Şimalla Cənub niyə birləşməyə hazır deyil? - Türkiyəni prosesdən soyudan “Rusiya sindromu”, böyük güclərin məkrli “İran həmrəyliyi”

25-11-2022, 18:37           
Şimalla Cənub niyə birləşməyə hazır deyil? -
İranda 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölümündən sonra məcburi hicab qaydasına etiraz olaraq keçirilən aksiyalar artıq siyasi tələblərlə müşayiət olunmağa başlayıb.

İran xalqı 43 illik teokratik rejimin qadağalarından cana doyaraq, təkcə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəmir. Xalq artıq bütövlükdə rejimi tarixin arxivinə gömməyə çalışır və müşahidələr göstərir ki, bunda israrlıdır. İrandakı proseslər həm də diqqəti ölkənin gələcəyinə fokuslaşdırıb. Məsələ burasındadır ki, İran çoxmillətli ölkədir və orada yaşayan Azərbaycan türkləri, bəluclar, kürdlər və ərəblər diskrimnasiyaya məruz qalır. Bu baxımdan, xalqları İslam bayrağı altında birləşdirib, idarə etməyə çalışan teokratik rejimin çöküşündən sonra ölkənin bir neçə yerə parçalana biləcəyi barədə mülahizələr irəli sürülür.

Qaynarinfo İranda gedən proseslər, hadisələrin inkişafı, ölkənin gələcək taleyi ilə bağlı qaranlıq qalan suallara aydınlıq gətirmək üçün siyasi analitik Rauf Mirqədirovla söhbətləşib.

(Müsahibənin ilk hissəsi bu LİNKdə)

- İranda baş verənlər fonunda bu "silahdan” istifadə üçün şərait yarandığını düşünmək olarmı?

- Əvvəla, İranın dağılmasında maraqlı olan xarici güclər olmalıdır. Hal-hazırda belə bir xarici gücün mövcudluğu, yəni, hadisələrin gedişini yönəldə, nəticəni müəyyənləşdirə bilən bir gücün olması məndə şübhə doğurur.

- Belə bir şübhəyə düşmək üçün hansı əsaslarınız var?

- Gəlin, regiondakı proseslərə təsir edə bilən qüvvələrə nəzər salaq. Burada əsas qüvvə təbii ki, Rusiyadır. Moskva sözsüz ki, İranın parçalanmasında maraqlı deyil. Hətta Sovet Rusiyası belə, İranın parçalanmasında maraqlı olmayıb. Əgər olsaydı, İkinci Dünya Müharibəsindən sonra yaranmış fürsətdən istifadə edərdi. Amma etmədi. Əksinə, qoşunlarını İranın işğal olunmuş ərazilərindən çıxardı, Azərbaycan inqilabının qan içində boğulmasına şərait yaratdı və SSRİ-yə yaxın Pişəvəri hökumətinin varlığına son qoyuldu.

- Maraqlıdır, İran həm də regionda Rusiyanın əsas rəqibidir...

- Bəli, regionda əsas rəqiblər əslində Rusiya və İrandır. Amma buna baxmayaraq, Rusiya İranın parçalanmasında maraqlı deyil. Çünki İranın parçalanması regionda türk etnosunun mövqelərinin güclənməsinə gətirib çıxara bilər ki, bu da Kremlin maraqlarına ziddir. Regionda geniş mənada hadisələrin gedişinə ciddi təsir göstərə bilən digər ölkə Çindir. Lakin Çin də İranın dağılmasında maraqlı deyil. Çünki özündə də oxşar problemlər var. Özü də məhz türk etnosu ilə bağlı.

- Yeri gəlmişkən, 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyənin regionda əsas oyunçulardan birinə çevrilməsi müşahidə olunur. Ankaranın prosesə yanaşması barədə fikirləriniz maraqlı olardı...

- Deyə bilmərəm ki, Türkiyə İranın parçalanmasında hansı dərəcədə maraqlıdır. Amma Türkiyə regionda fəalaşsa da, elə güc deyil ki, təkbaşına hadisələrin gedişinə təsir edə, onu yönəldə bilsin. Türkiyə yalnız ciddi müttəfqiləri olduğu halda, onlarla birlikdə prosesin tərkib hissəsi kimi iştirak edə bilər. Nəzəri olaraq İranın parçalanmasında Qərb maraqlı ola bilər. Lakin Qərbdə çox gözəl başa düşürlər ki, bu proses ağrılı olmaqla yanaşı, eyni zamanda türk etnosunun güclənməsinə və Aralıq dənizindən Sakit okeana qədər türk zolağının yaranmasına səbəb ola bilər. Belə bir zolağın yaranması çox böyük geosiyası çevrilişdir. Bu gesosiyasi çevrilişdə maraqlı olmaq üçün Qərbin çox ciddi arqumentləri olmalıdır. Təəssüf ki, bizim millətçilərimiz, Turan ideaysı ilə yaşayanlar hələ ki, Qərbin maraqlarına cavab verən elə bir layihə irəli sürməyiblər ki, onlar bu layihənin gerçəkləşməsində iştirak etsinlər. Əksinə, bu gün aparıcı türk dövləti olan Türkiyənin Qərblə münasibətlərində gərginlik göz önündədir. Turan ideyası ilə yaşayanların əksəriyyəti Qərbə meydan oxuyur. "Biz ayağa duran kimi atanıza od vuracağıq” və s. bu kimi bəyanatlarla çıxış edirlər. Ona görə də düşünmürəm ki, Qərbdə İranın parçalanmasını ciddi dəstəkləyən həlledici güclər olacaq. Əksinə, fikrimcə, Qərb hazırki şəraitdə balanslaşdırıcı qüvvə kimi İranın bütövlüyünü qoruyub saxlamağa çalışacaq.

- Sizcə, Qərb bu "balanslaşdırıcı qüvvə”dən hansı şəkildə yararlanmağı düşünür?
Ətraflı

- Təəssüf ki, bu balanslaşdırıcı qüvvə Türkiyəyə qarşı olacaq. Çünki son illərdə, daha doğrusu, Ərdoğan hakimiyyətinin ikinci mərhələsində Türkiyə iri addımlarla Qərbdən uzaqlaşmağa, onun regioanl siyasətinin gerçəkləşməsinə mane olan bir qüvvəyə çevrilməyə başlayıb. Belə olan halda istisna etmirəm ki, qərbyönlü İranı Türkiyəyə qarşı bir balanslaşdırıcı qüvvə kimi görməyə çalışacaqlar. Bu, təəsüf hissi doğursa da, gerçəklikdir. Əgər, İranda doğrudan da rejim dəyişərsə, hakimiyyətə qərbyönlü qüvvələr gələrsə, indidən ehtimal etmək olar ki, Türkiyənin vəziyyəti bir qədər mürrəkəbləşəcək. Çünki regionda Qərbin istinad edə biləcəyi ikinci bir böyük dövlət yaranacaq. İranda İslam inqilabına qədər belə vəziyyət mövcud idi. İslam inqilabından əvvəl Qərb regionda yalnız Türkiyəyə deyil, həm də İrana istinad edirdi. Əslində İran sosial-iqtisadi və texnoloji baxımdan regionun ən çiçəklənən dövlətlərindən biri idi. Məhz, İslam inqilabı Türkiyə üçün önə çıxmaq imkanı yaratdı. Bu hadisə Türkiyənin istiqsadi inkişafına, sənayesinin inkişafına təkan verdi. İrandakı şirkətlərin çoxu Türkiyəyə köçdü. Əgər siz şah hakimiyyəti dövründəki İranla Türkiyəni müqayisə etsəniz, o zaman görərsiniz ki, həmin illərdə İranın xarici ticarət dövriyyəsi Türkiyədəkindən dəfələrlə çox olub. İndi isə tamamilə əksinədir. İranda rejim dəyişərsə, Qərb özünün regional siyasətini, o cümlədən iqtisadi siyasətini rektifikasiya edəcək və bu, Türkiyə üçün ciddi problemlər yarada bilər.

- Böyük güclər İranın parçalanmasında maraqlı deyilsə, deməli, bütöv Azərbaycan ideyasına da isti yanaşmırlar. Belə olan halda Azərbaycan necə davranmalıdır? Böyük güclərin mövqeyinə rəğmən Cənubi Azərbaycan məsələsini qabartmalıdır, yoxsa əksinə, bu mövzunu gündəmdən çıxarmalıdır?

- Maraqlı sualdır və bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Əvvəla, düşünürəm ki, Cənubi Azərbaycan məsələsi Azərbaycanın gündəmində həmişə olmalıdır. Məhz, indiki vəziyyətdə yəni, situativ olaraq həmin məsləni qaldırmalıyıq. Fikrimcə, bu məsələ əsasən ictimai səviyyədə qaldırılmalı və bütövlükdə cəmiyyətin maraq dairəsində olmalıdır. Amma dövlət səviyyəsində bu məsələnin qabardılması sözsüz ki, çox ciddi problemlər yarada bilər. Bu məsələni dövlət səviyyəsində yalnız o vaxt qaldırmaq olar ki, həlli real olsun. Real olmadığı təqdirdə Cənubi Azərbaycan məsələsinin qaldırılması Azərbaycan üçün çox ciddi problemlər yarada, ölkəni həddindən artıq böyük təzyiqlər altında qoya bilər. Amma ictimai, qeyri-hökumət təşkilatları səviyyəsində bu məsələ aktuallığını saxlamalı və həmişə gündəmdə olmalıdır. Təəssüf ki, bu illər ərzində Azərbaycanda Cənubi Azərbaycan məsələsi ilə məşğul ola biləcək güclü bir ictimai hərəkat, beyin mərkəzi yaranmayıb. Əgər bu məsələ ilə professional şəkildə məşğul olan ictimai təşkilat, yaxud hər hansı hərəkat olsaydı, bu gün biz Azərbaycanda İranpərəst qüvvələrin təsir dairəsinin kifayət qədər məhdudlaşdığını görə bilərdik.

- Dediniz ki, Türkiyə təkbaşına İrandakı hadisələrin gedişinə təsir göstərə, nəticəni müəyyənləşdirə bilməz. Bu həm də Türkiyənin Cənubi Azərbaycan məsələsində əhəmiyyətli rol oynaya bilməyəcəyi anlamına gəlir. Fikrinizi Türkiyənin digər oyunçularla müqayisədə böyük güc olmadığı ilə izah etdiniz. Səbəb yalnız budur, yoxsa başqa səbəblər də var?

- Təbii ki, səbəb tək bu deyil. Hesab edirəm ki, Türkiyənin xarici siyasəti daha balanslaşdırılmış və daha konstruktiv olsaydı, Ankara bu məsələdə çox ciddi rol oynaya bilərdi. Əslində, Ankaranın həddindən artıq qeyri-konsktruktiv xarici siyasəti ilk növbədə Qərbdəki müttəfqilərinə qarşı aqressiv siyasətdir və bu onun İranla, Cənubi Azərbaycan məsələsi ilə bağlı prosesdə ciddi rol oynamasının qarşısını alır. Təsəvvür edirsiniz, son günlərdə Ərdoğanın Rusiya ilə bağlı belə bir bəyanatı var ki, guya Qərb bütün istiqamətlərdə aqressivcəsinə Moskvanı sıxışdırmağa çalışır. Bu çox əcaib bəyanatdır. Sanki Rusiya Ukraynaya təcüvz etməyib, onun şəhərlərini viran qoymayıb, əksinə, Qərb və Ukrayna Rusiyaya hücum edib. Yəni, Türkiyə ritorik səviyyədə və bir sıra addımlarla son illərdə Qərbdəki müttəfqilərinə yalnız və yalnız özünün o qədər də etibarlı müttəfiq olmadığını nümayiş etdirib. Belə bir halda, Türkiyənin bu prosesdə ciddi bir rol oynaya biləcəyi o qədər də real deyil. Məsələnin başqa tərəfləri də mövcududr. SSRİ dağılanda Türkiyə türk dünyasında aparıcı rol oynamağa hazır deyildi və indi də hazır deyil. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Türkiyə doğrudan da Cənubi Qafqaz da daxil olmaqla postsovet türk dünyasını Rusiyanın maraq dairəsi hesab edirdi və ona görə də bu regionlarda həddindən artıq faəl siyasət yeritməkdən çəkiinirdi. Hələ mən 90-cı illərdən danışıram. Həmin illərdə Rusiyanın dünyada gedən prtoseslərə təsir imkanları çox zəif idi. Buna baxmayaraq, Türkiyə o dövrdə belə, nəinki bütövlükdə türk dünyasında, hətta Azərbaycanda mövqelərini möhkəmlədirmək imkanını əldən buraxdı.

- Ümumiyyətlə, Ankara Cənub və Şimalın birləşməsində maraqlıdırmı? Çünki bəzi iddialara görə, Ankara Türk dünyasındakı liderliyini əldən vermək istəmir.

- Düşünmürəm ki, Türkiyədə ciddi analitiklər, şimalla cənubun birləşdiyi halda bunun Türkiyənin aparıcı roluna ciddi bir təhlükə doğuracağı qənaətindədirlər. Çünki bu təqdirdə belə, Türkiyə ən böyük türk dövləti olaraq qalacaq. Ən azı güclü orduya malik olan türk dövləti kimi liderliyini qoruyacaq. Eyni zamanda, türk dövlətləri arasında beynəlxalq aləmə inteqrasiya səviyyəsinə görə ən qabaqcıl dövlət olaraq qalacaq. Yəni, hələ uzun müddət türk dövlətlərinin Türkiyə ilə rəqabət aparmaq imkanları olmayacaq. Amma problemin bir tərəfi də ondan ibarətdir ki, türk millətçiləri belə, Rusiya ilə birbaşa toqquşmanı məqbul saymırlar. Onlar hesab edirlər ki, Türkiyənin regionda fəallaşması, tutaq ki, hərbi bazalarının yaradılması Ankara ilə Moskva arasında qarşıdurmaya gətirib çıxara bilər. Bu qarşıdurma nəinki Türkiyə, eyni zamanda region ölkələri üçün həddindən artıq ağır nəticələrə səbəb ola bilər. Əslində, bu da o qədər səmimi mövqe deyil. Bir sıra hallarda bu, Türkiyənin NATO-ya üzv olması ilə əlaqələndirilir. Yəni, guya ki, hərbi bazaların yaradılmasına mane olan əsas səbəb bundan ibarətdir. Bu həqiqətə uyğun deyil. Çünki NATO üzvlüyü Türkiyənin hər hansı bir dövlətlə ikitərəfli hərbi müqavilə imzalamasını, hər hansı bir dövlətin ərazisində öz hərbi bazalarını yaratmağı qadağan etmir. NATO dövlətləri var ki, müxtəlif hərbi bloklarda iştirak edirlər. NATO konkret olaraq Türkiyənin Azərbaycan qarşısında götürdüyü öhdəliklərə görə heç bir məsuliyyət daşımır.

- Bəs əsl səbəb nədir?

- Türkiyə siyasi elitası iki obyektiv səbəbə görə Rusiya ilə münasibətlərin kəskinlşməsinə etiraz edir. Özü də sağlı, sollu, fərqli yoxdur. Birincisi, Türkiyə son 200 ildə Krım mühairbəsi istisna olmaqla Rusiya ilə bütün müharibələri uduzub. Beləliklə, Türkiyədə "Rusiya sindromu” yaranıb. Bu aydın şəkildə sezilir. Türkiyənin Rusiya üzərində yeganə qələbəsi Krım müharibəsində olub. Bu qələbəni təmin olunmasında da həmin vaxt Türkiyənin müttəfiqləri olan İngiltərə və Fransa rol oynayıb. Hətta Rusiyanın İstanbulu işğal etməsinin qarşısını da Ankaranın müttəfiqləri alıb. Onların kəskin reaksiyasından sonra Rusiya ordusu İstanbula yürüş etməkdən çəkinib. Yəni, Türkiyədə bir Rusiya qorxusu var. Amma təbii ki, Türkiyə siyasi elitası bunu etiraf etməyəcək. İkincisi, bilirsiniz ki, Rusiya və Osmanlı imperiyalarının qismən dağılması Birinci Dünya Müharibəsinin nəticələri ilə bağlıdır. Bu nəticələr Türkiyə ictimai fikrində anti-Qərb mövqelərin güclənməsinə gətirib çıxardı. Qəribədir ki, ənənəvi materik imperiyası olan Türkiyə və Rusiya rəsmi təbliğatda anti-imperialist ritorikadan istifadə edirlər və Türkiyə elitasının doğrudan da böyük bir hissəsi bu istiqamətdə Rusiyanı müttəfiq kimi görür. Yanlış mövqedir, lakin gerçəklikdir. Başqa bir ciddi faktor isə iqtisadi əlaqələrdir. İqtisadi əlaqələr adətən obyektiv faktor olur, amma indiki şəraitdə subyektivdir. Türkiyənin hakim siyasi elitasının – mən indki komandanı nəzərdə tuturam - Rusiya ilə ciddi əlaqələri var. Bütün bunlar təəssüf ki, Türkiyənin region siyasətinə təsir edir.

- Birləşmə prosesi əlbəttə ki, o qədər asan deyil. Məsələnin siyasi tərəfini, böyük güclərin, Ankaranın, Bakının mövqeyini bir kənara qoyaq. Toplum olaraq, Şimal ilə Cənub birləşməyə hazırdırmı?

- Nə qədər ki, Şimal ilə Cənub ayrıdır - söhbət təkcə ortada tikanlı məftillərin yaratdığı ayrılıqdan getmir - onlar birləşməyə heç vaxt hazır olmayacaqlar. Birləşmək məsələsi o qədər də asan deyil. Birləşib bir millət, eyni sosial-iqtisadi, mənəvi dəyərlərin daşıyıcısı olmaq o qədər də asan proses deyil. Almaniyanın birləşməsini xatırlatmaq istəyirəm. O proses hələ də başa çatmayıb. Biz isə 200 ildən artıqdır ki, bir yerdə deyilik. Həmin müddət ərzində fərqli dövlətlərin tərkibində olmuşuq. Bu halda birləşmə prosesinin nə qədər çəkəcəyini təxmin etmək olar. Yəni, tam birləşmədən, eyniləşməkdən söhbət gedir və bunun üçün uzun müddət lazım olacaq. Almanlar 45 il ayrı yaşamışdılar, amma hələ də birləşmə prosesini başa çatdıra bilməyiblər. Birləşmək üçün proses başlamalıdır. Mən siyasi, hüquqi birləşmənin başlanmasını nəzərdə tutmuram. Yuxarıda qeyd etdiyim kimi buna qədər Cənubi Azərbaycan məsələsi ilə fundamental şəkildə məşğul olacaq təsisatlara ehtiyac var. Ümumi dəyərlər sistemi formalaşdırılmalı, müəyyən əlaqələr yaradılmalıdır. Bu prorsesi başlamaq lazımdır.

Vidadi Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.