“Vardanyan təcili həbs edilərək Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”

5-11-2022, 00:02           
“Vardanyan təcili həbs edilərək Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”
“Ambisiyaları atıb bir ideya ətrafında birləşməklə Qarabağı xilas edəcəyik”. Qarabağdakı qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın bu cür sərsəm açıqlaması birmənalı qarşılanmayıb. Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə gəlməsi və qısa zaman ərzində qondarma qurumda mühüm “vəzifə” alması bir çox qaranlıq məqamlardan xəbər verir. Bəzi təhlilçilər Vardanyanın məhz Rusiyanın adamı olduğunu və Putinin razılığı ilə casusluq xarakterli Xankəndinə göndərildiyini desələr də, bir çoxları erməni milyarderin Qarabağdakı ermənilərə “hamilik” üçün gəldiyini istisna etmirlər. Hər bir halda qondarma qurum nümayəndəsi kimi tanınan erməninin Azərbaycan torpağında belə bir sərsəm açıqlama verməsi heç də ürəkaçan deyil. Və bu haqda Azərbaycan tərəfindən lazımı addımların atılacağı şübhə doğurmur.

Teref.Az-ın məlumatına görə, mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Vardanyan birmənalı şəkildə Arayik Arutyunyana nəzarət etmək və Qarabağdakı separatçılıq meyllərini qızışdırmaq üçün Xankəndinə göndərilib: “Təəssüfedici məqam ondan ibarətdir ki, Rusiya vətəndaşı olan biri Kremlin gözü önündə bundan imtina edir və sülhməramlıların müvəqqəti yerləşdiyi xankəndinə gələrək “separatçı nazir” qismində sərsəm fikirlər səsləndirir. Bu, Azərbaycan-Rusiya münasibətləri konteksindən də kifayət qədər problemli bir məsələdir”.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycan Rusiya əleyhinə hansısa qərarların verilməsində heç bir formada iştirak etmir: “Ancaq buna baxmayaraq Rusiyanın vardanyanın Xankəndinə gəlməsinə, eyni zamanda hansısa “açıqlamalar” verməsinə göz yumması təkcə iki ölkə münasibətləri baxımından yox, beynəlxalq əlaqələr konteksindən də qəbulolunan deyil. Hesab edirəm ki, Vardanyanın təcili həbs edilərək Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı iş aparılmalıdır. Vardanyan və onun timsalında bütün separatçılar Azərbaycana təhvil verilməzsə, bunun Bakı və Moskva arasında gələcək diplomatik münasibətlərdə gərginlik yaradacağı mesajı ötürülməlidir. Bu addımlar atılmayacağı təqdirdə Azərbaycan-Rusiya münasibətlərindəki səhvlər daha da dərinləşəcək”.

Müşviq Tofiqoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.