"Azərbaycanda apteklər keyfiyyətsiz və baha dərmanlarla doludur" - NƏ ETMƏLİ?

21-11-2022, 17:19           
"Azərbaycanda apteklər keyfiyyətsiz və baha dərmanlarla doludur" - NƏ ETMƏLİ?
"Məndə olan məlumata görə dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır”.

TEREF.AZ xatırladır ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, dərman vasitələri ilə bağlı insanlar arasında xeyli narazılıq var:

“Hesab edirəm ki, dərman vasitələri ilə bağlı bu məsələlərin həllinə böyük ehtiyac var. Bizdə olan məlumata görə, dərman vasitələri haqqında hökumətdə ciddi proqram hazırlanır. Əminik ki, proqramın hazırlanıb həyata keçirilməsi bu sahədə olan problemləri həll edəcək. Hesab edirəm ki, belə sənədlərin hazırlanması zamanı parlamentdə olan mütəxəssis deputatları bu məsələyə cəlb etmək lazımdır. Çünki onların bu sahədə xeyli təcrübələri var”.

Maraqlıdır, bu proqrama nələrin daxil edilməsi nəzərdə tutula bilər? Dərmanlarla baglı proqrama dərmanların sığorta ilə satılması da daxil edilməlidirmi?

Cebhe.info-nun suallarını tanınmış farmakoloq Aydın Əliyev cavablandırıb.

-Proqrama dərmanların sığorta ilə satılması da daxil edilməlidir?

-Xəstəliklərin diaqnozdan asılı olaraq, tibbi sığorta üzrə müalicəsi olduğuna görə o dərmanların da satışı həmin sığorta qanunlarına uyğun olmalıdır. Əksinə, bahalı dərmanlar sığortaya düşməlidir. Gərək bahalı dərmanları bir az daha baha sataraq, xəstə insanların vəziyyətini ağırlaşdıralar? Bahalı dərmanlar sığortaya düşsə, daha düzgün olar. Ağır xəstəliklər İcbari Tibbi Sığortaya salındıqca, onların müalicəsində istifadə olunan dərmanların da sığortaya salınmasına icazə verilməlidir. Onsuz da sahibkar bundan nə qədər qazanc əldə edir.

-Dərmanların qiyməti ilə bağlı tənzimləmələrə də proqramda yer ayrıla bilərmi?

-Son bir neçə ildə insanlar arasında ən çox şikayət olunan sahə dərman maddələridir. Tarif Şurası qiymət təyin edir, amma apteklər bu qiymətləri öz istədikləri kimi idarə edirlər. Bu da xalqın xeyrinə olmur. Xaricdə ucuz satılan dərmanlar nəyəsə görə bizim ölkədə çox baha qiymətə satılır. Əsas olan qəbul olunmuş qaydaların yerinə yetirilməsidir. Bu qaydalardan indi də var. Bəs niyə yerinə yetirilmir? Qanunların hazırlanmasına dərmanlarla bağlı sahənin mütəxəssisləri də çağırılmalıdır. Yoxsa bu dərmanı kim gətirdi, kimin aptekidir deməklə “qızıl qərarlar” olsa da, əhəmiyyəti olmayacaq. Qərarlar qalırsa, amma yerinə yetirilirməsə, dərman monopoliyası da qalacaq.

-Dərmanların qiyməti apteklər üzrə də fərqlənir. Bunun qarşısı necə alına bilər?

-Azərbaycana gətirilən dərmanların keyfiyyəti, haradan gətirilməsi, hansı ekspertizadan keçirilməsi elektron variantda təqdim olunmalıdır. Xalq bununla həmin dərmanların real satış qiymətini də öyrənmiş olar. Dərmanların qiyməti ekspertizadan keçirilməlidir.

-Qiymətdən əlavə, keyfiyyət də önəm daşıyır. Çoxları keyfiyyətin qiymətə uyğun olmadığını bildirir.

-Ölkəyə gətirilən dərmanların keyfiyyəti həkimlərdən aslı deyil. Həkim diaqnozu düzgün qoymalı və ona uyğun dərman yazmalıdır. Dərmanlarda ilkin keyfiyyətinin ən azı 80 faizi olmalıdır ki, ölkəyə gətirilə bilsin. Keyfiyyətsiz dərmanı niyə ölkəmizə gətirməliyik? Təəssüf ki, Azərbaycanda apteklər keyfiyyətsiz dərmanlarla doludur. Biabırçılıq odur ki, bu keyfiyyətsiz dərmanları belə baha qiymətə satırlar.

-Azərbaycanda dərmanların 90 faizi xaricdən ixrac olunur. Yerli istehsalla bağlı hər hansı bir iş aparılmır. Proqramda buna da nəzər yetirilə bilər?

-Bəli. Özümüz istehsal etsək, bizə xeyri çox olar. Nə qədər yeni iş yerləri də açılar. Amma bu, böyük işdir, zavod elə belə zavod olmur. Elm inkişaf edir, yeni məhsul alırıq, həmin məhsullar üzrə xaricdən aslı olmuruq, milyardlarımız xaricə axmır, keyfiyyətinə də özümüz cavabdeh oluruq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.