Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: - «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir»

28-10-2022, 11:35           
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: -
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı:
Almaniyada öz biznesini quran həmvətənlərimiz var, ancaq bu cür istəyi olanlar qat-qat çoxdur. Onlarda bu istiqamətdə suallar var.

Həmin suallar ətrafında FED.аз Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Elnur Hüseynovla söhbətləşib. TEREF.AZ həmin müsahibəni təqdim edir:

- Almaniyada biznes qurmaq üçün imkanlardan danışaq. Hazırda bu istiqamətdə vəziyyət necədir?

- Azərbaycanda biznes deyəndə, iki fərqli yolu düşünürlər. Hansısa işə investisiya yatırmaq və biznes. Söhbət biznesdən gedirsə, biznes dediyimiz tərəf aktiv iş, aktiv əməkdaşlıq, aktiv həmin sahənin aparılmasıdır. Almaniyada biznes qurmaq asan deyil. Çünki Almaniya stabilliyini əlində saxlayan ölkələrdəndir. Buna görə Almaniyaya dünyanın hər yerindən investorlar, iş adamları gəlir, iş görməyə çalışırlar.

Sizin velosiped, yaxud hər hansı məhsulu istehsal etmək fikriniz varsa, əlinizdə olan hər hansı maliyyə vəsaiti ilə bu sahəyə girişmək istəyirsinizsə, o demək deyil ki, uğurlu ola bilərsiniz. Ola bilər ki, başqa ölkədən gələn biri artıq bu zavodu qurub, beş dəfə artıq investisiya qoyub və üzərində də çalışır. Böyük rəqabətli mühitdir. Sahəni açmaq, sahənin üzərinə düşmək, şirkəti yaratmaq, sənədlərini düzəltməkdə heç bir problem yoxdu. Vergi sistemini anlamaq, vergi sistemini düzgün yolla idarə etmək asandır. Sadəcə, Almaniyada iş qurmaq istəyən adam biznesin ana qanununu unutmamalıdır. Aktiv biznes pula həll olmur. Aktiv biznes kadrlar və kontaktlarla həll olunur.

- Deyirsiniz ki, Almaniyada biznes qurmaq fikri ilə gələnlər yüz ölçüb bir biçməlidirlər.

- Burda niyə startaplar çox inkişaf edir? Çünki maliyyə vəsaitini qazanmış və əllərində maliyyə vəsaiti olan o qədər biznes adamı var ki, daha hansı sahədə iş görə biləcəklərini bilmirlər. Ona görə, yeni fikir, maraqlı ideya ilə bir addım qabağa getmiş şirkətə, startapa böyük məmnuniyyətlə, pul yatırırlar. O baxımdan, Azərbaycandan kimsə Almaniyada biznes fikri ilə gəlmək istəyirsə, ya yaxşı ideyası olmalıdır, ya da yaxşı pulu. Yaxşı ideyaları varsa, Almaniyada yaxşı əlaqələr qurmalı, yerli partnyorla birləşib kontaktlardan istifadə edib irəli getmək mümkündür. ASK nümayəndəsi kimi mənə Azərbaycandan müraciət olur, mən onların hamısına dəstək verməyə çalışıram, məsləhət görürəm ki, partnyorluq yaratsınlar.

- Maliyyə vəsaiti olanların startaplara böyük məmnuniyyətlə pul yatırdıqlarını vurğuladınız. Bəs Almaniyada startapçılarla investorların əlaqəsi necə qurulub?

- Helsinburq dünyada ilk və tək şəhərdir ki, dövlət startapları inkubatoru var. Dövlət belə bir şərait yaradıb. Dövlət işçiləri həftədə bir dəfə 2 saatlıq icazə alıb həmin inkubatorda fikirlərini təqdim edə bilər. Orda işləyən mütəxəssislər – İT, tibb, təhsil, aqronomiya və s. üzrə mütəxəssislər var. Məsələn, siz universitetdə aqronomiya üzrə professorsunuz, deyirsiniz ki, bu həftə gedib iki saat ərzində dövlətin işi ilə bağlı bəzi təkliflərimi vermək istəyirəm. Ordakı mütəxəssislər yığılıb sizin fikrinizə qulaq asırlar. Əgər uyğun olursa, o fikir biznes plana keçirir və bu biznes planı həyata keçirmək üçün dövlətə təhvil verirlər. Avropa sistemində startaplara maliyyə tapmaq çox asandır. Əsas məsələ ilkin addım və ilkin fikirdir.

- Maliyyə üçün döyüləcək qapılar hansılardır?

- Burda maliyyə üç metodla olur. Birinci, əgər hər hansı şirkət varsa, ideyası çox gözəldirsə, amma irəli addımlamaq üçün pulu yoxdursa, layihəsini təqdim edib “Silk investment”lə məşğul olan investisiya şirkətlərindən investisiya əldə etmək mümkündür. Mən konsultasiya etdiyim bir neçə şirkətə bu investisiyanın təşkil olunmasında kömək etmişəm. 25 min avroya qədər həmin şirkətlər pul ayırırlar və deyirlər ki, gəlin sizə kouçinq edək, daha yaxşı yol göstərək, şirkətinizi qurun, ilkin addımlarınızı atın.

İkinci addım, dövlət dəstəyi, subsidiyalardır. Almaniyanın öz, Avropa Birliyinin öz subsidiyaları var. Hansılar ki, sənə konsultant lazımdırdısa, onun pulunu ödəyir. Hər hansı ilkin addımı atmaq istəyirsənsə və deyirsən ki, mənim 30 faiz maliyyəm var, onlar 70 faizini verir. Ya 100 faiz geri qaytarmağa məcbur olmadığın, ya da kredit subsidiyası kimi verir. Yaxud da hər hansı investorun tapılmasında yardım edir. Hətta o format var ki, deyir, sizin şirkətinizə bir investor gəlib 10 faiz gəlir qazanmaq şərtilə 10 milyon verirsə, biz də dövlət olaraq dəstək kimi 10 faiz alıb 10 milyon veririk. İnvestorlara da dəstək qanunları var. Məsələn, siz investor kimi gəlib şirkətə bir milyon pul yatırırsınızsa, dövlət baxıb deyir, buna görə vergi verməyinizə ehtiyac yoxdur. Startapların ilkin addım atmasında dövlətin dəstək metodları çox böyükdür.

Üçüncü isə, investorlara çıxışdır. Almaniyada, İsveçrədə artıq o səviyyəyə gəlib çatıb ki, fondlar yaranır, bura 5-10-15 investor toplaşır. Hansı investorlar ki, artıq elə səviyyəyə gəliblər, bilmirlər ki, aktiv biznesi daha hansı sahədə aparsınlar. Toplaşıb maliyyə vəsaiti yığmağa başlayırlar. İlin axırı fondların hesabatı yayımlanır ki, 2022-ci ildə startaplara yatırmaq üçün 500 milyon avro büdcəmiz var. Öz maraq dairələrinə uyğun startap sahələrini qeyd edirlər. Startaplar da öz fikirlərini müzakirəyə təqdim edirlər. Bundan başqa, startapın inkişafı və maliyyəsi üçün həddindən artıq çox proqramlar var, hansı ki, startapların özlərini bir yerə cəmləşdirir.

- Dövlət dəstəyi də yaxşıdır, əslində.

- Məsələn, siz burda mühəndisliyi oxumusunuz, mühəndislik şirkəti açmaq istəyirsiniz, amma pulunuz yoxdur. Dövlət 25-75 min avro arası sizə dəstək verir. 25 mini geri qaytarmağa ehtiyac yoxdur, geridə qalan məbləği sıfır faiz kredit və yaxud da uyğun şərtlərlə kredit formatında verir. Əgər siz hər hansı şirkəti açmısınız, şirkət işləyir, inkişaf edir. Amma indi şirkətinizi alternativ enerji ilə bağlı daha da inkişaf etdirmək istəyirsiniz, burda subsidiyalar ayırır. Yəni, subsidiyaları həddən artıq çoxdur.

Bəzi şirkətlər var, işlərini tam düzgün apara bilmirlər, onların biznes konsultantlara ehtiyacları var. Həmin konsultantın pulunu belə dövlət ödəyir. İnfrastruktun inkişafı ilə bağlı dəstəyə ehtiyacı varsa, ora pul ayırır. Sahələr çoxdur. Kapital formatında verə bilir. Məsələn, görür ki, siz 4-5 ildir işləyirsiniz, müəyyən yerə gəlmisiniz, indi daha da inkişaf etdirmək istəyirsiniz. Buna görə 5 milyon avroya qədər kapital verə bilir. Lap kiçik formatı 25 min, 75 min avrodur. Biznesin böyüklüyündən asılı olaraq dəstəyin məbləği dəyişə bilir. Bizneslərə dövlətin dəstək istiqamətləri çoxdur. Sadəcə olaraq onları bilmək və yararlanmaq lazımdır. Bu, mikrokredit, şirkətin inkişafı, yeni fikrin qatılması, avadanlıqların alınması və s. hər sahə üzrə var.

- Bəs pandemiya dövründə Almaniya dövləti bizneslərə nə kimi dəstək göstərdi?

- Almaniyada dövlətinin startaplara, bizneslərə dəstəyi ildən-ilə dəyişir, yenilənir. Son iki ildə elə dəstəklər oldu ki, bəlkə də dünyada elə dəstək metodları yox idi. Koronavirus dövründə alman hökuməti və Berlin şəhəri üzrə qanun çıxdı. Hər hansı şirkət koronadan əvvəl çalışıbsa, məsələn, sentyabr və dekabr ayları arası dövriyyəsi 1 milyon avro olubsa, bu dövriyyənin 700 min avrosu şirkətin cari xərcləri olubsa və indi koronaya görə durubsa, dövlət həmin o 700 mini subsidiya kimi şirkətə verirdi.

- Pandemiya dövründə dövlətin bizneslərə yardımından sizin şirkətiniz yararlandı?

- Yox, əslində mənim sahəm konsultasiya, startaplar, “last mile transportu” olduğu üçün pandemiya dövrü bizə çox müsbət təsir etdi. Çünki hamı evində otururdu, onlayn sifariş verirdilər. Onlayn sifarişlərin daşınmasında biz iştirak edirik.

- Ənənəvi bizneslərdən hansılar Almaniyada daha uğurlu hesab edilə bilər?

- Kiçik, orta və böyük sahibkarlıq subyektlərinə qruplaşdıraraq deyə bilərəm. 3-5-10 nəfər işçisi olan kiçik sahibkarlıq subyekti qurmaq istəyirsinizsə, idxal, ixrac və qida sahəsində bizneslər həmişə üstünlük göstərib. İndiki böhran dövründə münasib qiymətə qida məhsullarının idxal olunmasına çox maraq göstərilir. Bir də hansısa sahədə mütəxəssisinizsə, o sahədə biznesə kiçik sahibkar olaraq başlaya bilərsiniz. Mühəndis, texnik, yaxud santexnik, elektrik və s. bunları nəzərə almaq olar. Çünki hər zaman ehtiyac olub və olacaq.

Orta sahibkarlığa gəldikdə isə, deyim ki, Azərbaycandan fərqli olaraq Almaniyada restoran sahəsi o qədər də aktual biznes deyil. Çünki kifayət qədər restoran var. Biznesin tutması və batırması əlli əlliyədir. O sahənin məsləhət görülməsi çətindir. Otel biznesi - kiçik bir otel açılması daha uyğun olar. Qida sahəsi ilə bağlı olan xırda istehsalat biznesləri yaxşı alınır. Orta sahibkarlığın yatırımına baxır. Alternativ enerji də yaxşı sahədir. Sadəcə olaraq alternativ enerji gec nəticə verən biznesdir. Amma böyük ehtiyac var.

Böyük şirkətlərə gəlincə isə, Almaniyada böyük şirkətlər 50-dən çox işçisi olanlar sayılır. O sahə isə bu gün üçün iki sahəni nəzərə almaq olar. Biri qida sənayesində istehsalat, ikincisi isə energetika sahəsidir.

- Almaniyada ənənəvi sahələrə investisiya edənlər, biznes quranlar nələri diqqətdə saxlamalıdırlar?

- Maliyyə vəsaiti azdırsa, ənənəvi biznes sahələrində işə başlayırlarsa, bilməlidirlər ki, ona zaman və səbr lazımdır. Yaradacağın şirkətin buna dəstək verəcək kontaktlarla hər hansı formata gəlib çıxması üçün zaman lazımdır.

Yuxarı məbləğdə investisiyanız varsa, daha uğurlu forma hazır zavodlara, hazır istehsala, hazır müştəriləri olan şirkətlərə müəyyən pay sahibi olan investor kimi girməkdir. Bu, çox uğurlu nəticələr verir. Bir neçə azərbaycanlı iş adamı tanıyıram ki, Azərbaycanda işlərini davam etdirirlər, bura investisiya yatırıb uğurlu nəticələr əldə edirlər. Bu sahədə təbii ki, ASK olaraq biz onlara kontaktların tapılmasında dəstək veririk və yaradılmasında əlimizdən gələni maksimum edirik.

- Yeni iş quranda yaxşı kadrlar lazım olur. Bu cəhətdən işə yeni başlayanlar üçün uyğun kadrlar olurmu?

- Almaniyada güclü kadrların tapılması, onların işə cəlb olunması çox çətindir. Çünki güclü kadr öz qiymətini bilir. 8 saat işlədikdən sonra işdə qalmaq kimi format yoxdur. Ola bilər ki, iş saatından sonra bəzən nəyəsə kömək etsin, amma çox zaman rədd edir.

- Şəhər seçimindən danışaq. Almaniyada biznes, startap ideyası olanlar üçün şəhər seçiminin fərqi varmı?

- Əslində, şəhər fərqi yoxdur. Son 10 il ərzində Berlinin inkişaf etməsi üçün Almaniya Federativ Respublikası böyük formatda maliyyə vəsaiti ayırır. Kovörkinqlər, startap yerlərinin açılması üçün Brandenburq ətrafında böyük dövlət dəstəyi və vəsaitlərin ayrılması üzrə kampaniyalar aparır. Ona görə deyərdim ki, startapların uğurlu şəraitdə addım atması üçün Berlin ətrafı Brandenburq deyilən yerdəki şəhərlərin hər hansının seçilməsi daha düzgün və məntiq yönümlü olardı.

- Pandemiya dövründə dövlətin dəstək göstərdiyi Almaniyada hazırda bizneslərin durumu necədir?

- Almaniya dövləti bizneslərə pandemiyanı rahat formatda keçirməyə böyük kömək etdi. İmkan vermədi ki, şirkətlərin çoxu iflas etsin. Düzgün işlənmiş şirkətlərin hamısı ayaqda qaldı. Çünki hamısı dövlət dəstəyi aldılar. Pandemiya dövründən sonra burdakı şirkətlər yavaş-yavaş ayağa qalxmağa başlayırdı. İndi də Rusiya-Ukrayna münaqişəsi mənfi təsir göstərdi. Çünki Ukraynadan gətirilən məhsul çox idi. Transport pandemiya dövründə bahalaşdı, amma indi bir az enməyə başladı. Bu münaqişə Almaniya iqtisadiyyatına həm idxal, həm ixracda, həm istehsalatda, həm malların tapılmasında, həm də malların gəlməsində təsir edir. Bir şirkət var, istehsal etdiyi avadanlıqların 20-30 faizi Rusiyadan gəlir. Amma artıq dayanıb, istehsalı yüzdə yüz apara bilmirlər. Topdansatış şirkətləri var, hansı ki, Ukrayna ilə işləyirdilər, o dayanıb.

- Vergi cəhətdən yanaşaq, Almaniyada fəaliyyət göstərən biznes adamları vergidən razıdırlar?

- Azərbaycanla Almaniyanın vergi sistemini müqayisə etsəm, hazırda Azərbaycanın vergi sistemi çox yaxşıdır. Gəlirinizin 19 faizini Əlavə Dəyər Vergisi olaraq ödəyirsiniz. 30-40 faiz arası gəlir vergisidir. Almaniyada şirkətin sahibi kimi şirkətdən şəxsi formatda pulu götürmək də çox çətindir. Əgər siz şəxs kimi şirkətdən pulu götürmək istəyirsinizsə, gəlirdən asılı olaraq 10+ faiz də ordan pul ödəməlisiniz. Gəlirinizin 60 faizini dövlətə ödəməlisiniz. Sonra da şirkəti saxlamalısınız. Amma vergi sistemləri çox şəffafdır. 2022-ci ildən bu şəffaflıq sistemini Azərbaycanda da tətbiq etmək istəyirlər. Əgər şirkətinizin xərcləri çoxdursa, ilin axırı siz dövlətdən ƏDV-ni geri ala bilirsiniz. Gəliriniz az olubsa, dövlət sizə geri ödəyir, vergi ödəmirsiniz. İl ərzində müəyyən gəlir əldə etmisiniz və planlaşdırırsınız ki, bu gəliri növbəti iki il ərzində şirkətin inkişafı üçün investisiya edəcəm, dövlət sizdən sizdən vergi tutmur. Belə şəffaf formatlar da var. Bəli, çətindir, ağırdır. Asan biznes yoxdur. Asan biznes olsaydı, hamı milyoner olardı. Biznes, iqtisadiyyat çətin deyil. Sadəcə olaraq onu anlamayan şəxslər onun çətin və ağır olduğunu düşünür. Amma hər biznesin, hər sahənin öz idarəetmə metodu, öz yolu var. Bu yolu düzgün tutduqdan sonra Almaniya, Azərbaycan, fərqi yoxdur, dünyanın istənilən yerində uğura yol heç də çətin deyil.

- Bizneslərə nəzarətlə bağlı Almaniyada dövlət tərəfindən əsas diqqət edilən məsələ nədir?

- Hər sahədə sertifikatlaşdırma var. Həmin sertifikatların əldə olunması və hər bir sahənin nəzarəti həddən artıq böyükdür. Məsələn, tikinti sahəsində işləmək üçün 2021-ci ilin axırından 60 faiz iş təhsilli və əlində sertifikatı olan şəxslər tərəfindən aparılmalıdır. Konsultant işləmək istəyirsənsə, bunun üçün sertifikatın olmalıdır. Əgər şəxsin təhsili, şirkətin sertifikatı bunlara icazə vermirsə, dövlət həmin şirkətin işlədiyi sahəni həm cəzalandıra, həm də bağlaya bilər. Həm orda çalışanlara cəza kəsə bilər. Söhbət təkcə yüksək bilik tələb edən sahələrdən getmir, hətta bəzi xırda sahələr var ki, ora çox böyük nəzarət olunur. Məsələn, tikintidə divara rəngi çəkən adamın icazəsi olmadan o adam rəngi divara vura bilməz. Çünki oranın öz nüansları, xırdalıqları var. Mütəxəssis olmayan həkimin öz konsultasiya yerinin açmasına icazə verilmir. Bürokratiyanı keçmək bəzən çox vaxt tələb edir. Amma bu bürokratiyaya əsasən də Almaniya hazırda ayaqdadır. Çünki hər sahəyə nəzarət edir, hər sahənin düzgün inkişaf etməsində nəzarət edir.

- Bizim ölkə sahibkarlarının Almaniyaya yatırım etmələriylə bağlı vəziyyət necədir?

- Pandemiya dövründən bu yana investisiyalar bəlkə də 10 faizdən aşağı düşüb. Yox səviyyəsindədir. Çünki qeyd etdiyim kimi gəlir daha azdır, rəqabət daha böyükdür, ona görə burda olan ağırlıqla, bürokratiyayla, vergi sistemiylə, heç kim vaxtını, zamanını və sinirlərini xərcləmək istəmir.

- Yəni hazırda Almaniyada investоr olmaq asan məsələ deyil?

- Bəli. Pandemiyadan əvvəl startaplara böyük investisiyalar gəlirdi. Hansıların ki, gələcəyi daha parlaq görünürdü. Amma pandemiya dövrü başlayandan o da düşüb.

- Almaniyanın Azərbaycanın yatırımına ehtiyacı var? Yoxsa bu onlar üçün öndə olan məsələ deyil?

- İqtisadi tərəfdən baxsaq, xaricdən, daxildən gələn investisiyaların hamısına böyük maraq göstərilir. Dövlət də böyük dəstək verir. Ancaq 2021-ci ildən etibarən xaricdən gələn investisiyaların mənbəyi soruşulur. İnvestor pulu hardan alıb, necə gətirib və.s çox araşdırmalar gedir. Əgər həqiqətən heç bir problem yoxdursa, ona dəstək verilir. Məsələn regionların inkişaf proqramı var. Regionların inkişaf proqramında elədir ki, bəzən 60 faizə qədər dövlət dəstəyi almaq olur. Yerli, xarici investor olmasının fərqi yoxdur. Məsələn, investor dövlətə deyir ki, su yosunlarını inkişaf etdirmək istəyirəm, orda 50 nəfər işləyəcək, mən bu qədər investisiya etməyə hazıram. Dövlət layihəyə, biznes plana baxır, araşdırır, uyğun görürsə, dəstək verir. Məsələn, layihənin dəyəri 10 milyon avrodur, 4 milyonunu sən qoyursan, dövlət də 6 milyon dəstək verir. Sən təki bu iş yerlərini aç, başında dur, zamanını, vaxtını və səbrini sərf elə.

- Azərbaycanda bizneslər sürətli gəlir qazanmağa fokuslanırlar. “Xərci tez çıxarsın” kimi yanaşırlar. Ümumiyyətlə, xərcin qayıtması, gəlirin gəlmə müddəti Almaniyadakı bizneslərdə necədir?

- Bəzi bizneslər var ki, sürətli gəlir əldə etmək olur. Məsələn, onlayn satışlar. Pandemiyadan sonra onlayn sifarişlərlə məşğul olanların sayında böyük artım qeydə alındı. Hər hansı maraqlı məhsulun ölkəyə salınması, satılması və gəlir gətirmə müddəti bir aydan da azdır. Bəzən həqiqətən də böyük gəlirlər əldə etmək mümkün ola bilir.

Startaplara gəlincə, bu istiqamətdə hər hansı ideyanı inkişaf etdirib, müəyyən səviyyəyə çatdırıb, prototipi əldə edib çox böyük məbləği 6 aydan bir il ərzində qazanmaq olar. Təbii ki, uzunmüddətli də var. Bu layihələr səbr tələb edir.

İnvestisiya məbləği tam olaraq 3-5 ilə geri qaytarılan bizneslər də az deyil. Sadəcə olaraq, insan bu bizneslərə vaxtını, zamanını sərf etməlidir.

- Alman qanunvericiliyi nə deyir? İstənilən azərbaycanlı gəlib orda iş qura bilər?

- İstənilən ölkə vətəndaşı burda şirkət aça, biznes sahibi ola bilər. Sadəcə olaraq Azərbaycan vətəndaşı Almaniyada qalıb işləmək istəyirsə, müəyyən qanunlara əməlidir, əmək qanunvericiliyini bilməlidir. Məsələn, deyir ki, işçi götürürsənsə, maaş filan qədərdən artıq olmalıdır. Yəni bilməlisən ki Almaniyada biznes qurursan. Amma belə biznesin açılmasında, yaradılmasında problem yoxdur, tam sərbəst inkişafa icazə verilir.

- Azərbaycanda kredit, yaxud faizlə pul götürüb bizneslərə başlayanlar olur. Bu yanaşma Almaniyada nə dərəcədə uğurlu ola bilər?

- Banklardan sərbəst şəkildə 8-11 faizlə biznes kreditləri götürmək mümkündür. Dövlət dəstəyi ilə də kredit götürmək mümkündür. Dövlət dəstəyi ilə olursa, kreditin bir hissəsi subsidiya olur, bəzi hissəsi sıfır faizli kredit kimi. Götürüb biznesi inkişaf etdirirlər və uğurlu nəticələnir. Qeyd etdiyim aktiv bizneslər üçündür. Ancaq biznesə yeni başlayanda da kredit götürmək mümkündür. Onda artıq şəxs özü cavabdehlik daşıyır. Məsələn, şirkətin idarəçi direktoru şəxsi cavabdehlik kağızına imza atır ki, əgər açdığım şirkət uğurlu olmasa, götürdüyüm maliyyə vəsaitini geri qaytaracam.

- Azərbaycanla alman sahibkarlarının əlaqəsi necədir?

- Rusiya-Ukrayna münaqişəsindən sonra alman şirkətlərinin, biznes adamlarının Azərbaycana maraqları böyük formada artıb. Onlar həm Azərbaycanın yerli şirkətlərinin mallarını almağa, onlarla çalışmağa, həm öz servislərini Azərbaycana satmağa can atırlar.

Azərbaycanla iş birliyi üçün həqiqətən də bəzi şirkətlər maraq göstərirlər. Eyni zamanda o şirkətlərin özləri də partnyor axtarırlar. Almaniyanın istehsalçı şirkətləri var, bizim regiondan partnyor axtarırlar. Deyir partnyor tapıb Qafqaza, Türkiyəyə öz malımı satmağa maraq göstərirəm. Bizə bir yerli partnyor tapın. 2022-ci ilin əvvəlindən hər sahədə maraq həqiqətən də çox artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.