“İSRAİL AZƏRBAYCANA “DƏMİR GÜNBƏZ” VERİB...” - “...Ukraynaya isə vermir”

23-10-2022, 00:12           
“İSRAİL AZƏRBAYCANA “DƏMİR GÜNBƏZ” VERİB...” -
Son günlər Ukrayna və Qərb mətbuatında İsrailin Rusiya işğalına məruz qalmış bu ölkəyə mümkün hərbi yardımı əsas gündəm mövzularından birinə çevrilib.

İsrail indiyə kimi Ukraynaya hərtərəfli siyasi, humanitar, maliyyə yardımları etsə də, sırf hərbi dəstək və silah-sursat tədarükündə neytral mövqe tutur. Nəticədə Ukrayna İsrailin müasir texnologiyalar əsasında hazırlanmış ən effektiv silahlarını ala bilmir. Ancaq son günlər İsraildəki hakim partiyanın bəzi üzvləri Ukraynaya silah tədarükünün vaxtının çatdığına dair bəyanatlar veriblər. Bu da Rusiyanı bərk narahat edib və nəticədə Kreml rəsmi şəkildə İsrailə bununla bağlı xəbərdarlıq edib. İsrail hökuməti isə bəyan edib ki, Ukraynaya silah vermək fikrində deyil.

Təhlilçilər Qərbin və Ukraynanın təzyiqlərinə rəğmən, İsrailin bu ehtiyatlı siyasətini onunla əlaqələndirirlər ki, İsrail hökuməti Rusiyanın Suriya, İran və Fələstindəki qruplaşmalara dəstəyinin aktivləşməsindən, eləcə də İrana nüvə texnologiyaları ötürməsi perspektivindən və bununla da onun öz təhlükəsizliyinin, Yaxın Şərqdəki maraqlarının zərbə altında qala biləcəyindən narahatdır.

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov Ukrayna kanallarının birinə açıqlamasında İsrailin “Barak-8”, başqa adı isə “Dəmir Günbəz” olan kompleksləri barədə danışarkən, onların Ukraynadan fərqli olaraq, Azərbaycana verildiyini qeyd edib.

Ekspert təəssüflənib ki, İsrail eyni münasibəti Ukraynaya göstərmir və onun üçün bu gün olduqca zəruri olan bu Hava Hücumundan Müdafiə sistemlərini Kiyevə vermir: “Prezidentin(Vladimir Zelenski-red.) xahiş etdiyi silahlar arasında “Barak-8” kompleksi var. Bu, “Dəmir Günbəz”dir. Onlar indiyə kimi “Barak-8” komplekslərini satıblar. Onlar bu silahı Azərbaycana satıblar. Azərbaycan “Barak-8” kompleksləri ilə öz şəhərlərini qoruyub. “Dəmir Günbəz” 150 kvadrat kilometr sahədə hər hansı bir obyekti, ərazini mühafizə altına alır. Lakin İsrail bizə bu silahı verməkdən imtina etdi...”

Jdanov deyib ki, İsrail Rusiyanın İrana dəstək verməsindən narahatdır. Hansı ki, bu gün Rusiyanın özünün İrana ehtiyacı var və məntiqlə İsrail Rusiya təhlükəsi barədə bir o qədər düşünməli deyil. Lakin görünür, ortada hansısa razılaşmalar və İsraili Ukraynaya silah tədarükündən çəkindirən başqa məqamlar var.

Xatırladaq ki, hələ 2016-cı ilin sentyabr ayında Ermənistanın İrəvandakı hərbi paradda Rusiyanın “İskəndər” raket kompleksini nümayiş etdirməsinin ardınca Azərbaycanın İsraildən “Dəmir Günbəz” havadan müdafiə sistemi alması barədə məlumatlar yayılmışdı. Həmin vaxt ilk olaraq Azərbaycanın yəhudi əsilli millət vəkili Yevda Abramovun bununla bağlı verdiyi açıqlama İrəvanda şübhə ilə qarşılanmışdı. İsrailin Müdafiə Nazirliyi isə bu məlumatı şərh etməkdən imtina etmişdi.

Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) isə 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabatında bildirirdi ki, Azərbaycan həmin illərdə İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, “Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobillərini satın alıb. Hesabatda o da bildirilirdi ki, Azərbaycan 2016-cı ildə İsrailə “Dəmir Günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib...

Daha sonra xüsusi olaraq xarici mətbuatda Azərbaycana “Dəmir Günbəz” verildiyi və bu sistemlərin “Bakı- Ceyhan” boru kəməri də daxil olmaqla, strateji obyektlərin və şəhərlərin mühafizəsinə cəlb olunduğuna dair məlumatlar yayıldı.

İstənilən halda, Jdanovun da dedikləri bir daha təsdiqləyir ki, Azərbaycan İsrailin ən müasir və effektiv silahlarını tədarük etdiyi çox nadir ölkələrdən biridir və bu amil istər 44 günlük müharibədə, istərsə də Azərbaycanın öz aqressiv və işğalçı qonşularından qorunmasında və güclənməsində kifayət qədər əhəmiyyətli rol oynayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.