Gözlənilməz yerdən Azərbaycana dəstək: Sürpriz gəlişmə... - NƏ BAŞ VERİR?
18-11-2022, 09:30
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. O, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla danışmışdı. Bu söhbət də Ermənistana xəbərdarlıq xarakterində oldu. Sizcə, İran, Fransa və Rusiyanın davam edən sülh danışıqlarını pozmaq cəhdləri qarşısında ABŞ nə edə bilər?
- Zənnimcə, hələlik ABŞ-ın mövqeyi düzgün görünür. Həqiqətən də Blinkenin Paşinyana zəngi xəbərdarlıq xarakteri daşıyırdı. Çünki ABŞ bölgədəki gəlişmələri diqqətlə izləyir. ABŞ peyklərdən, eləcə də agentura şəbəkəsindən istifadə edərək, bölgədə, xüsusən də iki ölkə arasındakı təmas nöqtəsində suyun kim bulandırdığını müəyyənləşdirib. Buna görə də, Blinken etik formada Paşinyana xəbərdarlıq etdi ki, sülhyaratma prosesini pozmasın.
Azərbaycan və onun prezidentinin mövqeyi isə bəllidir. Biz bu məsələlərin həlli ilə bağlı hansısa qarışıqlıq yaratmaq istəmirik. Prosesi pozmağa çalışan İran və Fransadır, eləcə də onların çaldıqları havaya oynayan Ermənistan və onun başçısı Nikol Paşinyandır.
Yəqin ki, ABŞ nə baş verdiyini yaxşı bilir. Nikol Paşinyanın gah İrana, gah da Rusiyaya qaçaraq bölgədə qarışıqlıq yaratmaqla vaxt udmağa çalışması göstərir ki, sözdə sülhdən danışsa da, fəaliyyəti başqa yöndədir.
Hələ ki, ABŞ-ın prosesə müdaxiləsini lazımlı hesab edirəm. Çünki ABŞ Avropa Birliyi ilə tandem formasında çalışır, hər halda yaranan ehtimal budur. Üstəgəl, Avropa Birliyi və ABŞ açıq formada Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə və sülhyaratma prosesinə müdaxilə imkanlarını heçə endirməyə çalışır. Bu baxımdan, indiki məqamda ABŞ-ın fəaliyyəti qənaətbəxş görünür.
- Bəs Fransa öz müttəfiqlərindən – ABŞ və Avropa Birliyindən niyə fərqli düşünür?
- Ümumiyyətlə, Fransa özünü nə qədər sivil və mədəni ölkə kimi göstərməyə çalışsa da, əslində, millətçi və şovinist dövlətdir. Avropanın ən millətçi xalqı Fransada yaşayır. Fransızlar hələ XVIII əsrdən başlayaraq, müstəmləkə siyasəti yürüdürlər. Yetmişə yaxın xalq Fransanın bu müstəmləkə siyasətinin qurbanı olub, onlar bu dövrdə soyqırımı və kütləvi qırğınlara məruz qalıblar.
Bu ölkənin qanlı müstəmləkə siyasətinin son akkordları 1950-60-cı illərdə Əlcəzairdə vurulub. Həmin illərdə 1.5 milyon əlcəzairli Fransanın soyqırımı siyasətinin qurbanı olub. Bu, inkaredilməz tarixi faktdır. Əlcəzair buna öz siyasi qiymətini verib.
Ümumiyyətlə, Fransa destruktiv fəaliyyətlər yaratmağı sevən, müəyyən dövlətləri əlində alətə çevirərək, onlar vasitəsilə yaratdığı qarışıqlıqda öz maraqlarını həyata keçirməyə çalışan dövlətdir. Bu ölkənin milli ideologiyasında əsas yeri tutan prioritetlərdən biri islamofobiya və türkofobiyadır. Bu gün Azərbaycanın Fransa ilə iqtisadi, ticari və mədəni əlaqələri yüksək səviyyədə olmasına baxmayaraq, bu ölkə bizə də xəyanət etdi. Bu da Fransanın digər prezidentlərindən daha millətçi olan və peşəkar siyasətdən uzaqda dayanan Makronun sayəsində oldu.
Makron özündən əvvəlki Fransa prezidentlərindən daha çox ermənipərəstdir, daha çox anti-türk və anti-müsəlmandır. Məhz onun hakimiyyəti dövründə Fransanın türk və müsəlman dövlətlərinə qarşı düşmənçilik siyasəti daha açıq formada özünü göstərir. Bu baxımdan, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam, iftira dolu və heç bir fakta söykənməyən qətnaməsi istehzalı təbəssüm doğurur. Azərbaycan parlamentinin Senatın bu addımına qarşı cavabı kifayət qədər tutarlı və yerindədir.
Hesab edirəm ki, Azərbaycan bundan sonra Fransanın “parçala, hökmranlıq et” prinsipinə əsaslanan siyasətinə qarşı ciddi mübarizə aparacaq. Eyni zamanda, bu dövlətin siyasətindəki islamofobiya və türkofobiyanı ifşa etmək üçün böyük qüvvə sərf etməli olacaq. Zənnimcə, son ermənipərəst addımları bizi yox, Fransanın özünü uduzanların tərəfinə aparacaq.
- Ümumiyyətlə, Fransa ermənilərdən aldığı pulların əvəzini verməyə çalışır, yoxsa bir güc kimi bölgə ilə bağlı hansısa hədəfləri var?
- Fransa yüz ildir ki, ermənipərəst siyasət həyata keçirir. Amma Makrona qədər bu siyasət kifayət qədər ehtiyatlı aparılırdı. Əlbəttə, o dövrdə də qapalı formada bu siyasət davam etdirilib. Həyata keçirmək mümkün olmasa da, Fransa tərəfindən ermənilərin maraqlarının təmin edilməsi yönündə cəhdlər olub. Amma son iki ildə Fransanın ermənipərəst siyasəti illeqal və konstrativlikdən çıxaraq, leqal bir formaya çevrilib. Həyasızcasına faktları təhrif edirlər, təcavüzkarı müdafiə edərək, Azərbaycanın olmayan təcavüzündən danışırlar və bizi müxtəlif sanksiyalarla hədələyirlər. Halbuki neft və qazına görə Azərbaycana yalavaran onlardır.
Desəm ki, Fransa ağlını itirib – yanılmaram. Fransanın başında siyasətdə naşı və intellektual səviyyəsi aşağı olan bir şəxs dayanır. Həmin şəxs prosesləri idarə etməyi bacarmır. Üstəgəl, onun zəif siyasətindən istifadə edən müəyyən millətçi dairələr Senatda və dövlətin digər orqanlarında meydan sulayırlar. Xalqlararası nifaqı genişləndirmək və qızışdırmaq üçün əllərindən gələni əsirgəmirlər.
Fransa Senatının bu qətnaməsi sülhə xidmət edən yox, müharibəyə çağırış qətnaməsidir. Bu, bölgəni qarışdırmaq və xalqları üz-üzə qoymağa cəhddir.
Zənnimcə, Fransanın bu destruktiv fəaliyyəti onun Avropa Birliyi və NATO-dakı müttəfiqləri tərəfindən də təqdir edilmir. Fransa tamamilə ağlını itirmiş bir ölkəyə bənzəyir. Onların anti-Azərbaycan siyasəti öz başlarında çatlayacaq.
- Bu həssas məqamda ABŞ dövlət katibinin müavini Karin Donfridin Azərbaycanla bağlı açıqlaması da diqqətçəkəndir. O, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın ABŞ üçün prioritet olduğunu dedi. Amerika rəsmisinin bu açıqlamasını necə şərh etmək olar?
- Məncə, bu, Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasındakı müsbət rolunu təqdir və etiraf etməkdir. Azərbaycan bölgədə dünya nizamına qarşı mübarizə aparan İran kimi qəddar bir ölkənin qarşısında dik dayanaraq, onunla mübarizə aparır. Azərbaycan Rusiyanın regiondakı pozucu fəaliyyətini neytrallaşdıran bir siyasət aparır. Üstəgəl, Azərbaycan Avropanın enerji təminatı və təhlükəsizliyində, eləcə də logistik təminatında çox mühüm rolu olan beynəlxalq iqtisadi layihələri həyata keçirir.
Azərbaycan Avropanın enerji təminatında artan rolu ilə qitənin Rusiya asılılığından xilas olması üçün əlindən gələni edir. Buna görə də Amerika Azərbaycanın bölgədə oynadığı konstruktiv və dinamik rolu təqdir edir, qiymətləndirir. Bu səbəbdən də ABŞ elan edir ki, bu yolda Azərbaycana hər cür dəstək verməyə hazırdır. Yəni Azərbaycanın yanındadır.