Direktor anamdır, özünə müavin də axtarır - Çunayev
25-10-2022, 09:48
TEREF.AZ olaraq Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya çempionu və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevin Axar.az-a müsahibəsini təqdim edirik:
- Bir ildən çoxdur ki, güləşmirsiniz. Nə işlə məşğulsunuz?
- Hazırda belimdə olan yırtıqların bərpası ilə məşğulam. Yaxın 4-5 ay ərzində bərpa olunacağına ümid edirik. Bir reabilitoloq var, o mənimlə məşğul olur. Müsbət mənada nəticələrini artıq görürəm. Artıq belimdəki ağrılar yox olub. Ancaq peşəkar məşq etmək üçün hələ tezdir. Çünki müalicə keçirdim, gedib güləşirdim və məni yenidən spazm tuturdu. Yatanda belə çox ağrılar olurdu. Məcbur olub yenidən reabilitasiya keçirdim. Və bu proses hər dəfə daha da ağırlaşırdı.
- Nə vaxt peşəkar arenada güləşmək üçün tam hazır ola bilərsiniz?
- Bu elə işdir ki, prosesin gedişatında bilinəcək. Konkret tarix demək mümkün deyil.
– Bu baxımdan demək olar ki, bəxtiniz gətirməyib?
– Qismətdir. Kənarda qaldığım müddətdən peşman deyiləm. Həmin müddətdə kitab oxumuşam, özümə lazım olan şeyləri öyrənirəm, idman sahəsində planlarımı reallaşdırıram. Artıq bir güləş zalım istifadəyə verilib.
– Amma idman məktəbi gedir ora...
– Bəli. Çünki orada tək güləş deyil, digər idman növlərini də inkişaf etdirmək istəyirik. Artıq bir basketbol məşqçisi ilə danışıq aparıram.
– İdman məktəbini sentyabrda açsanız da, bunun xəbəri bu ay yayıldı. Bu nə ilə bağlıdır?
– Açılışını etmədik. Çünki həmin ərəfədə bizim şəhidlərimiz oldu. Ona görə də sakitcə məşqlərə start verdik. İkiqat dünya və üçqat Avropa mükafatçısı, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının qalibi Elvin Mürsəliyevin şəxsi məşqçisi Əfsər Namazəliyev bizimlədir. Həmçinin mənimlə birgə güləşmiş dostum Amil Əhmədov həmin məktəbdə məşq keçir.
– 189-190 №-li tam orta məktəbi seçdiniz. Niyə idman məktəbi məhz orada fəaliyyət göstərir?
– Milli Olimpiya Komitəsinin (MOK) OCEP (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) layihəsi var. MOK-un Atletlər Komissiyasının üzvü kimi bu layihə çərçivəsində məktəblərdə keçirilən tədbirlərdə çox iştirak edirəm. Həmin məktəblə sıx əlaqələrimiz yaranmışdı. Nəticədə müqavilə bağlayıb, zallarından birini istifadəyə götürdük. Bu məsələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bizə çox dəstək oldu.
– "Rəsul Çunayev" idman məktəbinə hansı yaşdan uşaqlar qəbul olunur?
– Ümumi tələbimiz 6 yaşdan yuxarıdır. Bunun üçün sağlamlıq haqda arayış tələb edirik. Amma valideynlər 5 yaşlı uşaqlarını da gətirirlər. Biz onları da qırmayıb, geri göndərmirik. Həmin uşaqlara ağır məşq vermirik, əyləncə xarakterli məşqlər keçirik.
– Bilirəm ki, ananız Eyzanə Çunayeva idman məktəbinin direktoru sayılır. Bunu yunan-Roma güləşi üzrə keçirdiyiniz birincilik üzrə yarışın diplomunda görmək olur. Niyə özünüz direktor olmadınız?
– Öz məktəbimdir və mənim üçün əziz olan anadır. Bu həyatda, idmanda mənə dəstək olan valideynlərimdir, onları çox istəyirəm. Atam sosial media məsələlərinə qarışmasa da, anam bu sahədə aktivdir. Əvvəl diplomda mənim adım qeyd olunmalı idi. Dedim ki, onu dəyişin, anamın adı olsun. Mən bunu dəyişdirəndə sanki anama dünya verdilər. O qədər sevindi ki, artıq özünə qohum-əqrəbadan müavin seçməyə başladı (gülür). Sonra o diplomların hamısını ona imzalatdım. Onun sevinc hissləri mənim üçün çox dəyərli, əvəzedilməz idi.
– 2019-cu ilin fevralından sizin "Go Fitness" adlı idman zalınız da fəaliyyət göstərir...
– Bəli, ondan sonra bu adda daha 2 zal açdım. Düzdür, bunlardan birinin fəaliyyətini icarə məsələsinə görə dayandırmalı oldum. Amma yenidən 3-cüsünü açmaq yönündə işləyirəm. İdman bizim gənclərimizə xeyirlidir. Mən də bu sahə üçün öz faydamı verməyə çalışıram. Mənim niyyətimi dövlətimiz də dəstəkləyir. Özü də harda pab, restoran varsa, onların yanında zal açıram. Deyirəm ki, orada yediklərini bizim zalda əritsinlər.
– 5-6 noyabrda Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. 5 illik fasilədən sonra bərpa olunan bu yarış paytaxtımıza salınıb. Artıq 2015-ci ildə İranın paytaxtı Tehranda sizin də milli komandada yer aldığınız "klassiklər"imiz Dünya Kubokunun sahibi olub. Bu nəticəni yenidən təkrarlaya bilərik?
– Yarı təcrübəli, yarı gənclərdən qurulmuş güclü komandamız var. İnanıram ki, doğma divarlarımız, azarkeşlər də yığma komandamıza bu yarışda çox kömək olacaq. Ümid edirəm ki, bu komanda bizim qazandığımız nəticəni yenidən təkrarlayacaq. Əsas rəqibimiz kimi Türkiyəni görürəm. O komandanın baş məşqçisi Şaban Donat vaxtı ilə bizim millini çalışdırıb və Azərbaycan komandasının nəyə qadir olduğunu yaxşı bilir.