Azərbaycana qarşı yeni təxribat: Kreml Bakıdan nə istəyir? - Ərəstun Oruclu ŞƏRH EDİR
26-10-2022, 09:32
“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- İran Azərbaycan sərhədlərində hərbi təlim keçirdi və bu müddətdə Tehrandan aşkar formada Azərbaycan əleyhinə təhdidlər ünvanlandı. Maraqlıdır, İranın bu qəzəbinin arxasında duran əsas səbəb Zəngəzur dəhlizinin açılması ehtimalı ilə bağlıdırmı, yoxsa onu Cənubi Qafqazda qarşıdurmaya çəkənlər var?
- Azərbaycan sərhədləri yaxınlığında keçirilən son hərbi təlimlər Tehranın Azərbaycana ünvanladığı ilk təhdid deyil, məncə, bunu yalnız bir səbəblə əlaqələndirmək mənzərəyə tam aydınlıq gətirməyə bilər. Səbəblər çoxdur və onları şərti olaraq daxili, regional və geosiyasi amillərə bölmək daha düzgün olardı. İran belə təlim keçirməklə diqqəti xarici amilə, daha dəqiq desək, xarici düşmən amilinə yönəltmək istəyir və bununla da daxildəki dərin siyasi böhrandan yayındırmağa çalışır.
Regional səbəb kimi İranın Ukrayna müharibəsi nəticəsində mövqeyi zəifləməkdə olan Rusiyanın Cənubi Qafqazdakı təsir dairəsinə sahib çıxmaq istəyini göstərmək olar. Nəhayət, Tehranda anlayırlar ki, mühüm geosiyasi əhəmiyyətə malik olan Cənubi Qafqaz bölgəsi İranın təsiri altına keçəcəyi halda Tehranın rolu və sözünün çəkisi artmış olardı. Ona görə də İran yaranmaqda olan boşluğu doldurmağa çalışır. Təbii ki, başqa səbəblər də var, amma zənnimcə, əsas bunlardır.
Tehranın Zəngəzur dəhlizi, Ermənistanın ərazi bütövlüyü və s. bu kimi məsələlər ətrafında apardığı spekulyasiyalar isə onun əsas niyyətlərini gizlətməsinə xidmət edir.
- İrandan söz düşmüşkən, bir aydan çoxdur ölkə daxilində dini-siyasi rejim əleyhinə kütləvi etiraz aksiyaları davam edir. Bu proses necə nəticələnə bilər? Diqqətçəkən məqamlardan biri də ortada liderin görünməməsidir. Bəs bu nə ilə əlaqəli ola bilər?
- İranda səngiməyən etirazların başlıca səbəbi teokratik rejimin xalqı onilliklər boyu zorla keçmişə sürükləyən siyasətinin böhranıdır. Başqa bir səbəb rəsmi Tehranın yürütdüyü irrasional siyasət nəticəsində ölkənin dünyadan təcrid olunmuş vəziyyətə düşməsidir. Əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olan ölkə isə artıq bu qaydalarla yaşamaq istəmir. Amma rejim də güzəştə getmək fikrində deyil və bu səbəbdən də ölkədə siyasi böhran yaşanır.
Ölkədə siyasi müxalifətin olmaması səbəbindən proseslərin kortəbii şəkildə getməsinə rəğmən, insanların göstərdiyi fədakarlıq diqqət çəkməyə bilməz, amma hətta bu da fundamental dəyişikliklərin baş verməsi üçün yetərli deyil. Hələlik reallıq bundan ibarətdir, amma hadisələrin bir neçə mümkün ssenari üzrə gedə biləcəyini demək olar.
Başlanmış hərəkat ya daxilindən liderlər yetişdirib önə çıxarmalıdır, ya hakim zümrədən hansısa qruplar ayrılıb xalqın tərəfinə keçməlidir, ya da etirazçıların israrla mübarizəyə davam etməsi ölkənin xaosa bürünməsinə apara bilər. Bunlardan hansının baş tutacağını demək hələlik çox çətindir, amma bir şeyi dəqiq demək olar ki, hətta rejim hərəkatın qarşısını almağa nail olsa da, bu, onun ancaq müvəqqəti uğuru olacaq. Etirazlar göstərdi ki, dəyişikliklərin baş verməsi üçün İran cəmiyyətində yetərincə mübarizə potensialı və siyasi iradə var.
Liderlərin olmaması isə hakimiyyətin opponentlərinə qarşı onilliklər boyu apardığı sərt təqib siyasətinin nəticəsidir, amma bu da müvəqqətidir, çünki istənilən hərəkat sonda liderlərini özü yetişdirib üzə çıxarır.
- Moskva-Bakı münasibətlərinin hamar göründüyü vaxtda Rusiyanın dövlət telekanalında ölkəmiz əleyhinə təxribata yol verildi. Əslində məntiq deyirdi ki, Rusiya Qərblə əlaqələrini irəli aparmağa çalışan, KTMT-nin məsuliyyət zonasına ATƏT və Avropa Birliyinin müşahidə missiyasını gətirən Ermənistana etiraz etməliydi, amma əksini gördük. Rusiyanın bu “gözlənilməz təxribat”ı nə ilə bağlı ola bilər?
- Bakı-Moskva münasibətlərində görünən mənzərə əslində düşünüldüyü qədər də hamar deyil. Rusiyanın geosiyasi iddialarının reallaşması ilə Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunması arasında diametral ziddiyyət var. Belə ki, Moskvanın Xəzərin şərq, qərb sahilləri boyu və eləcə də dənizin üzərindən reallaşdırmaq istədiyi Şimal-Cənub Dəhlizi şərqdən Qazaxıstanla Türkmənistanın, qərbdən isə Azərbaycanın müstəqilliyinə ciddi təhdiddir. Odur ki, Rusiya Azərbaycandan istədiklərini almaq üçün ən müxtəlif yollara əl atır: gah özünü Azərbaycana dost, müttəfiq kimi təqdim etməyə çalışır, gah guya Ermənistana təzyiq siyasətini imitasiya edir, bunlar da nəticə verməyəndə Azərbaycana təzyiq etməyə çalışır.
Ermənistandan isə Rusiyanın əldə edəcəyi heç nə yoxdur, ondan yalnız Azərbaycana təzyiq aləti kimi istifadə edə bilər. Hazırda Rusiyanın dövlət telekanallarında yer almış təxribatlar da buna işarədir. Amma mən deməzdim ki, Rusiyanın təxribatları bununla məhdudlaşır, Moskva Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni əhali arasında da təxribatlara hazırlaşır. Bu baxımdan, Rusiya dövlət telekanalındakı informasiya təxribatları təsadüfi deyildi.
- Ötən günlərdə Böyük Britaniya Müdafiə Nazirliyinin Şərqi Avropa Departamentinin rəhbəri, aviasiya generalı Pit Krokford İrəvana səfərdə oldu. Britaniyalı general səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Sizcə, Krokfordun İrəvanda nə işi, Londonun Ermənistanla bağlı nə kimi planları ola bilər? Ən əsası Britaniyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycanla münasibətlər necə olacaq? Yeni baş nazir Rişi Sunak Azərbaycana loyal münasibəti olan Boris Consonun dəst-xəttini davam etdirəcəkmi?
- Qərb ölkələrinin Ermənistanla münasibətləri yetərincə çoxvektorludur və burada hansı vektorun üstünlük təşkil etməsi sizin də qeyd etdiyiniz kimi, həmin ölkələrdə kimlərin, hansı partiyaların hakimiyyətə gəlməsindən asılı olur. Bu gün Qrb tərəfdən Ermənistana artan marağın bir neçə səbəbini söyləmək olar: ilk növbədə İrəvanı Rusiyanın təsir dairəsindən tam çıxarmaq, ikinci, Qərbə meylli Paşinyan hakimiyyətini qoruyub saxlamaq, üçüncü, Azərbaycanla Ermənistan arasında sülh anlaşmasına nail olmaq, nəhayət, ehtiyac yarandıqda Ermənistandan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək üçün zəmin yaratmaq.
Konkret Azərbaycan-Böyük Britaniya münasibətlərinə gəldikdə, burada 30 illik strateji xətt var, məncə, bu, yaxın 20-30 ildə də yüksək ehtimalla dəyişməz qalacaq. Kollektiv Qərbdə fərqli münasibət ortaya qoymağa cəhd edən qlobal gücə çevrilməyə can atan Fransadır ki, onun da təkbaşına yürütməyə çalışdığı siyasətin ciddi nətcələri olacağına, məncə, heç Parisin özündə də inanmırlar.
- Amma Fransa parlamenti noyabrda Azərbaycana qarşı sanksiyalara və onu “təcavüzkar” kimi tanımağa çağırış edən qətnamə qəbul etməyə hazırlaşır. Üstəgəl, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı tutumunun daha da sərtləşdiyini görürük.
- Yuxarıda qeyd etdiyim kimi, rəsmi Parisin belə pozucu siyasətinin heç bir perspektivi yoxdur. Hətta Fransa tərəfindən belə sənədlərin qəbulu da Avropa Birliyinin Azərbaycan siyasətinə ciddi təsir göstərməyəcək. Nə qədər ki, Avropa öz enerji təhlükəsizliyi siyasətində Azərbaycanı tərəfdaş kimi görür bu cür cəhdlər heç vaxt birliyin vahid xarici siyasi kursuna təsir etməyəcək.
İstisna deyil ki, Paris bizim bölgəyə dair siyasətində Tehranla sinxron fəaliyyət göstərməyə cəhd etsin, amma bu halda da ilk növbədə özü digər (əsas) qlobal güclərin hədəfinə gələcək. Yəni ABŞ-ın, Böyük Britaniyanın və Rusiyanın. Mümkündür ki, hətta Çinin də.