Təhlükə böyüyür: ABŞ-dan Ermənistana Fransa xəbərdarlığı - NƏ BAŞ VERİR?

17-11-2022, 10:09           
Təhlükə böyüyür:
Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı Baş nazir Nikol Paşinyana mesajı diqqət çəkdi. Dövlət katibi Paşinyanı sülh danışıqlarına sadiq olmağa çağırdı. Blinkenin bu mesajını necə izah etmək olar?

- ABŞ çox qısa, konkret və anlaşılacaq dildə Ermənistanı başa salmağa çalışır ki, Fransanın təkliflərinə uymasın, rəsmi Parisin ona verdiyi vədlərin boşluğunu anlasın, sülh danışıqları ilə bağlı Vaşinqtonda kuluar müzakirələrdə bəlirlənmiş istiqamət və marşrutlarından kənara çıxmasın. Bu, məsələnin qısa izahıdır.

Məsələnin geniş izahı ondan ibarətdir ki, rəsmi Parisin tutduğu dekonstruktiv və həddindən artıq zərərli açıqlamalarını fransız senatorların özləri belə başa düşdülər. Fransa Senatında qəbul edilmiş qətnamənin tövsiyə xarakterli olduğuna güvənərək əl-qolumuzu sallayıb oturmalı deyilik. Çünki həmin qətnamə bilavasitə Yelisey sarayından gələn sifarişlə qəbul olunub. Yəni, bu, Emmanuel Makronun yaxın ətrafı tərəfindən hazırlanaraq, Senata təqdim edilib.

Məsələ həm Cənubi Qafqaz, həm də Fransanın özü üçün çox təhlükəlidir. Bizim üçün ona görə təhlükəlidir ki, durum bu nöqtədə dayanmayacaq. Makron göstəriş verib ki, bu məsələ AŞPA və ATƏT-ə daşınmalıdır. Həmin qurumlarda da analoji sənədlərin qəbul edilməsi gözlənilir.

Fransa üçün ona görə təhlükəlidir ki, Paris bu minvalla Cənubi Qafqazda indi və bundan sonra hər hansısa formada moderatorluq funksionallığını birdəfəlik itirir. Çünki həmin sənəddə Ermənistanın belə indiyədək dilə gətirmədiyi, absurd saydığı tələblər yer alıb. Vaşinqton da bunu gözəl başa düşür və anlayır ki, Azərbaycan bu qətnamədən sonra zərurət və məcburiyyət qarşısında qalaraq, adekvat addımlar atmalıdır. Bu da sülh prosesinə ciddi zərbə vura bilər. Çünki belə qətnamələr və açıqlamalar, Ermənistana virtual dəstəyin və yerinə yetirilməyəcək vədlərin verilməsi İrəvandakı hakimiyyəti daha da radikallaşdırır.

Bu radikallaşma da həm sərhədlərin delimitasiya-demarkasiyası, həm Qarabağdakı ermənilərin bundan sonrakı taleyi, həm yekun sülh müqaviləsinin imzalanması, həm də regional kommunikasiyaların açılması və ya bərpası istiqamətində aparılan müzakirələrin üstündən xətt çəkə bilər. Çünki məsələnin kökündə Cənubi Qafqazda ABŞ və Rusiya arasındakı qarşıdurma dayanır. Fransa indi müstəqil oyun oynayaraq həm Rusiya, həm də ABŞ-ın ssenarilərini pozmağa çalışır. Amma bu oyun pozuculuğu və bölücülük nə böyük dövlətlərin, nə də Azərbaycanın marağındadır.

Cənab Blinken də diplomatik ifadələrdən istifadə edərək, çox yumşaq şəkildə Nikol Paşinyanın nəzərinə çatdırır ki, onun indi tutduğu mövqe və Fransa ilə tandemdə hərəkət etməsi prosesin pozulmasına gətirib çıxara bilər.

- Fransaya qarşı olan ABŞ və digər böyük güclər onun regiona ayaq açmasına imkan verəcəklərmi?

- İndi Fransa, İran və Ermənistan trio formasında hərəkət edirlər. Faktiki olaraq, hər üçü eyni mövqe tutub, var qüvvələri ilə çalışırlar ki, sülh müqaviləsi imzalanmasın, Zəngəzur dəhlizi layihəsi baş tutmasın və s. Nə qədər paradoksal olsa da, indi ABŞ İrandan gələn real təhlükənin qarşısını almaq, habelə Rusiyanın regionda möhkəmlənməsinə imkan verməmək üçün Fransanın göstərdiyi səylərin qarşısını almağa çalışacaq. Ona görə də bu situasiyada Fransa və ABŞ eyni yerdə deyil.

- Son günlərdə Paşinyan və Ermənistanın digər rəsmiləri tez-tez sülh müqaviləsinə dair Rusiya variantını dəstəklədiklərini deyirlər. Sizcə, bu mesajın altında hansı niyyət yatır?

- Bunun altında niyyət yox, qorxu və təşviş var. Çünki Rusiya çox açıq və qəti şəkildə Ermənistanın indiki hakimiyyətinin nəzərinə çatdırıb ki, əgər Nikol Paşinyan bundan sonra yenə səhər bir söz deyib, günorta başqa bəyanat verib, axşam tamam başqa bir sənəd imzalamağa davam edərsə, xüsusilə Emmanuel Makronun dəvətini qəbul edərək, “Frankafoniya” sammitində onunla görüşüb Fransanın təklif etdiyi boş vədləri qəbul edərsə, onda Moskva Ruben Vardanyan ssenarisini daha da fəallaşdıracaq.

Çünki erməni milyarder - siyasətdə piyada olan Vardanyan Xankəndidə dayanmaq niyyətində deyil. O, Nikol Paşinyanın əvəzedicisi kimi hazırlanır. Ona görə də Paşinyan Rusiya variantını qəbul etməsə, Ermənistanla olan iqtisadi, siyasi, hərbi, texniki və digər anlaşmalara yenidən baxılacaq və bu təftiş də Paşinyan hakimiyyətinə yaxşı heç nə vəd etmir.

Birincisi, Ermənistan Avrasiya Birliyi və Gömrük İttifaqından çıxarıla bilər. İkincisi, Ermənistanla Rusiya arasında vizasız gediş-gəliş məsələsinə yenidən baxılması mümkündür. Üçüncüsü, indi Rusiyanın Ermənistana satdığı, daha doğrusu, hədiyyə etdiyi təbii qazı, ərzaq məhsullarını və digər avadanlıqlarını dünya qiymətləri ilə satmağa başlaya bilər. Bu, Ermənistan iqtisadiyyatının tam çökməsi ilə nəticələnə bilər.

Bəli, Şarl Mişel Ermənistana milyardlarla avro vəd edib, Makron digər vədləri verib. Bunların hamısı vədlərdir, Rusiya isə Ermənistana vəd yox, qaz, işıq, ərzaq, silah verir. Paşinyan da bunu itirmək istəmir. Daha doğrusu, itirməkdən qorxur, eyni zamanda, Fransadan gələn tələbləri yerinə yetirməlidir. Buna görə də Rusiya Paşinyanın qarşısına açıq şəkildə ultimatum qoyub.

- Bəs masadakı hansı variant Azərbaycanın maraqlarına uyğundur: Qərbin, yoxsa Rusiyanın?

- Azərbaycanın maraqlarına heç biri uyğun deyil. Müzakirələr gedir. Azərbaycanın marağı çox sadə və konkretdir: sərhədlər müəyyənləşdirilməli, Zəngəzur dəhlizi açılmalı, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşları olduqlarını qəbul etməli və Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinə başlamalıdır.

Əgər ermənilər bunu qəbul etməsələr, başqa seçimləri də var. Biz onların öz müqəddəratlarını təyin etmələrinə mane olmuruq, haranı istəyirlərsə, gedib orada öz müqəddəratlarını təyin etsinlər.

- İran-Azərbaycan gərginliyinin sonunu necə proqnozlaşdırırsınız?

- Bu gərginliyin sonu olmayacaq. Əgər siz düşünürsünüzsə ki, İranla Azərbaycan qardaşlaşacaq, aradakı bütün umu-küsü qalxacaq – belə deyil. Gərginliyin pik və ən aşağı nöqtələri var. Ən aşağı nöqtəsi bu yaxınlarda olacaq, buna qətiyyən şübhə etmirəm. Bu gərginlik iki ölkənin heç birinə lazım deyil. Çünki biz qonşuyuq. Bizi əsrlərdir bir-birimizə bağlayan bağlar bizi ayıran bağlardan daha çoxdur.

Amma düşünürüksə ki, İran hakimiyyəti bizə qarşı iddialarından və öz dini ideologiyasını ölkəmizə ixrac etməkdən əl çəkəcək, Azərbaycanda öz “yumşaq güc”ünü yaratmaq niyyətini unudacaq, Azərbaycanda “kərimə dövlət” yaratmaq və “Hüseyniyyun” marazmatik qruplaşma vasitəsilə siyasətimizə təsir etmək planlarını masa altında qoyacaq – yanılırıq.

Nə qədər ki Tehranda mollakratiya və klerikal teokratiya var, İran Azərbaycanın müstəqilliyi ilə barışmayacaq. Bu adamlar heç vaxt Azərbaycanın müstəqilliyi ilə barışan deyillər. Ona görə də bu və ya digər formalarda gərginlik həmişə olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.