Azərbaycanda narkotik və fahişəlik leqallaşdırıla bilər? - Monitorinq Qrupunda müzakirə
16-11-2022, 17:25
Bu gün Hüquq müdafiəçilərinin Monitorinq Qrupu mətbuat konfransı keçirib.
Hüquq müdafiəçiləri bir sıra istiqamətlərdə mövcud olan neqativ proseslər haqqında danışıb, xüsusilə, narkotika və fahişəliklə bağlı tendensiyaların narahatlıq doğurduğunu qeyd ediblər.
Bildiriblər ki, bundan sonra mətbuatla daha tez-tez görüşmək və vəziyyətlə bağlı fikirlərini ifadə etmək niyyətindədirlər. Qrupun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizdə, öncə Fransa Senatının bədnam qətnamə qəbul etməsindən bəhs edib, bunu beynəlxalq qanuna zidd, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Onun sözlərinə görə, 2020-ci ildə də Senat buna oxşar qətnamə qəbul edib, lakin bu sənəd kağız üzərində qalıb: “İnanıram ki, bu dəfə də qanunazidd qəbul edilən, erməni marağını güdən qətnamənin heç bir əhəmiyyəti olmayacaq. Monitorinq Qrupu bu cür əsassız, Azərbaycana qarşı qərəzlə dolu qətnaməni pisləyir”.
Hüquq müdafiəçisi, eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verməsinə də toxunub: “Azərbaycan 30 il ərzində işğal olunan torpaqlarımıza YUNESKO-nun missiya göndərməsi məsələsini qaldırırdı, təəssüflər olsun ki, bu qurum Qarabağda Azərbaycanın mədəni irsinin, tarixi abidlərinin vəhşicəsinə dağıdılmasına göz yumdu, işğal altındakı torpaqlarımıza missiya göndərmədi. Lakin 44 günlük Vətən müharibəsindən sonra YUNESKO Ermənistanın istəyi ilə azad edilən torpaqlarımıza missiya göndərmək, guya dağıdılan erməni abidələrinə dair monitorinq aparmaq niyyətinə düşdü, faktiki ikili standart mövqedən çıxış etdi. Mehriban xanımın bu addımı həm də diplomatik tərzdə etirazın nümunəsi olmaqla yanaşı, xalqımızın ürəyindən gələn addım oldu”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə diqqəti xalqımızın genofonduna ciddi zərbə olan narkotik və fahişəliklə bağlı problemlərə yönəldib. Deyib ki, bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil: “Bu istiqamətdə durum bizi ciddi narahat edir. Qanunla, fahişəlik qadağandır. Düşünürük ki, əxlaqsızlıq yuvaları bağlanmalı, ümumiyyətlə bu istiqamətdə ciddi monitorinqlər həyata keçirilməlidir. Azərbaycanın min illiklərdən gələn adət-ənənələri var və onların sıradan çıxmasına heç vaxt yol verməməliyik”.
Novella Cəfəroğlu, həmçinin qeyd edib ki, narkotika bütün dünyanın bəlasıdır, millətin genofonduna ciddi zərbə vurur. Onun sözlərinə görə, Azərbaycan sərhədləri qapalıdır, ancaq bu, narkotikanın yayılmamasına zəif təsir göstərir: “Biz bu məsələyə də ciddi diqqətin ayrılmasını vacib sayırıq. "Bunu satan kimlərdir, necə əldə edirlər" kimi məsələlər diqqətdə olmalıdır. Bəzi ölkələrdə narkotikin, eləcə də, fahişəliyin leqallaşdırılması və nəzarət altında olması təcrübəsi var. Mən hər zaman bunun əleyhinə olmuşam, amma bu, mənfi tendensiyaların qarşısını alacaqsa, müzakirə oluna bilər. Bizə müxtəlif məsələlərlə bağlı rayonlardan, ələlxüsus Göyçay və Ucardan çoxlu sayda şikayətlər daxil olur. Bu şikayətləri araşdırıb fikrimizi ifadə edəcəyik”.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı da onlara çoxlu sayda şikayətlərin daxil olduğunu qeyd edib: “Pandemiya vaxtı nazirlər və məmurların qəbulu dayandırılmışdı. Səhv etmirəmsə, indi rayonlarda ayda bir dəfə belə qəbullar keçirilir. Ancaq Bakı şəhərində ya belə qəbullar olmur, ya da qəbula düşmək mümkün deyil. Biz bir nazirin qəbuluna düşə bilmirik. Hesab edirəm ki, bu, ciddi problemdir və həllini tapmalıdır. Biz insanların şikayətlərini çatdırmaqla mövcud olan problemlərin həllinə çalışırıq”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da Fransa Senatının qəbul etdiyi qətnamənin qəbuledilməz olduğunu, eləcədə birinci xanım Mehriban Əliyevanın Azərbaycana qarşı ikili standartlar nümayiş etdirən YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən istefa verməsini dəstəkləyib. Həmçinin narkotikanın geniş yayılmaması üçün hər kəsin əlindən gələni etməli olduğunu, hüquq müdafiəçilərinin bu məsələyə ciddi yanaşdığını və vəziyyəti diqqətlə izlədiyini qeyd edib. Hüquq müdafiəçilərinin Monitorinq Qrupunun toplantısında “İctimai iştirakçılıq haqqında” qanuna dəyişiklik edilməsini təklif ediblər.
Xüsusilə, müxtəlif nazirlik və komitələrdə yaradılan İctimai Şuraların fəaliyyətinə diqqət çəkiblər. “Elə QHT sədri, hüquq müdafiəçisi var ki, ən azı 8-9 İctimai Şurada təmsil olunur. Bu, qanunda olan boşluqdan irəli gəlir. Qanunla, İctimai Şuralar vətəndaşlarla nüvafiq dövlət qurumları arasında əlaqələndirici rolunu oynamalı, problemləri qaldırmalı, onların həllinə nail olmalıdır. Ancaq təəssüflər olsun ki, İctimai Şuraların çoxunda buna əməl edilmir. Əvəzində şuralar həmin qurumların bir növ müdafiəçilərinə çevrilir”, - tədbirdə səsləndirilib.