MŞ üzvlərindən baş verənlərə reaksiya: - "Onlar çoxdan ölüblər"
27-10-2022, 11:58
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında qalmaqal yaşanıb.
Belə ki, qurultayda BakuTV-nin əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayevə “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.
Eyni zamanda, yenidən AYB-nin sədri seçilən Xalq yazıçısı Anar Rzayevin mətbuatla bağlı sözləri qalmaqal yaradıb.
84 yaşlı yazıçı mətbuatı "zəhərli" adlandırıb.
Baş verənlər cəmiyyətdə də birmənalı qarşılanmayıb və sərt tənqid olunub. Jurnalistlər, yazıçılar, ictimai şəxslər bununla bağlı paylaşım ediblər.
TEREF.AZ Bakupost.az-a istinadla onlardan bəzilərini təqdim edir:
Azərbaycan Mətbuat Şurasının üzvü, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
“Öz vəzifəsini yalnız və yalnız peşə etikası kodeksinin prinsiplərinə əməl etməklə yerinə yetirən media mənsublarına qarşı istənilən aşağılayıcı, əzici rəftarı qınayıram. Amma hesab edirəm ki, media mənsubları da müstəntiq, ittihamçı və yaxud hakim olmadıqlarını nəzərə almalı, üslublarına diqqət yetirməli, aqressiya nümayiş etdirməməli, iştirak etdikləri insidenti qarşı tərəfin əleyhinə kampaniyaya çevirməməlidirlər.
Bunun çətin olduğunu yaxşı başa düşürəm. Lakin nə etmək olar, seçdiyimiz peşənin prinsipləri bizdən tərəf olmamağı tələb edir...
P.S. Bu statusun Çingiz Abdullayevlə bağlı insidentə heç bir aidiyyatı yoxdur.
Qurultayda kənardan müşahidə etdiyim çoxsaylı faktlar, öncədən hazırlandığı şübhə doğurmayan təxribat xarakterli davranışlar məni bu statusu yazmağa məcbur etdi.
Təfərrüatına varmaq istəmirəm, amma eyni təxribatçı qrupun ayrı-ayrı məkan və situasiyalardakı hərəkətlərinə münasibətdə fərqli davranışların sərgilənməsi uzaqdan heç də yaxşı görünmür”.
MŞ-nın üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Öz peşə borcunu yerinə yetirən jurnalist niyə utanıb ölməlidir ki? Azərbaycan Yazıçıları Birliyi dövlət büdcəsindən maliyyələşir, büdcə də xalqın vergiləri hesabına formalaşır. Əgər AYB kommersiya qurumu olsaydı, pulu özü qazansaydı tədbirə nə qədər maliyyə ayrılmağının soruşulması bəlkə də düzgün olmazdı. Xalqın halal haqqı ana dilini Azərbaycan jurnalisti ilə birgə "əzən" xalq yazıçısının davranışı etik deyil , qəbulolunmazdır”.
MŞ-nın üzvü, Yeni Çağ media orqanın rəhbəri Aqil Əlsəgər: “O qədər pis alışıblar ki, etdikləri heç nə sorğulanmasın, müzakirə edilməsin. Bunlar da dövlət malını basıb yesinlər. Hələ bir minnət də qoysunlar xalqın boynuna ki, mən VİP-dən çırpışdırdığım suyu sizə vermişəm, jurnalist isə 203 minin söhbətini edir. Ömrü “copy-paste” kitab “yazmaq”la keçən biri üçün jurnalistə belə cavab verməsi normaldır. Çünki eqosu elə böyükdür ki, jurnalist qulağının dibinə şapalaq yemədiyinə şükr etməlidir. Dəyişməsini istədiyimiz Azərbaycan bax çingizlərin at oynatdığı məmləkətdir. Çətindir, ancaq ölkə rəhbərinin iradəsi ilə başlayan bir dəyişim var. Yəqin ki, sonunda gülən tərəf islahat tərəfdarları olacaq.
Bunun üçün o jurnalistin arxasında dayanıb, o Ahıl Yazıçılar Birliyinin utanmaz üzvünün üzünə “əsl utanası sənsən” deməkdən də çəkinməməliyik… “Öləsi” demirik, çünki bu tiplər xalqın nəzərində çoxdan ölüblər, özlərinə xəbər verən yoxdur…”
MŞ-nın üzvü, jurnalist Hacıbəy Heydərli: “Jurnalistin sual verməsi ayıb deyil, ən təbii haqqıdır. Ən böyük ayıb xalq yazıçısının ana dilində danışa bilməməsidir...”
Qeyd edək ki, məsələ ilə bağlı MŞ-nın sədri R. Məcid belə açıqlama verib:
“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi. Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”.
“Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.
Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.
Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa-robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu”, - deyə əlavə edib.