Cənubi Qafqaz uğrunda son savaş, Putinin “SSRİ planı”, III Qarabağ savaşı...
29-10-2022, 15:46
Azərbaycan dövlət televiziyasında Rusiyanın sərt olunması Bakı ilə Moskva arasında ciddi gərginliyin olduğunu ortaya qoydu. Bunun ardınca Rusiya Prezidenti Vladimir Putinin "Valday”dakı çıxışı Moskvanın Qarabağla bağlı niyyətinə işıq saldı və Bakının hiddətinin səbəbi müəyyən qədər aydın oldu. Nəzərə alsaq ki, 44 günlük müharibədən sonra Qərb də Bakı və İrəvan arasında sülhə nail olmaq üçün xüsusi fəallıq nümayiş etdirməyə başlayıb, görünən budur ki, bu, Moskva üçün o qədər də xoş deyilş Bu zaman oyunun getdikcə qarşıdurma müstəvisinə keçəcəyini düşünmək olar. Nəticə necə ola bilər? Rusiya Bakıya qarşı təzyiqlərini artıracaqmı, Azərbaycanın tamamilə Kremldən üz döndərməsi mümkündürmü?
Mövzu ilə bağlı Qaynarinfo siyasi analitik Rauf Mirqədirovla söhbətləşib:
- AzTV-nin "Həftə” proqramında Rusiyanın sərt tənqid edilməsindən sonra Bakı ilə Moskva arasında münasibətlərin soyuqlaşması və artıq balans siyasətinin pozulması barədə ehtimallar səsləndirilir. Bu məsələ ilə bağlı dəyələndirməniz maraqlı olardı.
- Bakı ilə Moskva arasındakı münasibətlərdə problemlərin bir neçə səbəbi var. Birinci səbəb ondan ibratətdir ki, 44 günlük müharibədən sonra Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında yeganə moderatora çevrilmişdi və bu, Moskvanı tamamilə təmin edirdi. Qərb isə prosesdən tamamilə kənarlaşdırılmışdı. Azərbaycan da bu xətti müdafiə edirdi. Qərb dövlətlərinə bildirilirdi ki, 30 il ərzində siz bu problemi həll edə bilmədiniz, amma biz Rusiyanın köməyi ilə həll etdik. İndi isə istəyirsinizsə, yardımçı ola və əsasən humanitar məsələlərin həllində iştirak edə bilərsiniz. Lakin Ukrayna münaqişəsi başlayandan sonra vəziyyət bir qədər dəyişdi. Rusiya-Ukrayna müharibəsinin fonunda başlanmış qlobal qarşıdurmanın nəticələri barədə qeyri-müəyyənlik yaranması həm Azərbaycanın, həm də Ermənistanın xarici siyasətdə müəyyən korrektələr etməsini şərtləndirdi. Onlar Rusiyanın bu qarşıdurmada məğlubiyyət ehtimalını nəzərə alaraq Qərblə kommunikasiyaları genişləndirməyə başladılar. O cümlədən Qarabağ probleminin həlli ilə bağlı Qərb liderləri ilə təmaslar intensivləşdi. Şarl Mişellə görüşlər, Vaşinqtonda təmaslar, Blinkenin, Makronun telefon danışıqları və s. Bundan başqa, Türkiyə prosesə artıq Rusiya tandemində deyil, Qərb koalisiyasında qoşulmağa başladı. Bütün bunlar əlbəttə Moskvanı qıcıqlandırır. Rusiya Qarabağ münaqişəsi üzərində monopoliyasını itirdiyini görür və bundan çox hiddətlənir. İkinci vacib məsələ münaqişənin praktik həllinə Qərb və Rusiyanın fərqli yanaşmasıdır. Moskva münaqişənin həllini təxminən belə görür-Moskvanın patronajlığı altında Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanır, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilir. Amma Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı konkret qərar təxirə salınır. Bu, əslində münaqişənin həlli deyil və bu fakt Rusiyanın problemin həllində maraqlı olmadığını göstərir. Zatən bu əvvəldən də bəlli idi. Qərb isə münaqişənin paket variantı ilə həllinə tərəfdardır. Yəni, Qərb gələcəkdə sülhü təhdid altına alacaq bütün probelmlərin aradan qaldırılmasında maraqlıdır. Bu da təbii ki, Qərbin regiondakı strateji maraqları ilə əlaqədardır. Qərbin yanaşması Azərbaycanın maraqlarına cavab verir. Bu baxımdan, Qərb münaqişənin həllində fəallıq göstərir. Beləliklə, prosesin Rusiyanın maraqları çərçivəsində inkişaf etməməsi Putinin qəzəbləndirir.
- Rusiyanın Azərbaycana qarşı təzyiqləri artıracağını düşünmək olarmı?
- Hazırda Rusiyanın Azərbaycana təsir imkanları bir qədər məhduddur. Bunun da bir çox səbəbləri var. Əvvəla, Azərbaycan iqtisadi cəhətdən Rusiyadan asılı deyil. Böhran vəziyyətlərini idarə etmək üçün kifayət qədər olmasa da, resursları var. Hərbi və təhlükəsizlik baxımından birbaşa Moskvadan asılılığı yoxdur. Bütün bu amillərlə yanaşaı daha ciddi bir faktor da hazırda öz işini görür. Söhbət Türkiyədən gedir. Rusiya bir sıra məsələlərdə Türkiyədən asılıdır. Xüsusilə, sanksiyalarla bağlı müəyyən məsələlərin həllində. Ona görə də Moskva Ankara ilə münasibətləri korlamaqda maraqlı deyil. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da, Türkiyədəki daxili siyasəti vəziyyəti nəzərə alsaq, Rusiyadan təzyiqlər aratacağı təqdirdə Qarabağ məsələsində bitərəf qalmaq lüksünə malik deyil. Yəni, seçkiyə hazırlaşan, elektoratı əsasən dini və millətçi kəsim olan Ərdoğan istəsə də, prosesdən kənarda qala bilməyəcək. Bu, onun seçki ərəfəsində nüfuzuna sarsıdıcı zərbə ola bilər. Bakı da bütün bunların fərqindədir. Ona görə də xarici siyasətində bir qədər müstəqillik göstərir. Bu isə Rusiyanı qıcıqlandırır və Moskva birbaşa olmasa da, dolayısı ilə təzyiq mexanizmlərini işə salmağa çalışır. Təbii ki, bütün bunlar münasibətlərdə soyquluq yaradacaq, artıq yaradıb.
- Bakı və Moskva arasındakı gərginlik Azərbaycanın xarici siyasətində əhəmiyyətli dəyişikliyə səbəb ola bilərmi? Söhbət təbii ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prosesinin sürətlənməsindən və bu yöndə konkret qərarların qəbul edilməsindən gedir.
- Artıq xarici siyasətdə müəyyən dəyişikliklər baş verib. Azərbaycan Avropa Birliyi ilə uzun müddət faktiki olaraq dondurulmuş münasibətləri bərpa etməyə çalışır. Tərəfdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı ciddi addımlar atılır və hətta həmin müqavilənin yaxın zamanlarda imzalanacağı bildirilir. Azərbaycan bütövlükdə Avropanın enerjidaşıyıcıları ilə təmin olunmasında ən azı paylayıcı qovşağa çevrilməyə hazır olduğunu bəyan edir və s. Bütün bunlar münasibətlərdə kifayət qədıər ciddi irəliləyişin olduğunu göstərir. Hətta Azərbaycan siyası məsələlərdə də dialoqa hazır olduğunu bildirir. Söhbət daxili siyasi məsələlərdən gedir ki, bu da çox vacibdir. Yuxarıda qeyd etdiyim kimi Qərb də Qarabağ münaqişəsinin həllində fəal iştiraka başlayıb. Hətta moderatorluğu öz üzərinə götürüb. Amma siz dediyiniz Avroatlantik məkana inteqrasiya mürəkkəb məsələdir. Hesab edirəm ki, Rusiya Ukrayna müharibəsi fonundakı qlobal qarşıdurmanın nəticəsi məlum olmayana qədər Bakı bu istiqamətdə ciddi addımlar atmayacaq. Yəni, Rusiyaya arxa çevirməyəcək. İkinci məsələ, Azərbaycanda sistem dəyişikliyi məsələsidir. Azərbaycanın demokratik sistemə transformasiyası baş verməyənə qədər Avroatlantik məkana inteqrasiya mümkün deyil. Ona görə də hesab edirəm ki, Rusiya ilə münasibətlərin soyuqlaşması ilə Qərbə inteqrasiya arasında birbaşa asılılıq yoxdur. Yəni, bu gün Bakı ilə Moskva arasında münasibətlərdə gərginliyin yaranmasını Azərbaycanın dərhal ondan üz döndərərək Qərbə inteqrasiya edə biləcəyi kimi yorumlamaq doğru olmazdı. Əgər Rusiya bu qlobal qarşıdurmada məğlub olarsa, ümid edirəm ki, Azərbaycanın da daxili siyasi mühitində müəyyən yumşalmalar baş verəcək və real islahatlar həyata keçiriləcək.
- Bu ayın sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin Soçidə görüşü planlaşdırılır. Bu görüşə qədər baş verənləri nəzərə alsaq, müzakirələrin kifayət qədər gərgin keçəcəyini düşünmək olarmı?
- Həm Moskva ilə İrəvan, həm də Moskva ilə Bakı arasında kifayət qədər ciddi problemlər yaranıb. Yuxarıda sbəblər barədə bir qədər danışdıq. Amma ən əsas səbəblərdən də biri odur ki, nə Bakı, nə də İrəvan bu gün Moskvanı müttəfiq kimi görür. Həm Bakıda, həm İrəvanda bu müttəfiqliyin gələcəyinə inam yoxdur. Ona görə də Bakı və İrəvan öz gələcəyini Moskva ilə bağlamaq istəmir. Bunun da əsas səbəblərindən biri Rusiyanın postsovet ölkələrinin suverenliyini faktiki olaraq tanınmaması, imperiyanın bərpasına çalışdığını açıq bəyan etməsidir. Yəni, gərginlik var və bunun səbəbləri çoxdur. Bu barədə kifayət qədər danışdım. Bütün bunlar əlbəttə ki, Soçi görüşünün gərgin keçəcəyi barədə ehtimalları möhkəmləndirir. Hesab edirəm ki, bu görüşdə konkret hansısa sənəd imzalanmayacaq. Yalnız müyyən planlar haqqında bəyanatlar veriləcək. Soçi görüşündə tərəflərin ortaq məxrəcə gəlməsi ehtimalı o qədər də böyük deyil. Düşünürəm ki, həm Bakı, həm də İrəvan müəyyən mənada vaxt udmağa çalışacaq.
- 44 günlük müharibədən sonra Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunması üçün səylərini artırıb. Rusiya da özünü Bakı ilə İrəvan arasında sülh əldə olunmasında çaba göstərən tərəf kimi göstərir və bu prosesi nəzarətində saxlamağa çalışır. Putinin "Valdaydakı” çıxışı da bunu göstərdi. Bakı və İrəvanın bu dilemmanı həll etməsi mümkün olacaqmı? Ümumiyyətlə, prosesin sonunu necə görürsünüz?
- Bakı ilə İrəvanın vəziyyəti bir qədər fərqlidir. "Valdayda” Putinin çıxışını izlədiniz. Gördüyünüz kimi Putin münaqişə tərəflərinə təzyiqi artırmağa çalışır. O, Qarabağla bağlı çıxışında faktiki olaraq Paşinyanı xəyanətdə ittiham etdi. Yəni, faktiki olaraq Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasında maraqlı olmadığını nümayiş etdirdi. Putinin çıxışı göstərdi ki, Moskva Azərbaycanın Qarabağ üzərindəki suverenliyini şübhə altında saxlayacaq bir situasiyanın qalmasında maraqlıdır. Çünki bu halda Rusiya qoşunlarının qeyri müəyyən müddətə Qarabağda qalması imkanı yaranır. Onun ikinci mesajı bu idi Rusiya qoşunları regiondan çıxacağı barədə nələ baş verə bilər. Yadınızdadırsa, Rusiya qoşunları Azərbaycandan çıxmamışdan qabaq Xocalı qətliamı baş verdi. İndi də oxşar hadisə baş verə biləcəyi istisna deyil. Məsələn, rus əsgərləri hansısa erməni kəndində qətliam törədə və buna görə Azərbaycanı ittiham olunan tərəfə çevrilə bilər. Putinin çıxışı daha çox Paşinyana təhdid idi. Moskvanın Azərbaycanı birbaşa təhdid etməsi mümkün deyil. Azərbaycana qarşı təcavüz etmək olar. Birbaşa təcavüz variantı da Rusiyanın maraqlarna cavab vermir. Amma hər halda Moskva Bakıya qarşı da müəyyən təzyiq mexanizmlərindən istifadə edə bilər. Bu təzyiq mexanizmlərindən biri Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarıdır. Onların vəziyyəti bu saat çox ağıırdır. Bizim əmək miqrantları faktiki olaraq Rusiyanın girovuna çevrilib. Quru yollarının bağlanması səbəbindən onlar faktiki olaraq ölkəyə bilmir. Rusiya üçün isə onlardan həm də Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək imkanı yaranıb. Çünki Rusiyadakı soydaşlarımızdan bir hissəsi həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Olmasalar belə, onların, eyni zamanda digər miqrantların zorla bu əməliyyatlara cəlb olunması təşəbbbüsləri var. Bu, çox ciddi təhlükədir. Bundan başqa, Rusiya təzyiq vasitəsi kimi həmin əmək miqrantlarını kütləvi şəkildə ölkədən çıxaırlmasını gündəmə gətirə bilər. Bunun üçün hüquqi baza davar. Amma bütün bunlara rəğmən, Ermənistandan fərqli olaraq Azərbaycana qarşı təhdidlərin geniş spektri yoxdur. Düşünürəm ki, İrəvanla Bakı yenə də vaxt udmağa çalışacaq. Rusiya qarşısında konkret öhdəliklər götürməkdən çəkinəcəklər. Amma onu da vurğulamaq lazımdır ki, Ermənistanın bu baxımdan imanları bir qədər məhduddur.
- Bu arada İranın da Azərbaycana qarşı təhdidlərinin şahidi oluruq. Araz çayının sahillərində hərbi təlimlər faktiki olaraq Bakıya güc nümayişi kimi xarakterizə edilir. Tehranın narahatlığının səsbəbləri nədir və bu davranışın Moskvanın işarəsi ilə sərgilənməsi mümkündürmü?
- Bir şeyi nəzərə almaq lazımdır ki, İranla Rusiya həm regionda rəqabət aparan, həm də müəyyən məsələlərdə maraqları üst-üstə düşən ölkələrdir. Ümumiyyətlə, Cənubi Qafqaz hər zaman bu iki imperiyanın rəqabət meydanı olub. Hər iki tərəf regionda aparıcı rola malik olmaq istəyir, təsir imkanlarını genişləndirməyə çalışır. Bu rəqabətdə 18-ci əsrin sonrlarından başlayaraq Rusiya daha çox şeyə müvəffəq olub. Amma rəqabət bitməyib, bu gün də davam edir. İran və Rusiya materik imperiyalarıdır. Materik imperiyaları genişlənməyə meyllidir. Onlar qonşu olduğuna görə bu halda sözsüz ki, maraqlar toqquşur. Amma hər iki imperiya Cənubi Qafqaza regiondan kənar qüvvələrin daxil olmasında maraqlı deyil. Bu məsələdə vahid mövqedən çıxış edirlər və bu onları müttəfiqə çevirir. Bu baxımdan, Azərbaycanın İran üçün həm Rusiya ilə maraqlarının toqquşması, həm də regiona kənar qüvvələrin daxil olması məsələsində xüsusi yeri var. İran regionda öz maraqlarını gerçəkləşdirmək üçün din amilindən yararlanmaqla Azərbaycandan, daha doğrusu ölkəmizdəki müttəfiqlərindən, "5-ci kalonu”ndan istifadə etməyə çalışır. Regiona kənar qüvvələrin daxil olması məsələsinə gəlincə, İranın Azərbaycana fokuslaşması Türkiyə ilə bağlıdır. Türkiyə İran üçün regiondan kənar qüvvədir və Ankaranın Azərbaycan vasitəsilə Cənubi Qafqaza daxil olması Tehranın maraqlarına cavab vermir. Xüsusilə, Aralıq dənizindən başlayaraq Sakit okeana qədər türk zolağının genişləndirilməsi məsələsi gündəmə gələrsə, bu, İranın dövlət kimi mövcudiyyətini şübhə altına ala bilər. İranın proseslərə qısqanclıqla yanaşmasının əsas səbəblərindən biri budur. Nəhayət, Azərbaycan enerji və nəqliyyat dəhlizlərinin kəsişdiyi nöqtədir və ölkənin enerjidaşıyıcılarının marşrutları üçün paylayıcı qovşağa çevrilməsi məsələsi var. Bu da Qərbin strateji maraqlarına cavab verir və onun regiona daxil olmasını şərtləndirir. Əlbəttə bu məsələ də İranı qıcıqlandırır. Sonda onu da deyim ki, Tehran din, qan qardaşlığından danışsa da,müstəqil, perspektivdə demokratik Azərbaycanın mövcudluğunu özü üçün təhlükə sayır. Ona görə də İranda rejim dəyişikliyindən asılı olmayaraq, Tehran Azərbaycanı özünə təhdid kimi görməkdə davam edəcək. Nə qədər ki, İran özünü fars imperiyası kimi qəbul edir, nə qədər ki, bu ölkədəki rejim fars şovinizminin daşıyıcısıdır Bakı ilə Tehran arasında dostluq, qardaşlıq münasibətləri olmayacaq.
Vidadi Məmmədov