Çingiz Abdullayevin cavabı hüquqi məsuliyyət yaradır?.. - HÜQUQİ QİYMƏT

27-10-2022, 19:51           
Çingiz Abdullayevin cavabı hüquqi məsuliyyət yaradır?.. -
Xəbər verdiyimiz kimi, dünən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında ona sual verən jurnalisti təhqir edib.

TEREF.AZ bildirir ki, büdcədən qurultayın təşkilinə ayrılmış 203 min manatın hara xərclənməsi barədə sualı cavablandıran Xalq yazıçısı qeyri-etik ifadələr işlətməkdən də çəkinməyib: “Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız, ölmürsünüz?..”

Teleqraf.com baş verən hadisə ilə bağlı media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin fikrini öyrənib:

“Çingiz Abdullayevin mövqeyi ziyalı mövqeyi deyil. İnsanlar həmişə xoş ovqatda ola bilməzlər, amma heç bir əhval, hətta sizə sevmədiyiniz sualı verəndə belə, kiminsə şəxsiyyətini təhqir eməyə səbəb ola bilməz. Dünənki hadisə göstərdi ki, Çingiz bəy Azərbaycan dilini tam bilməməsi və ya tədbirin stressində olması nəticəsində yanlışlığa yol verib. Bir ziyalının jurnalistlə belə rəftarı üzücü bir şeydir".

Hüquqşünas hesab edir ki, bir şairin, bir yazıçının, xüsusilə Xalq yazıçısının cəmiyyətdə özünü belə aparması müsbət nümunə sayıla bilməz: "Sosial şəbəkələrdə də bu hadisə geniş müzakirə olunur. İnsanların Çingiz bəyə münasibəti tamamilə dəyişib.

Ola bilər, tələb edilən informasiya Çingiz bəydə qıcıq yaradıb, amma mahiyyət etibarilə bu sualın cavabı ictimaiyyətə maraqlıdır. Suala iki formada cavab vermək olardı. Əgər suala qənaətbəxş cavab verəcək qədər əldə fakt yoxdursa, o, sonra cavablandıracağını deyə bilərdi, yaxud deyərdi ki, sualı yazıb göndərin, araşdırım, məlumat verim. Amma sual verən jurnalistiin şəxsiyyətini birbaşa təhqir etmək düzgün deyil. Bu, hüquqi məsuliyyət yarada biləcək söhbətdir”.

Ələsgər Məmmədli jurnalistin sualında ciddi yanlışlığın olmadığını da söyləyib:

“Jurnalist sualı çox mədəni formada ünvanladı, həm də onu əsaslandırdı. Oktyabrın 13-də Mədəniyyət Nazirliyi məlumat açıqlamışdı ki, AYB-nin 13-cü qurultayına 203 min 600 manat vəsait ayrılıb. Bu, dövlət qurumu tərəfindən ictimailəşmiş informasiyadır, jurnalist də bu xərclərin nədən ibarət olduğunu soruşub.

İkinci məqam odur ki, jurnalist informasiyanı aydınlaşdırmaq istəyirsə, onu da vermək hüququ var. İnformasiyanı öyrənib, ictimaiyyətlə paylaşmaq jurnalistin peşə borcudur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.