“İran silahları vətəndaşlarımızı öldürür”

23-10-2022, 08:58           
“İran silahları vətəndaşlarımızı öldürür”
Ukraynalı politoloq Kiyev-Tehran gərginliyini şərh edir

Rusiya aylardır Ukraynada apardığı hərbi əməliyyatlarda İrana məxsus dronlardan, xüsusilə “Şəhid” adlı kamikadze PUA-larından geniş istifadə edir. Xüsusilə son günlərdə Rusiya Silahlı Qüvvələri Odessa, Kiyev və digər iri şəhərlərdə yerləşən mülki obyektləri sözügedən dronlarla vurur. Mövcud vəziyyət Ukrayna və İran arasında diplomatik əlaqələrə təsirsiz ötüşmür. Hazırda rəsmi Kiyev iranlı diplomatları ölkədən çıxarmaq və Tehranla bütün diplomatik əlaqələri kəsmək barədə düşünür.

Məsələylə bağlı ukraynalı politoloq Vladimir Fesenko Pressklub.az-a eksklüziv açıqlamalar verib. Ekspert əvvəlcə İranın bu müharibədəki mövqeyinin bütün Ukrayna ictimaiyyətini narahat etdiyini vurğulayıb:

“Mən də daxil olmaqla, bütün ukraynalılar Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə İran PUA-larından istifadəsini qınayır və bunu qəzəblə qarşılayırıq. Çünki İran dronları Ukraynada evləri dağıdır, vətəndaşlarımızı öldürür. Ukraynanın indiyədək İranla heç bir ciddi konflikti olmayıb. Ukrayna şəhərlərinə İran PUA-ları ilə hücumların təşkil edildiyi aşkarlandıqdan sonra İrana münasibət təbii olaraq pisləşib. Hazırda bu ölkə ilə diplomatik əlaqələr, faktiki olaraq, dondurulub. İranın Ukraynadakı səfiri akkreditasiyadan məhrum edilib, həmçinin İranın Kiyevdəki səfirliyinin əməkdaşlarının sayı minimuma endirilib. Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Tehranla bütün əlaqələri kəsmək təşəbbüsü ilə çıxış edib. İndi bu məsələyə Ukrayna prezidenti Vladimir Zelenski baxır” – deyə, Fesenko bildirib.

“Ukrayna İrana qarşı daha hansı diplomatik tədbirləri görə bilər?” sualına isə politoloq belə cavab verib:

“Rəsmi Tehranın Rusiyaya silah, o cümlədən dron və raketlər satmaması üçün ona təzyiq göstərmək lazımdır. Hazırda Ukrayna beynəlxalq tərəfdaşları ilə bu məsələylə əlaqədar danışıqlar aparır. Məsələ burasındadır ki, İranın Rusiyaya orta mənzilli ballistik raketlərinin bir partiyasını və yeni dron partiyasını sata biləcəyi barədə məlumatlar ortaya çıxıb. Əgər İran silahlarını işğalçı Rusiyaya satmağa davam edərsə, ona qarşı xüsusi sanksiyaların tətbiq edilməsi zərurətə çevriləcək.

Sualınızın konkret cavabına gəlincə, düşünürəm ki, rəsmi Kiyev İrana qarşı genişmiqyaslı sanksiya paketinin qəbul edilməsi üçün çalışmalıdır. Bu sanksiyalarla, ilk növbədə, PUA və ballistik raketlərin istehsalında istifadə oluna bilən müasir elektron avadanlıqların və digər texnoloji komponentlərin İrana tədarükünə beynəlxalq nəzarəti (məhdudiyyətləri) kəskin şəkildə gücləndirmək lazımdır”.

Nicat ismayılov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.