Ukrayna Avropaya enerji axınını dayandırdı - Zelenskidən açıqlama
2-11-2022, 11:17
Ukrayna Avropaya enerji axınını dayandırıb.
Teleqraf.com xəbər verir ki, Kiyevdə Avropa İttifaqının (Aİ) Enerji Komissiyasının üzvü Kadri Simson ilə görüşən Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın enerji infrastrukturuna hücumlar səbəbilə Avropaya enerji axınını dayandırdığını açıqlayıb.
Zelenski deyib: “Təəssüf ki, biz bu prosesi (Avropaya enerji axını) dayandırdıq, çünki Rusiya Federasiyası bizim enerji sistemimizi raketlər və kamikadze dronlarla vurdu. Amma əminəm ki, hər şey normallaşanda enerji sistemlərimizdəki vəziyyət yenidən bərpa olunar. Normallaşmadan sonra biz Avropaya elektrik enerjisi ixrac edə biləcəyik və bunu davam etdirəcəyik”.
Simsona ölkəsindəki enerji sistemlərinin son vəziyyəti ilə bağlı məlumatları çatdırmağa davam edən Zelenski, Rusiyanın hücumları nəticəsində su elektrik sistemləri ilə yanaşı, istilik elektrik stansiyalarının da zədələndiyini, Ukraynanın enerji infrastrukturunun 40 faizinə zərbə dəydiyini bildirib.
Rusiyanın bu addımlarını “terror hücumları” kimi xarakterizə edən Zelenski, strateji enerji sistemlərinə edilən hücumlara qarşı da tədbirlər görməyə davam etdiklərini bildirib.