Rusların sülhməramlılarla bağlı planı: Xankəndi üçün ilk addım... - Müsahibə
18-11-2022, 04:12
TEREF.AZ politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Fransa Senatının məlum qərarı indiki həssas dönəm üçün hansı məsələləri gündəmə gətirdi və belə bir prosesin başladılması kimlərə sərf edir?
- Əslində Fransa Senatının qərarı bəyanat şəklindədir. Bu, Fransa hökuməti üçün heç də icbari xarakterli deyil. Sadəcə olaraq tövsiyə mahiyyətli bir addımdır. Fransa dövləti özünün siyasi-iqtisadi, mənəvi-əxlaqi dəyərləri ilə zəif, mühasirədə olan, məğlub Ermənistanın maraqlarını müqayisə edib nəticə çıxaracaq. Eyni zamanda Fransada olan erməni seçicilərin ümumi nisbəti də burada öz yerini tutacaq. Məhz bu prizmadan da Fransa hökuməti yekun qərar verəcək. Reallıqda isə Fransa hökuməti belə bir qərar çıxarmayacaq. Bunu onlar öz əllərində şantaj aləti kimi saxlayacaqlar. Sadəcə olaraq Senatın bu qərarı Ermənistanın və erməni əsilli fransız seçicilərin xoşuna gəlmək üçün verilib. Ola bilsin ki, mümkün danışıqlar zamanı Azərbaycana hansısa bir formada təzyiq elementlərinin olacağına da ümid edirlər. Bu, əslində Qərbin ənənəvi şantaj taktikasıdır.
- Senatın bu qərarının Fransa hökuməti tərəfindən qəbul edilməsi fonunda hansı mənzərə yarana bilər?
- Dövlət mülkiyyətinə qanunla toxunmaq mümkün deyil. Sadəcə olaraq orada ayrı-ayrı şəxslərin biznes maraqları ilə bağlı qərar verilə bilər. Eyni zamanda Fransanın özünün də Azərbaycanda biznes və iqtisadi maraqları var. Azərbaycanın əslində Fransaya cavabı onlarınkından iki dəfə çoxdur. Biz də onların bir çox istisadi layihələrinə məhdudiyyətlər qoya bilərik. Məhz bu müstəvidə hərəkətlərin olması mümkündür.
- Senatın bədnam qərarında Xankəndidə ofis açmaq kimi bir məqam da yer alıb. Bu nə dərəcədə məntiqlidir?
- Fransanın Xankəndidə hansısa bir ofis açması mümkün deyil. Azərbaycan buna imkan verməyəcək. Fransa Ermənistana silah da sata bilməyəcək. Çünki bunun üçün real marşurut da yoxdur. Gürcüstan və İranın buna necə reaksiya verəcəyi də sual altındadır. Ona görə bu real yanaşma deyil. Sadəcə olaraq Senatın bu qərarı düşmənçilik, ədavət əlamətidir. Amma ümumi qiymətləndirmə apardıqda Azərbaycan üçün bunun heç bir əhəmiyyəti yoxdur. 44 günlük müharibədən sonra prosesləri Azərbaycan həyata keçirir. Bu prosesdə nə Fransa, nə Amerika, nə də Rusiya var. Burada iki mühüm faktor var ki, o da Azərbaycan və Türkiyədir.
- Bir neçə gün öncə Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda səfərdə olub. Burada diqqətçəkən məqam erməni rəsmi mənbələrinin Xovayevi ATƏT-in Minsk qrupunun həmsədri kimi təqdim etməsidir. Görüşdə Rusiyanın hazırladığı “sülh sazişi varinatı”nın 15-ci bəndi ilə bağlı müzakirələrin aparıldığı qeyd edilir. Bakının qəti olaraq razılaşmadığı bu məsələlərin yenidən gündəmə gətirilməsində məqsəd nədir?
- Əslində Rusiya istəyir ki, Qarabağdakı sülhməramlıları burada uzun müddət saxlasın. Azərbaycan buna qəti etiraz edir. Çünki Üçtərəfli Bəyanatda məhz 5 illik müddətin bitməsinə yarım il qalmış tərəflər sülhməramlıların burada qalıb-qalmaması ilə bağlı qərar çıxaracağı yer alıb. Təbii ki, Azərbaycan buna razı olmayacaq. Çünki rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirməyib. Sülhməramlıların vəzifəsi o idi ki, qanunsuz erməni hərbi birləşmələrini ərazidən çıxarsınlar. Digər tərəfdən bölgədə əhali arasında mümkün əlaqələrin yaranmasına nail olunsun. Qarşılıqlı etimad üçün bu iki ildə heç bir iş görülməyib. Burada azərbaycanlıların ermənilərlə görüşüb danışması üçün də heç bir addım atılmayıb. Ən nəhayət sülhməramlılar bölgənin Azərbaycana inteqrasiyasına da yardım etməyib. Əslində onların belə bir öhdəliyi var. Bu da olmayıb. Bütün bunlar edilmədiyi bir halda sülhməramlıların burada qalması üçün heç bir əsas qalmır. Eyni zamanda burada həmin o məlum 15-ci bənddə əsasən “status” məsələsinin uzaq gələcəyə saxlanılması qeyd edilir. Bu əslində rus sülhməramlılarının burada həmin gələcək üçün saxlanılmasına hesablanıb. Azərbaycan sözsüz ki, bunu istəmir. Ərazi bizə məxsusdur. Azərbaycan qalib dövlətdir. Ölkəmiz öz siyasətini imla edir. Bunu Ermənistan və Rusiya tərəfi oturub yazmalıdır./Teleqraf