Rusiya üçün sonuncu şans: “Soçidə ciddi anlaşma olmasa...” - Müsahibə
27-10-2022, 11:07
ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Sizcə, ABŞ və Avropa Birliyinin bölgədə fəallığını artırdığı vaxtda bu görüşdən hansı nəticələr çıxacaq? Yəni Rusiya Qərbin önünə keçmək üçün prosesi önə apara biləcək addım ata bilərmi?
- Əslində Azərbaycanın təşəbbüsü ilə hər iki istiqamətdə danışıqların aparılması cəhdi doğrudur. Azərbaycan həm Avropa Birliyinin, həm də Rusiyanın moderatorluğu ilə danışıqların aparılmasına nail olmaqla onlar arasında bir rəqabət yaradır. İndi isə Rusiya məcbur qala bilər ki, Avropa Birliyinin önə çıxmasının qarşısını almaq üçün hansısa anlaşmanın əldə edilməsini irəli çəksin. Çünki Soçidə ciddi anlaşma olmasa, görüşün yenidən Brüssel və ya Avropanın hansısa paytaxt şəhərlərindən birində keçirilməsi qaçılmaz olacaq. Artıq bununla bağlı ümumi razılaşma var.
Məncə, iki xətt üzrə danışıqların aparılması bir-birinin önünə keçməyə cəhd edən Rusiya və Avropa Birliyi arasında müəyyən rəqabətin yaranmasına səbəb olur ki, bu da bizim maraqlarımıza uyğundur. Çünki bizim məqsədimiz danışıqların təklif etdiyimiz 5 prinsip üzrə irəliləməsi və müəyyən sənədlərin imzalanmasıdır. Bunun hansı şəhərdə olacağı məsələnin ikinci tərəfidir. Amma mən düşünürəm ki, Soçi görüşündə ən azı çərçivə sənədi imzalanmasa, növbəti Brüssel görüşündə belə bir sənədin imzalanması mümkün ola bilər. Bunu Moskva da bilir. Bu baxımdan, ola bilər ki, Rusiya Avropa Birliyinin önə çıxmasının qarşısını almaq və bölgədə əsas gücün Kreml olduğunu göstərmək üçün Soçidə hansısa bir çərçivə sazişi imzalansın. Amma bu, böyük sülh müqaviləsi olması anlamına gəlmir.
- Ermənistan mediasında müzakirə olunan əsas mövzulardan biri ilin sonunadək sülh müqaviləsinin imzalanacağı ilə bağlıdır. Bununla bağlı son olaraq Ermənistan parlamentinin spikeri Alen Simonyan danışdı. Sizin bu haqda fikriniz necədir?
- Söhbət təkcə Azərbaycan və Ermənistanın oturub, anlaşıb sənədləri imzalaması ilə bitsəydi, bəlkə də bu prosesi daha tez yekunlaşdırmaq olardı. Bölgədə maraqları olan müəyyən güclər var ki, böyük sülh müqaviləsinin imzalanması birbaşa həyati maraqlarına toxunan məsələdir.
Böyük sülh müqaviləsi nə deməkdir? Yəni hər iki ölkə bütün problemləri həll edir, tərəflər arasında kommunikasiyalar açılır, nəhayət sülh şəraitində yaşamağa başlanılır. Bu zaman bölgə ölkələri, xüsusən də İran və Rusiya hər iki dövlətə təsir mexanizmlərini itirmiş, yaxud minimuma enmiş olur. Bu da onu deməyə əsas verir ki, bölgədə dayanıqlı sülhün olması Tehran və Moskvanın maraqlarına uyğun deyil. Amma mənə elə gəlir ki, hər bir halda ilin sonuna qədər iki sənəd imzalana bilər.
Biri Moskva və ya Soçidə ola bilər. Rusiyada kommunikasiyalarla bağlı hansısa sənədin imzalanması mümkündür. Çünki Rusiyanın kommunikasiyaların açılmasında marağı var, amma böyük sülh müqaviləsinin imzalanmasını istəmir.
İkinci sənəd Brüsseldə imzalana bilər. Bunun da sərhədlərin delimitasiyası ilə bağlı ola biləcəyini düşünürəm. Amma bu, demarkasiya anlamına gəlmir. Çünki demarkasiya daha ağır prosesdir, daha uzun zaman alır. Amma delimitasiya ilə bağlı hansısa sənədin imzalanması mümkündür.
Bir sözlə, ilin sonuna qədər böyük sülh müqaviləsi olmasa da, iki vacib məsələ ilə bağlı razılığa gəlməyin mümkün olduğu qənaətindəyəm. Bu da Azərbaycanın maraqlarına uyğundur. Sərhədlərin delimitasiyası qarşılıqlı şəkildə ölkələrin ərazi bütövlüyünün tanınması anlamına gəlir. Kommunikasiyaların açılması da Azərbaycanın çoxdan həllini istədiyi məsələdir.
- Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda səfərdə olarkən Tiflisin vasitəçiliyi məsələsi gündəmə gəldi. Maraqlıdır, Gürcüstan bu prosesdə nə edə bilər?
- Əslində Gürcüstan Azərbaycan və Ermənistanın müxtəlif formatlarda danışıqlar platformasına çevrilmişdi. Zaman-zaman iki ölkə arasında müxtəlif səviyyələrdə keçirilən tədbirlərə ev sahibliyi edirdi. Belə tədbirlərdən birində iştirak etmiş şəxs kimi deyə bilərəm ki, Tiflis bunun üçün çoxdan çalışırdı. Təbii ki, burada Tiflisin də maraqları var. Bu durumda Tiflis Cənubi Qafqazın “sülh paytaxtı”na çevrilir. Bu da Tiflisə böyük layihələrin həyata keçirilməsi imkanları yaradır.
İndi də Gürcüstanın paytaxtının jurnalistlərin, vətəndaş cəmiyyəti, dövlət və hökumət nümayəndələrinin daimi görüş yerinə çevrilməsi fürsəti və imkanı var. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Bir çox məsələlər var ki, bunların ciddi formada müzakirə edilməsinə və yekunda ümumi razılığa gəlinməsinə ehtiyac var. Söhbət qarşılıqlı güvənin təmin edilməsindən getmir, bu, uzun prosesdir.
Adi hüquqi məsələlər də var. Məsələn, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası. Azərbaycan Prezidenti də dəfələrlə bu məsələni gündəmə gətirib. Doğru olan da budur ki, orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası həyata keçirilməlidir. Bunun yolları ilə bağlı erməni icmasıyla müəyyən müzakirələrin aparılması və qarşılıqlı güvənin təmin edilməsində Gürcüstan müəyyən rol oyna bilər.
- Bəs ABŞ-ın səylərindən gözləntiniz necədir? Liderlərin gözlənilən Soçi görüşünə münasibət bildirən Dövlət Departamenti Azərbaycan və Ermənistanın ən böyük dəstəkçisinin Rusiya yox, ABŞ olduğunu bildirdi. ABŞ-a inanmalıyıqmı?
- Açığını desək, Rusiyadan fərqli olaraq, ABŞ üçün Azərbaycan və Ermənistanın hansı şərtlərlə razılaşacağı o qədər də maraqlı deyil. Bu mənada ABŞ-ın marağı var ki, bölgədə dayanıqlı sülh yaransın. Rusiyadan fərqli olaraq, ABŞ-ın istədiyi budur ki, məsələ birdəfəlik həllini tapsın. ABŞ-a görə, hansı formada olacağını Azərbaycan və Ermənistan müəyyən etməlidir.
Rusiyanın marağı bir az fərqlidir. Rusiya məsələnin birdəfəlik həllinin bu ölkələrə təsir mexanizmlərini zəiflədəcək deyə, fərqli mövqedən çıxış edir. Buna görə ABŞ-ın da iştirakı vacibdir. Mənə elə gəlir ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-da Ermənistan rəsmiləri ilə görüşü də bunu sübut edir.
Amerika mediasını oxuyanda görürük ki, Vaşinqton ilin sonunadək iki ölkə arasında böyük sülh müqaviləsinin imzalanmasını istəyir. ABŞ düşünür ki, dayanıqlı sülh müqaviləsi imzalanarsa, Ermənistanın tədricən Rusiyanın təsir dairəsindən çıxmaq fürsətləri də artacaq. Yəni Rusiyanın iki ölkə arasındakı gərginliyə təsirləri azaldıqca, regiona təsiri də zəifləyəcək. Amerikanın strateji hədəfi də bundan ibarətdir.
Cənubi Qafqazda Gürcüstan birmənalı şəkildə qərbyönlü siyasət yürüdür. Azərbaycanın siyasəti balanslaşdırılmış olsa da, daha çox iqtisadi olaraq Qərbə bağlıdır. Rusiyanın hərbi, siyasi və iqtisadi təsirlərinin ən güclü olduğu region ölkəsi Ermənistandır. Rusiyanın Cənubi Qafqaza təsirlərinin azaldılmasının yolu da onun Ermənistandakı mövqelərini zəiflətməkdən keçir.