"Azərbaycan əsilli rus vətəndaşları niyə susurlar?!" - ETİRAZ
26-10-2022, 09:00
"Rusiyanın təxribatlara əl atması onun xarici siyasətinin ən başlıca fəaliyyət istiqamətidir. Separatizmlə əlaqəsi olmayan siyasəti yoxdur və özünü regionda "suda balıq" kimi hesab edir".
TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a Rusiya mediasının Azərbaycana qarşı təxribatlarından danışarkən jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib. Onun qənaətincə, Rusiya ürəyi istəyən təxribatı orda yaşayan erməni və ermənipərəst politoloqlar vasitəsilə həyata keçirir:
"Etiraz görəndə isə deyəcəklər ki, Rusiyada söz azadlığı mövcuddur.
Rusiya kanalıdır, erməni olsalar da, rus vətəndaşı politoloqlarıdır. Bəs, Azərbaycan əsilli rus vətəndaşları niyə susurlar?! Azərbaycan Xarici İşlər Naziri (XİN) Rusiyaya nota verə bilər. Amma Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların etiraz səsi nədənsə, yoxdur. Çünki orda diaspor fəaliyyəti aparılmır. Lobbiçilik mövcud deyil. Ermənilər də istədiklərini edirlər. Rusiya da dəstəkləyir. Azərbaycan əsilli rus vətəndaşları məsələyə laqeyd qaldığı üçün reaksiya yoxdur. Əgər Azərbaycan əsilli Rusiya vətəndaşları etiraz səslərini qaldırsaydılar, Prezident Administrasiyanın qarşısında mitinq keçirsəydilər, , yaxud XİN-ə kütləvi məktub göndərsəydilər, Rusiya öz vətəndaşlarını dinləyərdi".
Qeyd edək ki, Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib. Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.