Polkovnikdən şok iddia: “Uzun çəkməyəcək, Azərbaycan yaxında...” - NƏ BAŞ VERİR?
23-11-2022, 10:28
Hərbi ekspert, Azərbaycan ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov Teleqraf.com-a müsahibə verib.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Ermənilərin Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərindən gözləntiləri böyükdür. Erməni mətbuatı və ekspertlərinə görə, bu səfər çərçivəsində Azərbaycan əleyhinə hansısa sənəd imzalana bilər. Sizin bu haqda fikriniz necədir?
- Erməniləri anlamaq üçün dünyanın təcrübəli elm və tədqiqat mərkəzləri yenidən araşdırmaya başlamalıdırlar. Ermənilər sutkanın 24 saatında 48 dəfə rənglərini dəyişirlər. Əvvəl Rusiyadan narazılıq edirdilər, indi Putin gəlir deyə, yenidən hansısa xam xəyala dalmağa başlayıblar. Birinci dəfə deyil ki, Putin İrəvana gəlir. Düzdür, son üç ildə gəlməmişdi, amma yenə də gəlib-gedəcək, öz bildiyini edəcək.
Ermənilərin hansısa sənədin imzalanacağına olan ümidlərinə gəldikdə, indiyədək Azərbaycana qarşı o qədər sənəd qəbul olunub ki! Azərbaycan həmişə bu sənədlərə hüquqi müstəvidə cavab verib. Azərbaycanın Putinin səfərindən hansısa narahatlığı yoxdur. Ermənilər narahatdırlar, buna görə də tez-tez gah KTMT-dən çıxacaqlarını deyirlər, gah Rusiyanı “düşmən” adlandırırlar, Moskvanın Ermənistanı satdığını dilə gətirirlər və s. İndi Putinin səfərindən nə gözləyirlər-gözləsinlər. Bizim bununla bağlı narahatlığımız yoxdur və olmamalıdır. Azərbaycan öz müttəfiqləri – Türkiyə, Pakistan və İsraillə işini elə qurmalıdır ki, bundan sonra da müdafiəmizi və təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edə bilək.
Biz bilirik ki, son iki ildə Qarabağla bağlı qalan məsələlərin həll edilməməsinin əsas basirkarı Rusiya və onun regionadakı maşası və vassalı Ermənistandır. Yəni hər şey məlumdur, narahatlığa əsas yoxdur. İndiyədək bu məsələdən çəkdiyimizi-çəkmişik. Ərazilərin minalardan təmizlənməsi, fəsadların aradan qaldırılması, insanlarımızın azad edilmiş ərazilərdə təhlükəsiz şəkildə məskunlaşdırılması, quruculuq işləri – bunların hamısını biz görməliyik. İndi ermənilər sevinirlərsə, sevinsinlər, hətta imkanları varsa, xaricdəki dəstəkçilərini gətirib, bir yerdə sevinsinlər və Putini alqışlasınlar. Bunun bizə nə istisi, nə də soyuğu var.
Hansısa sənəd imzalamaq istəyirlərsə, imzasınlar. Amma onların Azərbaycana qarşı hansısa sənədi imzalamağa cəsarətləri çatmaz. İmzalasalar da, bu, ermənilərin könlünü almaq üçün imzalanmış sənəd olacaq. Ya da ola bilər ki, hansısa fikirlər səsləndirilsin, ikitərəfli müzakirələr aparılsın. Biz nə baş verdiyini görürük. Ölkə başçısı da son çıxışlarında bu məsələlərə tam aydınlıq gətirib. Buna görə də narahatlığa əsas yoxdur.
Biz sadəcə səbirsizlik göstəririk ki, bu məsələlər niyə həll olunmur, çoxdan həll edilməliydi. Putin gəlib ermənilərdən soruşmalıdır ki, niyə imzaladığınız üçtərəfli anlaşmalara hörmət etmirsiniz? Putin Paşinyana sual verməlidir ki, niyə imzaladıqlarına əməl etmirsən? Putin bunu soruşmalıdır, yerdə qalanlar sıradan məsələlərdir.
- Moskvadan təlimatla Xankəndiyə göndərilmiş Ruben Vardanyanın fəallığı da diqqət çəkir. Bu separatçı fəallıq necə nəticələnə bilər?
- Artıq Vardanyanın “fatihə”si verilib. Ayın səkkizinədək başqa cür fikirləşirdik. Çünki o, Rusiya tərəfindən bura göndərilmişdi, bəzi fəaliyyətləri icra edirdi, hətta “nazir” statusu verildi, görüşlər keçirdi, Moskvaya gedib-gəldi. Amma ayın səkkizində bununla bağlı məsələ öz həllini tapdı. Artıq bu gün həmin məsələ müzakirə mövzusu deyil. Ruben Vardanyanla bağlı Azərbaycanın siyasi rəhbərliyinin mövqeyi qətidir: bu adam Moskva tərəfindən bura göndərilib. Özü də yaxşı niyyətlə göndərilməyib, separatçılarla birlikdə rus sülhməramlılarının yerləşdikləri ərazilərdə bəzi fəaliyyətləri həyata keçirir.
İndi orada mədəni sahədə hansısa işlər görürlər. Gələcəkdə lazım olarsa, saxlanılacaq, lazım olmasa, buldozerin qabağına verilərək yerlə bir ediləcək. Əlbəttə, Azərbaycan icazə verməyəcək, onun ərazilərində onun əsəbləri ilə oynasınlar. Vardanyan məsələsi sona doğru gedir. Uzun müddət çəkməyəcək, yaxın aylarda Azərbaycan Vardanyanla bağlı qəti addımlar atacaq. Artıq sülhməramlıların da bölgədən getməsinə üç ildən də az vaxt qalır. Yəni bu məsələlərin həlli uzana bilməz. Hətta ola bilər ki, Ukraynada müharibənin davam etməsi ilə əlaqədar olaraq, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova ərazilərindəki rus hərbçiləri daha tez geri çağırılsın. Yəni biz bu məsələlərin həllini uzada bilmərik.
Artıq Ruben Vardanyan anlamalıdır ki, onun üçün Bakı ilə bir masa arxasında oturmaq yolları bağlıdır. Bunu Rusiya istəsə belə, mümkün deyil. Rusiya və Fransa çox çalışdı ki, Minsk qrupu kimi ölü bir qurumu diriltsinlər, amma Azərbaycan onları məcbur elədi ki, bu məsələnin üstünə çox da getməsinlər. Azərbaycan nə qədər sərt və qəti addımlar atsa, problemlərin həlli bir o qədər sürətlənəcək. Bu baxımdan, artıq Vardanyan sona doğru yaxınlaşır. Əvvəllər ümidi vardı ki, Moskvadan göndərilib, buna görə Azərbaycan ona dəyib-dolaşmayacaq. Amma indi görür ki, belə deyil, finişə gedir. Bu fikir ən yüksək səviyyədə səsləndirilib. Vardanyan Moskva tərəfindən Azərbaycanın başını qatmaq üçün ortaya atılmış layihə idi və bu da baş tutmadı.
Vardanyan başından yekə “Biz heç vaxt Azərbaycanın tərkibində olmayacağıq” açıqlaması ilə öz üstündən qara xətt çəkdi. Sənin bizim ərazilərimizə heç vaxt aidiyyətin olmayıb, bundan sonra da olmayacaq. Vardanyan haradan gəlibsə, ora da qayıtmalıdır, qayıtmasa, biz onu Kürdəxanıda yerləşdirəcəyik. Buna heç kimin şübhəsi olmasın.
- ABŞ da bölgədə fəallığını artırıb. Ermənilər bu aktivlikdən narazı, Azərbaycan isə razıymış kimi görünür. Bu çərçivədə ABŞ Milli Təhlükəsizlik Komitəsinin üzvü Mayk Doranın işğaldan azad edilmiş ərazilərə səfəri də nəzərdən yayınmadı. Sizin Amerikanın fəallığından gözləntiniz necədir?
- ABŞ gərək çoxdan fəallıq göstərəydi. ABŞ məsələnin həllini Fransa və Rusiyanın öhdəsinə buraxdı, ona görə də proses bu qədər uzandı. Təbii ki, Amerikanın burada müəyyən maraqları var. Amma son hadisələr göstərdi ki, Amerika məsələni nə qədər ikinci və üçüncü əllərə buraxırsa, problemlər bir o qədər uzanır. İndi amerikalı rəsmilərin azad edilmiş ərazilərimizə səfərləri və baş verənləri öz gözləri ilə görmələri yaxşı haldır. Onlar bu haqda ABŞ hökumətinə məlumat verəcəklər, Azərbaycanın xeyrinə lobbiçik edəcəklər. Amma bu işin spektri daha da genişləndirilməlidir. Nəzərə almalıyıq ki, ABŞ Konqresində Nensi Pelosi kimi ermənipərəst senatorlar var. Bu yöndə də ermənilərin önünə keçməliyik.
Azərbaycanın xaricdəki nümayəndəlikləri, diplomatik korpusları və səfirlikləri daha fəal işləməlidirlər. Xaricdən Azərbaycana hansısa basqı olanda daha aktiv fəaliyyət göstərməlidirlər. Məsələn, Fransa Senatı Azərbaycan əleyhinə o bədnam qətnaməni qəbul edəndə Senatın binası önünə cəmi 200-300 insan yığılmışdı. Halbuki bizim Fransada böyük diasporumuz var. Bu insanların yüz faizi olmasa da, heç olmasa, əlli faizi orada toplaşsaydı, senatorlar sabah onlara üz-üzə gəlmək üçün özlərində biz üz saxlayardılar. Ən azı fransız senatorlara etiraz səsimizi çatdıracaqdıq ki, yanlış yoldadırlar. Fransa da ağlını başına yığmalıdır, öz maraqlarını nəzərə almalıdır.
ABŞ-ın fəallığında gəldikdə, bu aktivlik xeyrimizə olsa, təşəkkür edəcəyik, xeyrimizə olmasa, yenə də əvvəlki kimi, hər kəs öz yoluna davam edəcək. Amma bu yaxınlarda Bakıda NATO Günləri çərçivəsində amerikalı admiralın Azərbaycan ordusunun baş qərargah rəisi ilə görüşməsi, eləcə də NATO-nun Azərbaycanla apardıqlarları danışıqlar təkcə hərbi yox, ekoloji, iqtisadi və digər məsələlərlə də bağlıdır. Bunların hamısı önəmli məsələlərdir. Buna görə də aktivliyimizi daha da artırmalıyıq.
Amerika böyük gücdür, dünyada söz sahibidir, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Ona görə də, Amerika bu məsələdə öz mövqeyini ortaya qoyaraq, haqqın tərəfində olmalıdır. Haqq da Azərbaycanın tərəfindədir. Bizim də ABŞ-dan gözləntimiz budur ki, erməni diasporu və lobbisinin sözünə baxmadan Azərbaycanın haqq işini dəstəkləsin. Bu da bizə yetər, qalan məsələləri özümüz həll edəcəyik.