III Qarabağ müharibəsi başlaya bilər: Sülhməramlıların getməsi ilə... - Müsahibə
19-11-2022, 09:48
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Teref.az olaraq onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Prezident İlham Əliyev növbəti dəfə qeyd etdi ki, biz Qarabağdakı ermənilərlə danışmağa hazırıq, amma Moskvadan göndərilmiş şəxslərlə yox. Sizcə bu açıqlama mahiyyət etibarı ilə hansı məsələləri əhatə edir və kimlərə ünvanlanmış mesaj idi?
- Ötən gün dövlət başçısı Avropa Şurasının nümayəndəsini qəbul edərkən konkrert olaraq bildirdi ki, biz Qarabağda olan ermənilərlə danışığa hazırıq. Amma bu o demək deyil ki, Moskvanın göndərdiyi Ruben Vardanyanla danışıqlar aparılacaq. Çünki Rusiya hələ də Azərbaycanla bağlı siyasətində qeyri-səmimidir. Bu ölkə hələ də özünün imperiya ambissiyalarından əl çəkməyib, işğalçılıq siyasəti yürüdür. Bu mənada biz Qarabağ erməniləri ilə danışmalıyıq dedikdə, buna əslində xalq diplomatiyası deyilir. 1991-ci ildə də biz bundan istifadə etmişik. Hətta tez-tez Ermənistanın Kaynavan qəsəbəsində azərbaycanlı deputatlardan ibarət olan nümayəndə heyəti ermənilərlə görüşüb. Ermənistan tərəfindən nümayəndə heyətinə Babken Ararktsyan Azərbaycan tərəfindən isə Afiyyədin Cəlilov rəhbərlik edirdi. Azərbaycan nümayəndə heyətinin ermənilərlə xalq diplomatiyası çərçivəsində keçirdiyi görüşlərin nəticəsi olaraq müəyyən bir sakitliyə də nail olunmuşdu. Hazırda da buna ehtiyac var. Biz o vaxt bu məsələdə erməni əsilli azərbaycanlılardan istifadə edirdik. Hazırda Bakıda 30 min erməni yaşayır. Ataları azərbaycanlı olanların çoxusu bu milləti sevir. Onların bu xidmətindən xalq diplomatiyasında yararlanmaq olar. Bu mənada dövlət başçısının irəli sürdüyü məsələ olduqca əsaslıdır. Çünki burada ayrı bir iddia ilə üstünlük qazana bilərik. Vaxtilə xalq diplomatiyasından istifadə olunub. Qarabağda yaşayan ermənilərə də Azərbaycan dövləti zəmanət verir. Onlar da digər vətəndaşlar kimi bütün hüquqlara malik olacaqlar.
- Fransa Senatının məlum qərarı sülh prosesinə necə təsir edə bilər? Ermənistan tərəfinin bundan şantaj və sabotaj üçün istifadə etmək ehtimalları böyükdür. Bu, Azərbaycanın əks-arqumentlərinə necə təsir edəcək?
- Senatın qəbul etdiyi qərarın heç bir hüququ gücü yoxdur. Çünki onların qəbul etdiyi qərar Fransa dövləti üçün imperativ - yəni məcburi deyil. Bu sadəcə tövsiyə xarakterlidir. Sadəcə olaraq bu fakt bir daha Fransanı Ermənistanın yanında olduğunu göstərdi. Özünü ATƏT-in Minsk qrupunun həmsədri kimi təqdim edən bir dövlətin belə bir addım atması Azərbaycana əslində yeni bir əsas yaratmış oldu. Bu günd qədər Azərbaycan tərəfindən vurğulanırdı ki, ATƏT-in həmsədrləri tərəf saxlayır. Qarşı tərəf bu faktları inkar edirdi. 44 günlük müharibədən sonra Fransa Senatının qəbul etdiyi son qərar əslində özlərinin ifşası idi.
- Ermənistanın bu məsələ ilə bağlı hansı üstünlüklər qazanmaq iddiası var?
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
- Əslində bu qərar Ermənistan üçün heç bir üstünlük və imtiyaz vermir. Artıq Ermənistanın Qarabağla bağlı böyük xülyaları suya düşüb. Azərbaycan Ordusu onu məhv etdi. Bundan sonra onların nə düşünməsi qarşı tərəfin problemidir. İndiki halda yaşanacaq istənilən qarşıdurma Azərbaycanın qələbəsi ilə bitəcək. III Qarabağ müharibəsinin olma ehtimalları da var. Rusiya burada xüsusi olaraq təxribatlar yaradır. Rusiya öz qoşunlarını Qarabağdan çıxarmamaq üçün ermənilərin əli ilə Azərbaycana təzyiq göstərmək istəyir.
- Bunlara adekvat cavab nədən ibarət olmalıdır?
- Azərbaycan düz yoldadır. Ölkəmiz hazırda bu məsələdə çox ağıllı qərarlar qəbul edir. Dövlətimiz bununla bağlı çox uzaqgörən siyasət yürüdür. Ölkə başçısı peşəkar diplomatdır. Biz əminik ki, bu cür təxribatlardan da Azərbaycan çox böyük uğurla çıxacaq.
- Son aylar bölgədə sabitlik idi. Ancaq ermənilər yeni təxribatlarla sabitliyi pozdular. Sentyabr gərginliyindən, Praqa görüşündən sonra tərəflərin ritorikaları başqa səmtə yönəlib. İrəvan vaxt udmağa çalışır, Bakı isə səbr etmək istəmir. Belə olduğu halda yenidən hərbi əməliyyatların başlanması ehtimallarını necə dəyərləndirmək olar?
- Sözsüz ki, yenidən hərbi əməliyyatların başlanması təhlükəsi var. Çünki Rusiyanın məqsədi odur ki, sülhməramlıların olduğu ərazidə Azərbaycan ordusu hansısa bir hərbi əməliyyatlar aparsın və bunun nəticəsində də, rus əsgərləri ölsün. Çünki Rusiya Ukrayna cəbhəsindəki uğursuzluğunu burada hansısa bir “uğurla” əvəzləmək istəyir. Azərbaycan bunu bilir. Ona görə də bu niyyət baş tutmayacaq. Rusiyanın Qarabağ məsələsində bir tərəfdən İranla, o biri tərəfdən Fransa ilə Azərbaycana qarşı Ermənistanı dəstəkləyir. Bu mənada mümkün münaqişə ocağının körüklənməsi halları var. Amma Azərbaycanın davranışları burada əsas rol oynayır. Çünki Azərbaycan hazırda münaqişə ocağının alovlanmasında maraqlı deyil. Amma ölkəmizin maraqları təmin olunmadıqda Azərbaycanın yandıracağı ocaqda Ermənistanla bərabər Rusiya da yanacaq. Bununla da rus qoşunları Qarabağdan tamamilə çıxarılacaq.