Şah İsmayılı şaman adlandırmaq doğru deyil”
21-11-2022, 08:18
Əkbər Nəcəf: “Şaman şamanizmdə dini missiyanı icra edən mistik həyat tərzinə sahib, yeri gələndə həkim kimi də insanları müalicə edən din adamına verilən isimdir”
Əkbər Nəcəfin “Təzadlar”a müsahibəsi
(Əvvəli ötən sayda)
- Əkbər bəy, tarixi olduğu kimi yazmamağın günahı kimdədir, tədqiqatçılarda, yoxsa?..
- Burada bir məsələni unutmaq olmaz. Tədqiqatçıların çoxu mənbələri tanımadan həmin mənbələrin nəşr olunmuş variantlarından istifadə edirlər. Halbuki İranda, Rusiyada, Avropada, elə bizdə də nəşr olunan mənbə ilə həmin mənbənin oricinal (əsl) variantı arasında jiddi fərqlər var. Misal üçün, hamı Şah İsmayılın “Şiəliyi dövlət məzhəbi” elan etdiyini iddia edir. Diqqətli tədqiqatçı burada bir sual verməlidir: hansı şiəlik? O zaman da həvəskar tarixçilər tez “İsna-aşəriyyə” deyirlər. Yaxşı, bəs İsna-Aşəriyyənin özünün də daxilində qollar var idi və uzun illər Üsuli, Əkbəri və Şeyxi kimi məzhəblər İsna-Aşəriyyə daxilində ixtilaf içində olublar. Şah İsmayılın dövlət məzhəbi elan etdiyi məzhəb “cəfərilik” adlanırdı. Hətta 1907-ji ildə Qacarlar ölkəsində ilk konstitusiya (anayasa) qəbul olunanda belə, dövlətin rəsmi məzhəbi olaraq Cəfərilik adı qeyd olunur. Hətta konstitusiyanın 27 və 39-ju maddələrində Jəfəriliyin təsir dairəsi açıq qeyd edilir. Pəhləvilər, indiki İran İslam recimində nəşr olunan kitab və mənbələrdə məqsədli şəkildə Cəfəriliyin yerinə şiə adı yazılır. Buna səbəb odur ki, Pəhləvilər “şiə” adı altında bütün şiə məzhəblərini İsna-Aşəriyyənin üsuli-məzhəbi daxilində birləşdirmək istəyirdilər. Bu, əslində ingilislərin siyasəti idi. İngiltərə Şərqi İslamı şiə-fars və vəhhabi-ərəb kimliyi altında birləşdirərək türk kimliyini ortadan qaldırmaq istəyirdi. İran İslam recimi də bu sistemi davam etdirdi. Halbuki şiəlik XX əsrin əvvələrinə qədər özünün heç fiqhi formalaşma prosesini belə, tamamlamamışdı. İsna-Aşəriyyənin öz daxilində belə, ciddi ixtilaflar vardı. 1920-ji ildə belə, Nəjəf ilə Tehran ayətullahları bir-birilərini “ingilis casusu” olmaqda ittiham edirdilər. Rza şah hakimiyyətə gəlmək üçün Tehran ayətullahlarından deyil, Nəjəf və Qum şiə alimlərindən dəstək almışdı. Rza şahın 1924-cü ildə, yəni şah olmasından bir il əvvəl Qumda ayətullah Hairi, Naini və İsfahani ilə apardığı danışıqları diqqətlə oxuyun. Hələ mən burada üsuliliyin əxbariliklə nejə mübarizə apardığından bəhs etmirəm. O əxbarilik ki, şiə məzhəbinin mərkəzində dayanırdı və hələ üsulilik ortada yox ikən əxbarilik şiəliyin lokomotivi qəbul olunurdu. Daha mühümü Şah Abbasa qədər Qum məktəbinin əxbarilərin nəzarətində olması və Qum məktəbini onların yaratmasıdır.
XX əsrdə formalaşan siyasi-şiəliyin və panfarsizmin köklərini tapmaq istəyənlər üzlərini İrana deyil, İngiltərə-Hindistanına çevirməlidirlər. Qacarlar dövründə ölkə ajlıqdan qırılarkən Hindistandan üləmaya gələn pul, Qacar dövlətinin büdjəsindən üç dəfə çox idi. İlk farsça mətbəə əsərlərinin nəşr olunduğu yer də Hindistandır. Biz buzun suyun üstündəki hissəsinə baxmaqdan əl çəkməliyik.
Məsələnin bir də Şirvan tərəfi vardır. Biz Şirvanı Şirvanşahlardan ibarət siyasi bir məfhum hesab edirik. Təəssüflər olsun ki, orta əsr Şirvanın təfəkkür tarixi öyrənilməyib. Orta əsrlər Şirvan fikirlər mozayikasıdır və həddindən artıq zəngindir. İndiki həvəskar tarixçilər Şirvanı coğrafi bir şüara çeviriblər. Şirvan fikir mühiti Osmanlı, Kırm, Misir, hətta Məkkə və Mədinəyə dərindən təsir edəjək qədər güjlü olub. Mən sizə Osmanlının beyin mərkəzində yer almış onlarla şirvanlı aliminin adını çəkə bilərəm. Misal üçün, Şeyx Əkmələddin Əli Şirvani Osmanlı şeyxülislamı olub. Hətta bir müddət Məkkə kimi İslamın mərkəzində fətva mərji olmuşdur. Osmanlı mədrəsələrində uzun illər onun “Əqsəül-mətalib”, “Mühimmatül-çərufil-vajibə”, “Jamiül-mənasik”, “Dəlilül-zairin və ənisül-müjavirin” adlı əsərləri dərs vəsaiti kimi istifadə olunub. Və ya Şeyx Məhəmməd Əli əz-Zühri Şirvani, Osmanlı padşahı tərəfindən birbaşa Mədinə müftüsü təyin olunub. Onun oğlu Şeyx Əli ibn Əli isə Osmanlının ən tanınmış hənəfi fəqihlərindən idi. Şeyx Cəmaləddin Şirvani də şirvanlıdır və Osmanlı şeyxülislamı vəzifəsini icra etmişdir. Bu siyahını uzatmaq olar. Şirvan, sadəsə, sünni alimlərinin deyil, eyni zamanda hetorodoks-İslam cərəyanlarının da vətəni olub. Qələndərilik Şirvanda Şirvanşah taxtını ələ keçirəcək qədər gücə sahib idi. Hələ Şeyx Səfiyəddindən əvvəl onun şeyxi Şeyx Zahid Gilaninin Şirvanda müridləri olub və bu müridlərinin çoxu Şirvanşah II Axsitan tərəfindən öldürülüb. Onların malları isə Kür çayına atılıb. Şah İsmail Şirvanı ələ keçirdiyində Şrivanşahın xəzinəsini çaya atılmasını əmr etməsinə də səbəb həmin hadisənin intiqamı idi. Təəsadüfü deyildir ki, hürufilər belə, Şirvanda özlərinə sığınacaq tapmışdılar. Bundan başqa, vəfai və heydəri dərvişləri, əxilərin də Şrivanda geniş fəaliyyətlərinə rast gəlirik. Yəni məsələ heç də Şirvan-səfəvi, Səfəvi-Osmanlı qütbləşməsi kimi bir iki termin ətrafında izah edilməyəjək qədər geniş və köklüdür.
Maraqlı bir faktı da qeyd etmək istəyirəm. Əgər, iddia edildiyi kimi, səfəvi-Osmanlı münaqişəsi məzhəb münaqişəsinə əsaslanırdısa, o zaman necə olur ki, Osmanlılar Şah İsmayılın vəfatından bir qədər sonra ələ keçirdikləri İraqdakı şiələri ortadan qaldırmadılar. Şiənin iki böyük mərkəzi (Cəbəl-i Amil və Nəcəf) Osmanlıların nəzarəti altında idi. Üstəlik, bir çox şiə alim Osmanlının güjündən istifadə edərək, Səfəvi hökmdarları və üləması haqqında sərt bəyanatlar səsləndiriblər. Hətta Osmanlılar ilə Səfəvilər və daha sonra Qacarlar arasındakı siyasi münaqişələrin həllində İraqın şiə alimləri vasitəçilik ediblər. Daha da maraqlısı odur ki, Kaşifül-Qita adlı şiəlik tarixinin ən böyük aliminin fətvası ilə İraqdakı şiələr və Osmanlı ordusu birləşərək 1805-ji ildə Vəhhabilərə qarşı birlikdə müharibə aparıblar. Yəni hadisələrə bu günün prizmasından və bu günün siyasi, ideoloci aynasından baxmaq bizi böyük səhvlərə aparajaq.
- Bu prosesin qızışmasında Qərb dövlətlərinin rolu nə qədərdir?
- Müasir tarixçiliyin şişirdiyi mövzulardan biri də budur. Orta əsr dünyasının siyasət səhnəsində Avropa əhəmiyyətsiz bir yerə sahibdir. Qaşqarlı Mahmudun xəritəsinə diqqətlə baxın. O zaman həmin xəritənin Avropa hissəsinə belə bir jümlənin yazıldığını görəjəksiniz: “Heyvana oxşayan insanların yaşadığı yer”. İndi bəzi avropalılar dünyanın geri qalan hissəsinə belə baxır. Qərbdə bəzi güjlər Şərqdə gedən hadisələrdə şübhəsiz maraqlı idilər. Və bu da təbii qəbul edilməlidir. Roma, Venessiya elçiləri Osmanlı ilə Ağqoyunluları, Osmanlı ilə Səfəviləri qızışdırmağa təşəbbüs ediblər. Amma müasir tarixçilikdə bu kimi faktlar çox şişirdilib. Nəzərə almaq lazımdır ki, dünya siyasətini təyin edən bu güjlər Avropadan gələn bir neçə elçinin təsiri ilə bir-birilə müharibə aparajaq qədər axmaq deyildilər. Bu, ABŞ-ın Əljəzairdən və ya hər hansı bir üçünjü dünya ölkəsindən gələn bir neçə elçinin söz ilə Rusiyaya müharibə elan etməsini iddia etməyə oxşayır.
Dövrün Avropasının jiddi problemləri vardı. Hər şeydən əvvəl Avropanı jüzzam və vəba xəstəliyi jənginə almışdı. Jüzzama qarşı mübarizə aparmaq üçün, sadəjə, Fransada kilsənin nəzarətində 1000-dən çox xəstəxana yaradılmışdı. İnkivizasiya və İspaniyada səlib müharibələri davam edirdi. Tijarət malları almaq üçün Avropa yeni mənbələr axtarışında idi. Bu axtarışların nətijəsində Afrikanı və Amerikanı kəşf etdilər. Halbuki Amerika hələ 1000-ji ildən vikinqlər tərəfindən bilinirdi və skandinaviyalı gəmiçilərin inkalarla tijarət etdikləri haqqında mənbələrdə kifayət qədər məlumat var. Amerikadan çıxarılan qızıl isə Şərqə axırdı. XVIII əsrdə Çində istifadə olunan hər 10 qızıldan altısı Amerika qızılı idi. Yəni Avropa Şərqdən aldığı tijari mallar hesabına yaşamaq üçün Amerikanı istismar etməyə başlamışdı. Müasir Avropa tarixçiləri və onların sözlərini təkrar edən Şərqli alimlər orta əsr Şərqində gedən dünya əhəmiyyətli proseslərdə Avropanın varlığını xüsusilə gözə soxurlar. Bununla bir həqiqəti gizlətməyə çalışırlar. Bu həqiqət ondan ibarətdir ki, Şərqdəki proseslərin mərkəzində Avropa xristianlığı deyil, Şərq xristianlığı və yəhudilər əsas güj təşkil ediblər. Bu gün “erməni” adlandırdığımız xalq Səfəvi-Osmanlı ziddiyətləri şəraitində ortaya çıxıb. Bu, uzun məsələ olduğu üçün üstündə durmaq istəmirəm. Qısaja qeyd edim ki, ermənilərin jamaatlaşma prosesi bu tarixdən başlayır. İngilislər ilə ruslar Səfəvi-Osmanlı arasında tijarəti nəzarət altında tutan ermənilərin oyundan kənarlaşdırmaq üçün çox böyük oyunlar oynamışlar və ermənilər də axmaq kimi buna inanmışlar. Dövrün Müsəlman Şərqində çox güjlü xristian təriqətləri fəaliyyət göstəririlər. Səfəvi və Osmanlı ölkəsinin bütün böyük şəhərlərində yezuit, fransisken tərqatlarının mərkəzi vardı və mərkəzlərdəki keşişlər böyük miqyasda kitab tijarəti ilə məşğul olurdular. Bunun qarşısını almaq üçün XVIII əsrin əvvəllərində Osmanlı sədrəzəmi Nevşəhərli Damad İbrahim Paşa kitabların Avropaya çıxarılmasını qadağan edən bir fərman vermiş və Osmanlı sərhədində ələ keçən əlyazmaları öz adı ilə yaratdığı Damad İbrahim Paşa kitabxanasında mühafizə etməyə başlamışdı. Bu, elmin keşiş-jasuslar tərəfindən Şərqdən Avropaya nəqli deməkdir. Bu gün Avropa kitabxanalarında yer alan Şərq əlyazmalarının çoxu həmin dövrdən qalır. Kitab tijarətində maraqlı tərəflərdən biri də Roma papalığı idi. Oryantalizm (şərqşünaslıq) bu xəzinə üzərində formalaşdı.
- Bəzi tarixçilərin yazdığı kimi, Şah İsmayıl Xətai qaniçən və qəddar olması həqiqətdirmi?
- Mənə tarixdə bir hökmdar göstərin ki, dediyiniz xüsusiyyətlər onda olmasın. Müasir dünyada belə insanlıq bu xüsusiyyətlərdən arınmış deyil. Amma bu Şah İsmayılın ideal hökmdar olduğu mənasına gəlmir. Təbriz ələ keçiriləndə burada kifayət qədər insan öldürülüb. Amma bəzi həvəskar tarixçilərin iddia etdiyi kimi, Şah İsmayil, sadəjə, sünni qanını axıtmayıb. Elə kifayət qədər də şiə inanjlı insanı öldürüb. Şah İsmayilin özünün ən ağır müharibələrinin üçünü şiələrə qarşı aparıb - Gilanda, İsfahanda və Luristanda. Yeri gəlmişkən onu da qeyd edim ki, Şah İsmayil öz qızı Pərixan Xanımı bir sünniyə, məhz Şirvanşaha ərə verib.
- Bəs, Qızılbaşlıq ideologiyası nədən qaynaqlanır? Bəzən Xətaini ən böyük şaman adlandırırlar...
- Türklər arasında İslamın üç forması var. 1. Kitabi İslam, 2. Təsəvvüfi İslam və 3. Xalq İslamı. Kitabi İslam mədrəsə islamıdır. Əsasını İslam fiqhi və şəriəti təşkil edir və yüksək təsir sisteminə dayanır. Təsəvvüfi İslam isə qeyri-İslami dinlərin də təsiri ilə formalaşan bir növ mistik İslam anlayışıdır. IX əsrdən etibarən təsəvvüfi İslam təriqətlər vasitəsilə özünə inkişaf yolu tapa bildi. Səlcuqluların İslam Şərqini ələ keçirməsi ilə zirvəyə çatdı. Türklər arasında da çox sayda təriqətlər yarandı. Bir də xalqın başa düşdüyü sadə İslam vardı ki, buna xalq İslamı adı verilir. Qızılbaşlıq xalq İslamının ən böyük qollarından biridir. Qədim Türk inancının güclü təsiri altındadır. Ona digər cərəyanlar da təsir etmişdir. Sonradan təriqətə çevrilərək bəzi təsəvvüfi formalar alan yəsəvilik, qələndərilik, heydərilik, vəfailik, babilik, bektaşilik, ələvilik kimi təriqətlər Türk xalq İslamının içindən çıxmışdır. Xalq İslamı daim Kitabi İslamın hədəfində olmuşdur. Xalq İslamının kitabı əsasları olmadığı üçün, sadəjə, ənənə olaraq həyatımızda qaldı. Bu gün özünü şiə və sünni adlandıran insanların pirlərə getməsi, ağajlara ip bağlaması, qoluna qara ip bağlaması, Məhərrəmlik mərasimində qan axıtması, mərsiyə oxuması xalq islamının izlərindən xəbər verir. Türk Xalq islamı gününmüzdə ən güjlü şəkildə Anadolu ələviliyində yaşayır. Və təəsadüfi deyildir ki, Anadolu ələviləri özlərinin 7 böyük şairindən ilk ikisini Nəsimi və Xətai hesab edirlər. Xətai Anadolu ələviliyində bir kulta çevrilib. İrene Melikoff Anadolu ələvilərinin 17-ji əsrin ortalarına qədər özlərinə qızılbaş dediklərini, Osmanlının təzyiqi ilə sonradan ələvi adını aldıqlarını qeyd edir. Elə Xətainin şeirlərində də kifayət qədər Hacı Bektaş haqqında tərif dolusu sözlər tapmaq olar.
Şah İsmayılı şaman adlandırmaq doğru deyil. Şaman şamanizmdə dini missiyanı ijra edən mistik həyat tərzinə sahib, yeri gələndə həkim kimi də insanları müalijə edən din adamına verilən isimdir. Türklər belə adamları kam adlandırırdılar. Türklərin qədim inanjı da Tenqriçilik olub. Bu, bir tanrıya inamı əsas alan Göy Tanrı dini idi. Şübhəsiz, tenqriçilik ilə şamanizmin bir-birinə təsiri seçilməyəjək qədər güjlü olub. Bu dinin şamanizm adlandırılması XIX əsrdə avropalıların kəşfidir. Şaman kəlməsi də monqol-tunquz dilində olduğu iddia edilsə də, maraqlıdır ki, bu kəlmə özü monqolların dilinə çincədən keçib. Üstəlik, tunquz və monqollar şamana “şaman” deyil, türkçə “bəki” deyirlər. Hind kökənli olduğunu iddia edənlər də var. Amma kəlmə hind dillərinə də brahmanizmlə birlikdə daxil olub. Böyük ehtimalla türkçə “kam” sözündən törəyib. Bu gün bizim “baxıjı” dediyimiz “bahşı” sözü də şamanı ifadə edən bir addır. Nejə ki, bu gün Anadolu ələvilərinə şaman deyə bilmiriksə, Şah İsmayıla da şaman demək doğru deyildir. Mən əziz dostum Babək Javanşirlə Türkiyədə Şah İsmayıl Xətianin külliyatını nəşr etdirdik. Tədqiqatlarımız zamanı biz Xətainin Tehranda yeni bir əlyazmasını əldə etdik və bu əlyazma Şah İsmayılın divanının yazılmış ilk variantlarından biri idi. Xətainin əsərləri üzərində tədqiqat apararkən mənim diqqətimi bir məsələ jəlb etdi. Xətainin şiəlik haqqındakı bütün təsəvvürü peyğəmbər və 12 imam sevgisi ilə məhduddur. Əsərinin heç bir yerində şiə fiqhinin problemlərinə dair bir tərkibə rast gəlməmək çox təəjjüblü idi. Mən Şah İsmayılı bir dövlətin başında dayanan ələvi dədəsinə oxşadıram.
Digər maraqlı fakt ondan ibarətdir ki, iddia olunur ki, Qızılbaş dövləti əsasən 7 qızılbaş tayfası tərəfindən yaradılıb. Qızılbaş tayfalarının ümumi sayı 80-ə qədər gedib çıxır. Hətta qızılbaşlarla kəskin müharibə aparan Türkmən Axal-Təkə boylarının bir hissəsi belə qızılbaş idi və həmin tayfalar Gürcüstanda Səfəvi sərhəddini Osmanlılara qarşı qoruyurdular.
Elnur Eltürk
Təzadlar.- 2013.- 17 dekabr.- S.10.