İranda vəziyyət nəzarətdən çıxıb! – "Ölkə iç savaşın astanasındadır"
16-11-2022, 18:58
“Yaxın zamanlarda İsveçrə ilə yanaşı digər Avropa ölkələri də İrana səfər etməmək üçün vətəndaşlarına çağırış ünvanlayacaq”
“İran əmin-amanlıq ölkəsi deyil. Xarici vətəndaşın başına gələn hadisəyə görə heç kim cavabdehlik daşımır"
"İranda son dönəmlər sosial zəminində başlayıb, siyasi anlam qazanan hərəkətlənmə mövcudur. Prosesi yatırmaq üçün İran hökuməti həll istiqamətində müəyyən addım atmayıb. Sadəcə müxtəlif bəhanələrlə problemin qaynağını başqa yerdə axtarır".
Bunu "Sherg.az"a açıqlamasında Finlandiyada yaşayan Güney azərbaycanlı Çingiz Göytürk deyib.
Siyasi şərhçinin qənaətincə, İranda baş tutan aksiyaların fonunda xarici düşmən obrazı yaradılır:
"Prosesləri, etirazları, tələbləri xarici düşmənə yükləmək rejimin həmişəki işidir. Bir müddət öncə, Araz çayının kənarında hərbi təlimlər keçirildi. Azərbaycandan düşmən obrazı yaratmaq istəsələr də, alınmadı.
Fars vilayətinin Şiraz şəhərində Şahçıraq ziyarətgahında terror aktı törətdilər. Ortaya çıxdı ki, hadisə İranın öz əməlidir.
Ölkə əhalisinə qarşı çəkinmədən, beynəxalq, etik dəyərlərə sayğı duymadan birbaşa odlu silahlarla atəş açırlar. Küçələrdə yaralananlar, ölənlərə rastlamaq olur. Problemi sadəcə şiddətlə çözməyə çalışırlar. İran güvənsiz mühitdir.
İranın Kərəc şəhərində Cənubi Azərbaycanlı şair Hədis Nəcəfi öldürüldü. Onun qırx mərasimində azərbaycanlılarla rejim qüvvələri arasında qarşıdurma yaşandı. Türklərin yaşadığı ərazilərdə də müharibə ortamı var. Güney Azərbaycanda şiddət göstərmək imkanları yoxdur. Nəticələri fərqli ola bilər".
Ç.Göytürkün dediklərinə görə, İran hazırda iç savaşın astanasındadır:
"Rejim heç bir məsələyə dürüst təmayüllü davranış sərgiləmir. Cəmiyyət də geri oturmaq niyyətində deyil.
İran dəfələrlə Qərb kökənli insanları casusluq, iğtişaş yaratmaqda günahlandırıb, həbs edib. Bu gün İrana səfər edən biri də küçənin ortasında hansısa qarşıdurmada rejim qüvvələrinin əhaliyə açdığı atəşə tuş gələ bilər. İran daxili savaşın içindədir, vəziyyətə nəzarət etməyi bacarmır. Xarici vətəndaşın başına nələrin gələcəyini düşünmək qeyri-mümkündür. Yaxın zamanlarda digər Avropa ölkələri də İrana səfər etməmək üçün vətəndaşlarına çağırış ünvanlayacaq. İran əmin-amanlıq ölkəsi deyil. Xarici vətəndaşın başına gələn hadisəyə görə heç kim cavabdehlik daşımır".
Qeyd edək ki, İsveçrə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarının İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq ünvanlayıb. Noyabrın 13-də dərc edilən bəyanatda İsveçrə vətəndaşlarından xalq etirazlarının davam etməsi, İslam Respublikası təhlükəsizlik qüvvələrinin həqiqi güllələrdən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib. İsveçrə hökuməti bu yaxınlarda Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.