Erməni politoloq: “Sadəlövh insanlar düşünə bilər ki, biz Qarabağı itirməmişik”

17-11-2022, 00:11           
Erməni politoloq:
Rusiya Prezidenti Vladimir Putinin Valday forumunda Ermənistanla Azərbaycan arasında sülh sazişinin Rusiya və Washington variantlarından bəhs etməsi Ermənistanda birmənalı qarşılanmayıb. Ölkənin siyasi analitika çevrələrində Vladimir Putinin bu açıqlamasının son zamanlar Ermənistanda geniş vüsət almış Rusiya əleyhinə meyilləri “yumşaltmaq” məqsədi daşıdığını ehtimal edirlər.

Putin demişdi ki, erməni xalqı və ya Ermənistan rəhbərliyi sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan “Washington variantını seçmək istəyirlərsə, buyursunlar, özləri bilərlər.

Həftə bu gün: Azərbaycan və Ermənistan Rusiyaya qarşı, Qarabağ erməniləri Moskvaya üz tutur, Bakıdan Təbrizə dəstək
Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf – Azərbaycan üçün də məqbul olması lazımdır”, – Putin əlavə etmişdi.

Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan BBC News Azərbaycancaya müsahibəsində vurğulayıb ki, “kağızda Ermənistanın strateji müttəfiqi olaraq Rusiyanın Azərbaycan meyilli siyasət yeritməsi”nin Ermənistan cəmiyyətində narazılıqlara səbəb olduğunu Moskvada anlayırlar. O son vaxtlar Yerevanda KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), hətta MDB-dən çıxmaq çağırışları ilə bir neçə kütləvi etiraz aksiyalarının keçirilməsini bu narazılığın əksi kimi qiymətləndirib.

BBC: – Sizcə, erməni ictimaiyyətinə nə mesaj çatdırmaq istəyib?

Stepan Qriqoryan: – Düşünürəm ki, Vladimir Putini Ermənistanda insanların Rusiyanın yeritdiyi Azərbaycan meyilli siyasətindən narazılığı narahat edir.

Rusiya həm Ermənistanda, həm Qarabağda nə edirsə, Azərbaycanı dəstəkləmək üçün edir və həm Qarabağda, həm Ermənistanda ərazilər itkisinə gətirir.

Və, görünür, Putin öz cavabları ilə Ermənistan vətəndaşlarının mövqeyini yumşaltmağa çalışırdı. Lakin onun köməkçiləri onu yaxşı hazırlaşdırmayıblar. Məsələn, o deyir: Biz Ermənistanın 5 rayon təhvil verəcəyini nəzərdə tuturduq. Yəni ki, Kəlbəcər və Laçın təhvil verilmir.

Onda sual olunur: hamıya məlumdur ki, müharibənin sonunda, noyabrın 9-da Putin bəyan etmişdi ki, Qarabağı əhatə edən ərazilər də, Qarabağın özü də Azərbaycanın ayrılmaz hissəsidir.

Burada isə o, birdən-birə öz konsepsiyasını dəyişir. Müharibədən sonra çox aydın, son dərəcə konkret deyirdi ki, 7 rayonun hamısı qaytarılmalıdır, Dağlıq Qarabağ – Azərbaycandır, indi isə Qarabağ barəsində bir söz də danışmır, deyir ki, söhbət 5 rayonun qaytarılmasından gedir.

Stepan Qriqoryan – Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzin rəhbəri
İkinci ziddiyyət isə ondan ibarətdir ki, Putin özü bəyan etmişdi ki, 9 noyabr sənədi şəxsən özü yazıb. Həmin sənəddə deyilir ki, Laçın dəhlizi Azərbaycana ötürülməlidir.

Sual olunur: o, nə vaxt doğru deyib – indi, yoxsa o zaman [10 noyabr 2020-ci ildə], sənəddə yazanda ki, ermənilər Laçin dəhlizindən çıxmalıdırlar?

Üstəlik, orada deyilirdi ki, üç ildən sonra çıxmalıdırlar. Lakin faktiki bir il yarımdan sonra çıxmağa məcbur etdilər.

Ziddiyyətlər çoxdur. Eləcə də Amerika sənədi üzrə. Mən bilmirəm o nəyi nəzərdə tutur, lakin ehtimal edirəm ki, o məqamı ki, amerikalılar deyirlər: əgər sülh sazişində Qarabağ xatırlanmasa, o zaman ayrıca beynəlxalq format yaradılmalıdır – Stepanakert (Xankəndi-red.) və Bakı arasında. Bunda pis nə var ki? Putin isə, əksinə, deyir ki, ayrıca bir vahid kimi Qarabağ yoxdur.

Mən hesab edirəm ki, bu, Ermənistanda bir qədər insanların əhval-ruhiyyəsinin dəyişməsinə yönəlmiş uğursuz cəhd olub. Guya “mənim günahım deyil, başqalarının günahıdır…”. Ona görə ki, onun Valdayda dedikləri prinsipcə müharibə zamanı və müharibədən sonra dediklərinə ziddir.

BBC: – Son zamanlar Qərbin – ABŞ, Avropa İttifaqı və s. Ermənistan-Azərbaycan probleminin tənzimlənməsi prosesinə daha fəal qatılması müşahidə olunur. Demək olarmı ki, Putinin narahatlığı Rusiyanın öz nüfuz məkanı hesab etdiyi regiona “başqalarının müdaxiləsi” ilə bağlıdır?

S. Q.: – Şübhəsiz. Putin narahatdır ki, regionda alternativ peyda olub. Ermənistan həm ATƏT-ə, həm BMT Təhlükəsizlik Şurasına, həm Avropa İttifaqına müraciət edib… Və həm ATƏT müşahidəçiləri, həm Avropa İttifaqının humanitar missiyası Ermənistana gəliblər.

Bu, o deməkdir ki, prinsipcə həm Dağlıq Qarabağ məsələsi ətrafında, həm Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət dəyişir – Charles Miche (Aİ Şurası Prezidenti-red.), Emmanuel Macron (Fransa prezidenti-red.) simasında, ABŞ kimi ciddi vasitəçilər meydana gəlir, hansılar ki, deyirlər: yox, Rusiya, sən Azərbaycanla birlikdə zəif Ermənistanı məcbur edə bilməzsən.

BBC: – Hər necə olsa da, hazırda Qarabağ ermənilərinin təhlükəsizliyi və vəziyyətin sabitliyi Rusiya sülhməramlılarının mövcudluğu ilə əlaqələndirilir. Və həm Ermənistanda, həm Qarabağda bir çoxları onların çıxarılmasını real təhlükə kimi nəzərdən keçirir. Digər tərəfdən də Putin Washington-un sülh sazişi proqramına əsasən, Qarabağın “Azərbaycana təhvil verilməsi”nin tələb olunduğunu deyir. Sizcə, ermənilərin seçimi necə olmalıdır?

S. Q.: – Rusiyanın dedikləri atdığı addımları ilə uyğun gəlmir. Qarabağ məsələsi bir yana qalsın. Niyə Rusiya Azərbaycanın Ermənistan ərazisinə qarşı 13 sentyabr təcavüzünü pisləmədi?

Burada ki, hər şey aydındır. Kim bilmir ki, Cermuk Azərbaycan deyil?.. Bu ki, eləcə sərhəd mübahisəsi deyil. 6-7 kilometrədək müdaxilə ediblər.

Rusiya heç bir reaksiya vermədi. Söhbət nədən gedir?..

Bu ki artıq sərhəd mübahisəsi deyil… Rusiya bir reaksiya vermədi.

Mən emosiyalara və ya hər hansı fərziyyələrə varmıram, mən faktlara əməl etməyə meylliyəm.

Rusiya 100 şey deyə bilər… Amerikanın planı belədir, bizim planımız başqadır… Bunların hamısını yoxlamaq lazımdır.

Bəs nəyi yoxlamaq lazım deyil!? Fakt odur ki, Rusiya Ermənistana qarşı təcavüzü pisləməyib.

Bu təcavüzü ABŞ, Böyük Britaniya, Kanada, Fransa, bir çox Avropa İttifaqı ölkələri, Avropa Parlamenti, Hindistan pislədilər…

Kimin konkret bizi dəstəklədiyi özünü büruzə verdi. Rusiya dəstəkləmir…

Onlar eləcə saxta fəallıq nümayiş etdirir.

Bu da Rusiyanın növbəti manipulyasiyasıdır, qorxuzur ki, əgər belə etsəniz, Qarabağı itirərsiniz…

Tək sadəlövh insanlar düşünə bilər ki, biz Qarabağı itirməmişik.

Bu gün Ermənistanın Qarabağa heç bir təsiri yoxdur. Bir az maliyyə yardımı edir. Vəssalam. Bundan başqa heç bir təsiri yoxdur.

Rus sülhməramlıları oradadır. Odur ki, hazırda Qarabağ rus sülhməramlılarının əlindədir.

Odur ki, qoy nağıl söyləməsinlər ki, Ermənistan Qarabağı itirər…

İndi, Allah eləməsin! – Qarabağın başına bir iş gəlsə – deməli, rusların işidir, onlar Azərbaycana təhvil veriblər. Orada Ermənistan qoşunları yoxdur. Orada Qarabağın özünümüdafiə qüvvələri vardır.

Mən bilmirəm, belə söhbətlərlə kimi aldatmaq istəyirlər, kimin üçün nəzərdə tutulub. İnsanlar nə dərəcədə savadsız olmalıdır ki, belə nağıllara inansınlar ki, amerikalılar nəyi isə təhvil vermək istəyir…

Əvvəla, konkret olaraq, Putin özü artıq Qarabağı, onun bir hissəsini Azərbaycana təhvil verib. Bu ki, dəqiqdir, bunu hamı bilir. […] Bu, böyük sirr deyil, hamı bilir.

Kəlbəcərdən və Laçından isə ruslar bizimkilərə deyiblər: çıxın! – Azərbaycan döyüşlə almayıb Kəlbəcəri, Berdzoru (ermənilər Laçını belə adlandırırlar-red.) Ruslar deyiblər: çıxın, planımız belədir.

Bu cəhdlər – məsuliyyəti başqalarının – Nikol Paşinyanın, Avropa İttifaqının, ABŞ-ın, digər beynəlxalq mərkəzlərin boynuna atmaq – uğursuz cəhdlərdir.

BBC: – Bir daha dəqiqləşdirək. Belə olan halda, ermənilər, Ermənistan nə etməlidir?

S. Q.: – Ermənistan hökuməti, hər halda son yarım ildə, çox fəal xarici siyasət yeritməyə başlayıb.

Bu, düzgündür. Regiona başqa oyunçular gətirmək lazımdır. Alternativ olmalıdır. Çünki Rusiya Azərbaycanla birlikdə faktiki olaraq bizim axırımıza çıxırlar.

Nə üçün?

Aydındır – nə üçün. Rusiya istəyir ki, biz ittifaq dövlətə daxil olaq.

Stepan Qriqoryan – Ermənistan Qlobalizasiya və Regional Əməkdaşlıq Analitik Mərkəzin rəhbəri
Ermənistanı başqa nə cür öz müstəqilliyindən imtina etməyə məcbur etmək olar? Zəiflətmək lazımdır.

Azərbaycanın marağı isə ondadır ki, biz Qarabağdan hüquqi olaraq imtina edək. Bundan başqa – Zəngəzur dəhlizi… Burada da Azərbaycanın və Rusiyanın maraqları var.

Ona görə də həmişə bu təzyiq olacaq. Bu təzyiq olmasın ya zəifləsin deyə, başqa oyunçular cəlb edilməlidir.

Baxın, Azərbaycan hər gün müharibəyə başlamağa hazırdır. Bəs nə üçün ay yarımdır ki, hərbi əməliyyatlara başlamaq qərarına gələ bilmirlər? Tək ona görə qərar verə bilmirlər ki, Amerika və Avropa İttifaqı bizim işlərimizlə fəal məşğul olmağa başlayıblar.

Bəs onları bizə, necə deyərlər, yardım etmək üçün kim bura dəvət edib? – Ermənistan. Və düzgün edib. Əməkdaşlıq gücləndirilməlidir… Qərblə, Hindistanla, Avropa İttifaqı, Kanada və sairə… Və yalnız bu, bizi xilas edə bilər.

BBC: – Bütün bunlar erməni cəmiyyətində ziddiyyətlər yarada bilər. Hətta qarabağlılar və ermənistanlılar arasında. Və yenidən Ermənistanda izdihamlı etiraz aksiyalarına səbəb olar…

S. Q.: – İnsanların əhval-ruhiyyəsi, münasibəti necə olursa olsun… Qarabağda vəziyyətə nə təsir mexanizmlərimiz var? Heç nə…

Qarabağlıların vəziyyəti çox ağırdır. Mən onları mövqelərinə görə qınamıram. Onlar Rusiyanın köməyi ilə xilas olmaq istəyirlər. Lakin, mənə elə gəlir ki, bu yol tamamilə Qarabağın itirilməsinə gətirəcək.

Çünki Rusiya onları müdafiə etmək niyyətində deyil. Rusiya onları Qarabağda maraqları olanadək müdafiə edəcək. Məsələn, Türkiyə Rusiyaya, tutalım, nə isə (Suriyada, Liviyada…) təklif etsə, onlar Stepanakerti həmin maraqlara dəyişərlər.

Lakin Dağlıq Qarabağ erməniləri və rəhbərliyini tənqid edə bilmərəm. Onların vəziyyəti mürəkkəbdir.

Mən onlara tək onu deyə bilərəm ki, siz anlamalısınız ki, Nikol Paşinyanın, hazırkı hakimiyyətin bu gün heç bir təsir vasitəsi yoxdur. Orada sülhməramlılar şahlıq edir.

Bizim qoşunlarımız çıxarılıb, heç bir müdafiə mexanizmi yoxdur. Yalnız siyasi vasitələr vardır… Və onlar bundan istifadə edirlər. Odur ki, Nikol Paşinyanın “biz Rusiyanın planı əsasında Azərbaycanla işləməyə hazırıq” deməsi – Qarabağ xatirinə edilir.

Ancaq mən Rusiyaya və Putin Rusiyasına yaxşı bələdəm. Onlar öz mövqelərindən dönməyəcəklər. Onlar Azərbaycan və Türkiyə ilə maraqları naminə bizə qarşı heç nədən çəkinməzlər.

BBC: – Erməni tərəfi Rusiya ilə Qərbin planları arasında seçim edərkən nəyi əsas tutmalıdır?

S. Q.: – Məsələ ondadır ki, Qərblə işləyərkən “yox” demək çətin deyil. Avqustda Charles Michel-in təklifləri erməni tərəfin narazılığını doğurmuşdu, onlar sənədi geri götürdülər, ərazimizə qoşun yeritməklə hədələmədilər.

ABŞ da hazırda müəyyən təkliflər edir, bizim tərəf bəzi şeylərlə razılaşmır, mübahisə edir – yenidən nəzərdən keçirilər.

Qərbin bizim üçün pozitiv rolu ondadır ki, onlar bizi dinləyirlər. Rusiya dinləmir, Rusiyaya “yox” demək mümkün deyil.

Bu fərqi hiss etməmək bədbəxtlikdir, bizim siyasi elita üçün. Bu fərqi anlamaq lazımdır.

Qərb də ideal deyil. Onların ənənəsi, qaydaları var – münaqişə tərəflərini danışıq masası arxasına gətirirlər. Mübahisəli məqamlarda onlar geri çəkilməyi bacarırlar. Onlar deyirlər: bizim məqsədimiz müharibə deyil, sülhdür.

Rusiya isə yox, Rusiya deyir: mən dediyim kimi etməlisən, Zəngəzur dəhlizini verməlisən, verməsən – sənə pis olacaq!

Və biz görürük – necə pisdir. Qara gölü bizdən aldılar, Sotk-Xoznavar istiqamətində ərazimizə girdilər. İndi də Cermuk istiqamətində daxil olublar.

Bizim hər bir “yox” və ya sualımıza qarşı güc ilə cavab verirlər.

Odur ki, hesab edirəm ki, tam da olmasa, Qərbin cəlb edilməsi düzgün seçimdir.

Sualınıza cavab olaraq, deyə bilərəm ki, hər iki variantın – Rusiya və Qərb – bir-birinə təsirinin nəticəsi müsbət olar. Qərb variantı birmənalı Rusiya variantından yaxşı olacaq. Lakin Rusiya öz variantının həmçinin Ermənistan üçün məqbul olması üçün onu təkmilləşdirməyə məcbur olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.