə almaq lazımdır, bu saat bizim üçün bir nömrəli məsələ Azərbaycanın təhlükəsizliyidir, onu təmin etməliyik. Ermənistan oradan, İran bu tərəfdən, Fransa da həmçinin... Nə bilirik ki, onlar nələr fikirləşirlər? İran və Ermənistan sanki eyni oyunu oynayırlar. Problemlər ciddi olduğu üçün bu məsələləri də fikirləşməliyik.

Əlbəttə, müəyyən qədər bahalaşma gedir, buna dözmək çətin və ağırdır. Amma bu istiqamətdə də addımlar atılmalıdır. Təhlükəsizliyimiz isə ilk növbədə təmin edilməlidir.

- İnsanları narazı salan digər bir məqam Bakı şəhərində səhər və axşam saatlarında müşahidə edilən dəhşətli tıxaclardır. İnsanlar bəzən bir və ya iki saatını tıxaclarda keçirməli olur. Bu problemin həlli mümkün deyilmi?

- Tıxac dəhşətli problemdir, bəzən saatlarla olur. Sonuncu dəfə mən bir saata yaxın tıxacda qalmışam.

Bakı kifayət qədər yüklənib. Məsələn, 1992-1993-cü illərdə Bakıda 100 minlərlə avtomobil olduğu halda indi bu rəqəm 1 milyon 600 mindir.

Bəli, işğaldan azad edilən ərazilərdə məskunlaşma getdikcə, müəyyən qədər insanlar da dədə-baba yurdlarına qayıdacaq. Amma ümumilikdə Bakı çox yüklənib və yüklənmənin qarşısını almaq lazımdır.

Binlar tikilir, bu zaman hətta yaşıllıqlar da məhv edilir. Bu barədə mətbuatda məlumatlar gedir. Gah ağacları kəsib restoran tikirlər, gah da binalar inşa edirlər. İlk növbədə bunun qarşısı alınmalıdır. Hər yerdə tikintiyə icazə verilməməlidir. Məsələn, köhnə evlər var, Xutorda, Kubinkada və digərlərində. Oraları söküb yeni binalar tikə bilərlər. Burada problem yoxdur. Amma sən gəlib yaşıllıq olan yerdə ağacları məhv edib ev tikirsən... Mən hesab edirəm ki, Arxitektura Komitəsi belə məsələləri çox diqqətlə nəzarətə götürməli, icazə verməməlidir ki, yaşıllıqların olduğu ərazilərdə evlər tikilsin. Yəni ciddi nəzarət mexnizmi olmalıdır.

Mənim fikrimcə, yeni bir şəhərin salınmasına ehtiyac var. Məsələn, bu, Bakı-Quba yolundakı Yaşma deyilən ərazidə və ya Qaradağ rayonundan o yana - boş ərazilərdə salına bilər. Yeni şəhər tikib müəyyən nazirlikləri, idarələri ora köçürmək olar. Hansı ki bu qurumlar daha çox rayonlarımızla əlaqəli fəaliyyət göstərirlər.

İkincisi, mənim fikrimcə, Bakının kənarından əlavə dairəvi yollar çəkilməlidir. Şəhərə niyə çox avtomobil daxil olmalıdır? Elə etmək lazımdır ki, rayonlarımızdan gələn avtomobillər Bakının mərkəzinə daxil olmadan dairəvi yollarla lazım olan ünvanlara çata bilsinlər. Bu da ciddi məsələdir. Məndə olan məlumata görə, bir neçə belə variant müzakirə olunur və yəqin ki, dövlət başçımız cənab İlham Əliyev bu məsələyə də baxacaq. Amma ümumilikdə tıxac məsələsi olduqca ciddidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.