“Bar uşaqlarını vəzifəyə qoyanda belə olmalıdır...” – Nazirlikdəki həbslərə REAKSİYA
3-11-2022, 13:15
Xəbər verdiyimiz kimi, iki gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri aşkarlanıb. Saxlanılan şəxslər istintaqa cəlb olunub və bəziləri azadlıqdan məhrum edilib.
Məsələ ilə bağlı danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi vəzifəli şəxslərin təmsil etdikləri qurumu taladıqlarını deyib:
“Bu insanları vəzifəyə qoyurlar, onlar da elə bilir ki, bu müəssisə, yaxud nazirlik onların dədələrinindir. Hazırda bəzi dövlət strukturlarında dövlətə xidmət etməyən şəxslər çoxluq təşkil edir. Düzdür, onlar arasında vicdanlıları da, etimadı doğruldanlar da var. Lakin dövlət qurumuna şəxsi mülki kimi baxanların sayı daha çoxdur. Mədəniyyət Nazirliyində istər Əbülfəz Qarayevin vaxtında, istərsə də bugünkü dövrdə mədəniyyətdən başqa hər şeylə məşğul olublar. Mən düşünürəm ki, nazirlikdə yaşanan hadisələrə görə nazir də istefaya getməlidir. Çünki onun tabeliyində olan qurumda bu cür hadisələr cərəyan edib. Azərbaycan mədəniyyətinin bu vəziyyətə gəlməsi yolverilməzdir. Xalqa necə izah edə bilərik ki, bu nazirlikdə hər şey qaydasındadır?”.
Partiya sədri DTX tərəfindən bundan sonra da müəyyən tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:
“Ləyaqətsiz adamları, bar uşaqlarını vəzifəyə qoyanda bu cür halların yaşanması gözləniləndir. Düşünürəm ki, DTX tərəfindən axtarış-yoxlama tədbirləri davam etdirilməlidir, digər nazirliklərdə yoxlamalar aparılmalıdır. Milli qeyrəti olan insanları vəzifəyə gətirmək lazımdır. Prezident bu qədər işlər görür, amma onu işinə kölgə salmaq üçün əxlaqsızlıq edirlər. Bu insanlar əməllərinə görə layiqli cəzalarını almalıdırlar".sfera.az